Məhkəmə qərarları › İş №3(001)-76/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-76/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-76/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin (bundan sonra BDYPİ) 28 oktyabr 2024-cü il tarixli, EQ 24386818 saylı “inzibati xəta haqqında protokol” əsasında qəbul edilmiş qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: 28 oktyabr 2024-cü il tarixdə BDYPİ tərəfindən X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 oktyabr 2024-cü il tarixli, EQ 34286818 saylı protokol tərtib edilmişdir. X2 şikayətlə məhkəməyə müraciət edərək, həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, onun idarə etdiyi nəqliyyat vasitəsində artıq yük ola bilməzdi, çünki nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində də qeyd olunmuşdur ki, idarə etdiyi nəqliyyat vasitəsinin yük ilə birlikdə kütləsi 39000 kq-dan artıq deyil. Yəni, avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyil. Nəzərə alınmalıdır ki, idarə etdiyi nəqliyyat vasitəsi ikioxlu dartıcı üçoxlu yarımqoşqudur. Eyni zamanda, BDYPİ və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında razılaşdırılmış sənədə (Təhlükəli yükün daşınma marşrutu) əsasən idarə etdiyi nəqliyyat vasitəsilə 30000 kq. yükün daşınmasına icazə verilmişdir. Həmçinin daşıdığı yüklər 3-cü sinif tezalışan maye olduğundan, doldurma dərəcəsi 97 faiz olmalıdır, çənin 3 faizi təhlükəsizlik məqsədilə boş buraxılmalıdır. Şikayətə baxılması ilə əlaqədar tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq bildiriş göndərilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə şikayətlə bağlı İXM-nin aşağıda sadalanan müddəalarını qeyd edir: 353.2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 127-1.1. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə inteqrasiya edilməlidir. 127-1.2. İnzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. 127-1.3. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə şikayətdə göstərilənləri nəzərdən keçirərək və qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutaraq, belə hesab edir ki, şikayət qismən təmin olunmalı və protokol üzrə əlavə araşdırma aparılması üçün məhkəmənin bu qərarı aidiyyəti quruma göndərilməlidir. Belə ki, şəxsin İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin aşkar edilməsi üçün inzibati xətanın xüsusi texniki vasitə olan tərəzilərin göstəricililəri ən əsas amildir. Texniki vasitələrin göstəriciləri həm də inzibati xəta haqqında protokolda öz əksini tapmalıdır. Hazırki halda qərarından şikayət verilmiş qurumun səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədiyindən və inzibati xəta haqqında protokolun əsaslılığına dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi yenidən araşdırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutmaqla, Q Ə R A R A A L D İ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 28 oktyabr 2024-cü il tarixli, EQ 24386818 saylı “inzibati xəta haqqında protokol” əsasında qəbul edilmiş qərarından şikayəti qismən təmin edilsin. Onun barəsində tərtib edilmiş 28 oktyabr 2024-cü il tarixli, EQ 24386818 saylı “inzibati xəta haqqında protokol” əsasında qəbul edilmiş qərar ləğv edilsin, həmin protokola Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsində yenidən baxılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar