Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-768/2022 04.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan,xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsi tərəfindən İXM-in 535.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X5 izahat verərək bildirmişdir ki, 04.03.2022-ci il tarixdə, saat 10:15 radələrində yol patrul xidməti əməkdaşları efir vasitəsi ilə onların qanuni tələblərinə tabe olmayan bir nəfər vətəndaşın olduğunu bildirmişdir. 04.03.2022-ci il tarixdə Binəqədi şossesində ** YP *** nömrəli avtopatrulda xidmətdə olan yol patrul xidməti əməkdaşları tərəfindən tərtib edilmiş raport əsasında Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati ərazisində xidmət aparan polis əməkdaşları hadisə yerinə gələrək Şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Bölmədə onun xx.xx.1998-ci təvəllüdlü Şəxs olduğu müəyyən edilərək izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 04.03.2022-ci il tarixdə, “Saipa” markalı ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Binəqədi şossesində yolun əks istiqamətinə çıxaraq qayda pozuntusu törətmişdir. Bu zaman yol patrul xidmət əməkdaşları onu saxlamışlar. Özünə hakim ola bilməyib yol polisinə tabesizlik göstərərək onları nalayiq ifadələrlə söyərək təhqir etmişdir. O avtomobilinə oturub oradan çıxıb getmək istəmiş, lakin polis əməkdaşları etdiyi əməlinə görə onu 4-cü Polis Şöbəsinə gətirmişlər. Onun izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, etdiyi əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsindən olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X8 bildirmişdir ki, o, 04.03.2022-ci il tarixdə, 10:15-də Binəqədi şossesində ** YP *** nömrəli avtopatrulda xidmətdə olan zaman kənd Binəqədi istiqamətindən “Saipa” markalı avtomobil qarşı nəqliyyatın yolu ilə hərəkət edərək digər nəqliyyat vasitələrinə təhlükə yaratdığı üçün tərəfindən saxlanılmışdır. Sürücüyə törətdiyi xətanı izah edərkən yüksək səs tonları ilə xidmətdə olan yol patrul əməkdaşlarına, ona və X3 nalayiq ifadələr səsləndirərək söyüşlər söyüb, təhqir edib, tabesizlik göstərərək maşına minib qaçmaq istəyərək əl-qol hərəkətləri ilə tabe olmamağa cəhd etmişdir. Onlar efir vasitəsi ilə idarəyə