Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-760/2022 03.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş 03.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru, polis kapitanı X7 izahat verərək bildirmişdir ki, 23.02.2022-ci il tarixdə X1 rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 98 ünvanında yerləşən müdir olaraq işlədiyi “AL Market”-dən üzdən tanıdığı marketə müştəri olaraq gələn Rza adlı şəxs tərəfindən ümumi dəyəri 140 (yüz qırx) manat olan 7 ədəd “Ankor” kərə yağlarının oğurlaması ilə bağlı Binəqədi RPİ-nin 6-cı PB-nə müraciət etmişdir. Həmin müraciət əsasında araşdırılma aparılaraq Binəqədi RPİ-nin 6-cı PB-də toplanmış material üzrə “AL Market”-in mağaza müdiri X4 dəymiş ziyan 140 (yüz qırx) manat olduğu müəyyən edildiyi üçün 01.03.2022-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. 02.03.2022-ci il tarixdə, səhər saatlarında xidmətdə olan polis əməkdaşları Şəxs yaşadığı evin yaxınlığında sonuncuya yaxınlaşaraq özlərini təqdim etdikdən sonra “AL Market”-dən oğurluq etməsi ilə bağlı barəsində şikayət olduğunu bildirərək Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Bölmədə Şəxs izahatı alınmış, izahatı alınan zaman ünvan 2 ünvanında yerləşən “AL Market”-dən “Ankor” kərə yağlarını oğurladığını etiraf etmişdir. Bu səbəblə Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və tərəfindən sonuncu barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, maddi ehtiyacı olduğu üçün 16.02.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “AL Market”-dən kərə yağlarını götürərək oğurlamışdır. Həmin yağları evdə öz şəxsi istifadəsi üçün istifadə etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, maddi imkanı pis olduğu üçün zərərçəkmiş şəxsə dəymiş ziyan onun tərəfindən ödənilməmiş və zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, eləcə də hazırda da heç bir məbləğdə pul ödəmək imkanı yoxdur. Törətdiyi inzibati xətadan peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “AL Market”-in mağaza müdiri X6 izahat verərək bildirmişdir ki, 23.02.2022-ci il tarixdə, ünvan 2 ünvanında yerləşən müdir olaraq işlədiyi “AL Market”-də “Ankor” kərə yağlarında çatışmamazlıq olduğunu aşkar etmiş, müşahidə kameralarına baxan zaman 16.02.2022-ci il tarixdə marketə müştəri qismində daxil olan üzdən tanıdığı Rza adlı şəxsin 7 ədəd “Ankor” kərə yağlarını oğurladığını aşkar etmişdir. Ona görə də, bu barədə Binəqədi RPİ-nin 6-cı PB-nə müraciət etmişdir. Hazırda müdir olaraq işlədiyi “AL Market”-dən “Ankor” kərə yağları oğurlamış şəxs Şəxs şikayətçidir. Məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 01.03.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Binəqədi RPİ-nin 6-cı PB-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, araşdırma zamanı ünvan 2 ünvanında yerləşən “AL Market”-dən “Ankor” kərə yağlarının oğurlanması nəticəsində sonuncuya 140 manat məbləğində maddi ziyan dəymişdir. 02.03.2022-ci il tarixli, AZA 009541 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02.03.2022-ci il tarixdə, saat 11:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 03.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “AL Market”-dən əmlakı talayaraq 140 manat məbləğində maddi ziyan vuraraq İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 mart 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-760/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-760/2022
03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver