Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-760/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Verdiyev Elcan Elşad oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, fərdi əməklə məşğul olan, İsmayıllı rayonu, İsmayıllı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evi ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 bildirmişdir ki, Şəxs 04 fevral 2025-ci il tarixdə polisin qanuni tələbinə tabe olmaması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən bölməyə raport təqdim edilmişdir. Raportda göstərilmişdir ki, Şəxs idarə etdiyi avtomobillə qayda pozması səbəbindən avtomobilin cərimə meydançasına aparılması tələb edilmiş, lakin sürücü bundan imtina edərək polisin qanuni tələbinə tabe olmamışdır. Şəxs avtomobili yolun hərəkət hissəsində saxlayaraq avtyomobili cərimə meydançasına aparmaqdan imtina etməklə polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən dəstək qüvvə çağırılaraq Abuzərov X2 rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmişdir. Bölmədə Şəxs izahatı alındıqdan sonra sonuncu barəsində tərəfindən İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, 04 fevral 2025-ci il tarixdə idarə etdiyi avtomobillə Binəqədi rayonu DSK yolu ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış və qayda pozuntusu səbəbindən idarə etdiyi yük avtomobilinin cərimə meydançasına yerləşdirilməli olması bildirilmişdir. O da etiraz etməyərək patrul avtomobilinin arxası ilə öz avtomobilini idarə etmişdir. Bir müddət sonra idarə etdiyi yük avtomobilinin əyləc sistemində nasazlıq yarandırığından polis avtomobili saxlamaq məcburiyyətində qalmış və bu barədə polis əməkdaşına işarə vermişdir. Polis əməkdaşı ona yaxınlaşıb avtomobili idarə etməsini və cərimə meydançasına yerləşdirməsini tələb etmişdir. O isə avtomobilin şirkətə məxsus olmasını, onun əyləc sistemi xarab olduğundan idarə etməyini daha böyük nasazlıq yaradacağını bildirmişdir. Lakin polis əməkdaşı ona inanmamış və sərt şəkildə avtomobili idarə etməsini bildirmişdir. Bu səfər o, avtomobili belə idarə etməyin təhlükəli olduğunu və əgər avtomobil cərimə meydançasına aparılmalıdırsa özünün aparmasını demişdir. DYP əməkdaşı onun bu sözünə əsəbiləşmiş və dəstək çağırmışdır. Polis əməkdaşına qarşı heç bir tabesizlik, kobudluq etməmiş və patrul avtomobilinə özü əyləşib bölməyə getmişdir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
4. xx.xx.2025-ci il tarixli, AZA 022344 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2025-ci il tarixdə saat 18:36-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
5. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Baş Dövlət Yol Polisi İdarəsi yaxınlığında polisin qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
6. Məhkəmə, proses iştirakçılarını dinləyib dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədiqi edərək hesab edir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
7. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
8. Göründüyü kimi qanunverici tərəfindən qeyd olunan normada polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmaması həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır.
9. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun 04 fevral 2025-ci il tarixdə polisin qanuni tələbinə tabe olmaması məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Çünki Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs 04 fevral 2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi Baş Dövlət Yol Polisi İdarəsi yaxınlığında Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının qanuni tələbinə tabe olmaması göstərilsə də, həmin halın baş verməsi məhkəmədə sübuta yetirilə bilmir.
10. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs polisin qanuni tələbinə tabe olmamasına dair məhkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil təqdim edilməmişdir. Bunun əksinə məhkəmə iclasında şəxs polisin tələbinə tabe olduğunu, ona qarşı kobud davranılqığını, polisə kobud cavab vermədiyini, polisin idarə edilməsi təhlükə olan avtomobili təkidlə idarə etməsini bildirməsini və bu səbəbdən polisə sadəcə etirazını bildirdiyini göstərmişdir.
11. Məhkəmə qeyd etmək istəyir ki, İXM-in 96.1.5-ci maddəsinə görə nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılırlar. Məhkəmə zamanı müəyyən edilmişdir ki, qeyd edilən normanın tələbinin barəsində protokol tərtib edilən şəxs tərəfindən təmin edilməsi üçün YPX əməkdaşı tərəfindən zəruri şərait və imkan yaradılmamışdır.
12. Bundan başqa məhkəmə qeyd etmək istəyir ki, YPX əməkdaşı öz hərəkətlərini “Yol-patrul xidməti haqqında təlimat” a əsasən qurmalıdır ki, həmin təlimatın 13-cü bəndinə əsasən YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanmalıdır. Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olması xeyirxahlıqla, inandırıcı şəkildə və aydın izah edilməlidir. Məhkəmə bununla da müəyyən edir ki, YPX əməkdaşı təlimat üzrə nəinki öhdəliklərini pozmuş, həm də vətəndaşın qanunla müdafiə olunan hüquqlarını da təmin edə bilməmişdir.
13. İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.
14. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.
15. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.
16. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
17. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
18. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
19. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
20. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
21. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
22. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilməlidir.
23. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova