Məhkəmə qərarları › İş №3(001)-7646/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7646/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7646/2025 30.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Bəbirov Qədir Nadir oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-193598, 13/1-M-73765/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1- 193598, 13/1-M-73765/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 04 mart 2025-ci il tarixdə saat 20:45-də “Asanpay” sistemindən telefonuna cərimə ilə əlaqədar “sms” daxil olmuşdur. Qeydiyyatda olduğu elektron kabinetə baxdıqda Bakı şəhəri, Zorge küçəsində “X10” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən İXM-nin 346.4-cü maddəsi ilə inzibati xəta törədilməsi və həmin maddə ilə 2 bal 80 manat cərimə barədə məlumat yerləşdirilmişdir. Həmin avtomobilin idarə edilməsi üçün mülkiyyətçi tərəfindən bir neçə şəxsə etibarnamə verilsə də, son etibarnamə onun adına rəsmiləşdirildiyindən cərimə ona aid edilmişdir. Lakin, həmin vaxt avtomobil onun tǝrǝfindən idarə edilməmişdir. İnzibati xəta qeydə alınan vaxt avtomobili digər hüququ olan şəxslərdən biri idarə etmişdir. Ona görə də, 04 mart 2025-ci il tarixdə “X10” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmədiyindən xətanı da o etməmişdir. Lakin, BDYPİ tərəfindən barəsində əsassız və qanunsuz elektron cərimə qərarı çıxarılmışdır. Avtomobili kimin idarə edilməsi ilə bağlı sübut etmə vəzifəsi isə dövlət qurumunun üzərinə düşür. Bundan başqa müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilərkən BDYPİ tərəfindən inzibati xətalar qanunvericiliyinin tələblərinin pozulduğu da aşkar edilmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarda inzibati xətanın aşkar olunmasında istifadə olunan və qanunla tələb olunan xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, yoxlamasından keçdiyi vaxt barədə məlumatlar göstərilməmişdir. Göründüyü kimi BDYPİ-nin elektron qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən qəbul edilmişdir. BDYPİ tərəfindən 04 mart 2025-ci il tarixli, EQ 26421343 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə iddia edilən xətanı törətmiş şəxs düzgün müəyyən edilməmişdir. Yəni, inzibati xətanın məhz onun tərəfindən edilməsi sübut olunmur. BDYPİ-nin İXM-nin 346.4-cü maddəsi ilə barəsində çıxardığı 04 mart 2025-ci il tarixli, EQ 26421343 saylı elektron qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi ilə bağlı tərəfindən şikayətlə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1485 saylı, 19 mart 2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək BDYPİ-nin İXM-nin 346.4-cü maddəsi ilə barəsində çıxardığı 04 mart 2025-ci il tarixli, EQ 26421343 saylı elektron qərarı ləğv edilərək inzibati iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. BDYPİ-nin 14 may 2025-ci il tarixli, 16/1-79090, 13/1-M-1626/2 saylı qərarı ilə barəsində yenidən İXM-nin 346.4-cü maddəsi ilə cərimə qərarı çıxarılmışdır. Həmin qərarı əldə edib onun sübutsuz və qanunsuz olduğundan yenidən şikayətlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-5140/2025 saylı, 04 avqust 2025-ci il tarixli qərarı ilə BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 16/1-79090, 13/1-M-1626/2 saylı qərarı növbəti dəfə ləğv edilərək inzibati iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Lakin BDYPİ-nin vəzifəli şəxsi hər hansı sübut olmadan xeyli müddət sonra 3-cü dəfə barəsində əsassız və qanunsuz 03 oktyabr 2025-ci il tarixli, 16/1-193598, 13/1-M-73765/2 saylı qərar qəbul etməklə həm məhkəmə qərarında qeyd edilən tələblərə əməl etməmiş, eyni zamanda 10 ay ərzində üçüncü dəfə qanunsuz cərimə qərarı verməklə vətəndaşı süründürərək növbəti dəfə məhkəməyə üz tutmağa vadar etmişdir. Məhkəmənin sonuncu qərarı ilə araşdırmanın nəticəsi barədə məlumat verilməsi üçün BDYPİ-nə və DİN-ə çoxsaylı rəsmi müraciətlərindən sonra 20 oktyabr 2025-ci il tarixdə Elektron ünvan elektron poçtunun “spam” bölməsinə BDYPİ-nin 3-cü qanunsuz, sübutsuz və əsassız qərarı daxil olmuşdur. Hesab edir ki, İXM-nin 346.4-cü maddəsi ilə tərəfindən xəta törədilmədiyindən və BDYPİ tərəfindən bu barədə hər hansı sübutun təqdim edilməsi üçün məhkəmə qərarı ilə 3-cü dəfə şərait yaradılsa da, bu mümkün olmadığından xx.xx.2025-ci il tarixli, 16/1-193598, 13/1-M-73765/2 nömrəli qanunsuz və əsassız qərarı ləğv edilməli və barəsində olan işin icraatına nəhayət ki xitam verilməlidir. Odur ki, məhkəmədən xx.xx.2025-ci il tarixli, 16/1-193598, 13/1-M-73765/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında X6 barəsində tərtib edilmiş inzibati tənbeh haqqında qərardan verdiyi şikayətin məzmununa uyğun çıxış edərək göstərmişdir ki, sözügedən inzibati tənbeh vermə haqqında qərardan artıq üçüncü dəfədir ki, məhkəməyə şikayət ərizəsi verir. Bundan əvvəl qəbul edilmiş məhkəmə qərarlarında göstərilən xüsusatlar araşdırılmamış, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yenidən heç bir araşdırılma aparılmadan eyni məzmunlu inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Həmin vaxt həmin avtomobili o idarə etməmişdir. Lakin, İXM-nin 346.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar heç bir əsas olmadan onun barəsində qəbul edilmişdir. Məhkəmə tərəfindən iki dəfə sözügedən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət qismən təmin olunub, yenidən araşdırılması üçün göndərilməsinə baxmayaraq heç bir araşdırma aparılmadığından hesab edir ki, sözüegedən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edilməli, onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1485/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 26421343 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, işə yenidən baxılması üçün qərar Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-5140/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixli, 16/1-79090, 13/1-M-1626/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş, işə yenidən baxılması üçün qərar Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir xx.xx.2025-ci il tarixli, 16/1-193598, 13/1-M-73765/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X6 barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. DİN-nin DYP Web Portalından olan çıxarışdan görünür ki, “X10” markalı, **-LA-*** nömrəli nəqliyyat vasitəsini idarə etmək üçün avtomobilin mülkiyyətçisi X7 tərəfindən X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək, X4 17 iyul 2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək, X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, Mirzoev Rustama xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamələr verilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X6 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-193598, 13/1-M-73765/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. xx.xx.2025-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.7-ci maddəsinə əsasən Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X6 İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinmiş, həmin inzibati xəta isə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İXM-nin 122.1-ci maddəsində həmin Məcəllənin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi hallarda tənbeh vermə haqqında elektron qərarın çıxarılması və müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməsi, təsdiqlənmiş həmin qərarın real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göstərilmişdir. Şikayətçi tərəfindən inzibati xətanın törədilib-törədilməməsi mübahisələndirilməmiş, sadəcə nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilmədiyi, mülkiyyətçi tərəfindən sonuncu etibarnamə ona verildiyi üçün inzibati tənbeh vermə haqqında qərarın onun barəsində qəbul edilməsi bildirilmişdir. Hazırki iş üzrə inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi üçün İXM-nin 122.2-ci maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında elektron qərar sonuncu dəfə nəqliyyat vasitəsinin etibar edildiyi şəxs X6 barəsində çıxarılmışdır. Sözügedən inzibati tənbeh vermə haqqında elektron qərar məhkəmənin qərarı ilə ləğv edildikdən sonra yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmiş, lakin təkrarən Nurlan Maqsudov təqsirli bilinərək inzibati cərimə edilmişdir. Baş Dövlət Yol Polisi İdarəsi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(001)-1485/2025 saylı və xx.xx.2025-ci il tarixli 3(001)- 5140/2025 saylı qərarlarında göstərilənləri icra etmədən, xx.xx.2025-ci il tarixli 16/1- 193598,13/1-M-73765/2 saylı qərarında sadəcə inzibati xəta haqqında işə yenidən baxılarkən yol hərəkəti qayda pozuntusunun tam olaraq sübuta yetirildiyi və BDYPİnin mərkəzi informasiya sistemində nəqliyyat vasitəsinin həmin dövrdə vətəndaş N.Maqsudovun istifadəsində olması müəyyən edildiyini qeyd edərək, İXM-nin 346.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X6 barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmiş, X2 iştirakını araşdırmada təmin etməmiş, inzibati xətanın törədilməsi zamanı həmin nəqliyyat vasitəsinin məhz onun tərəfindən idarə edilib-edilməməsini araşdırmamış, bununla bağlı hər hansı subutu isə məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-193598, 13/1-M-73765/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, 04 mart 2025-ci il tarixdə "X10” markalı, **-LA-*** nömrəli nəqliyyat vasitəsinin kimin istifadəsində olması və kim tərəfindən tərəfindən idarə edilməsi, yəni inzibati xətanın kim tərəfindən törədilməsi müəyyən edilməli, şikayətçinin iştirakı təmin edilməklə onun göstərdiyi dəlillər ətraflı yoxlanılmalı və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; İXM-nin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; İXM-nin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 barəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-193598, 13/1-M- 73765/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-193598, 13/1-M-73765/2 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və şikayətçinin iştirakı təmin edilərək işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar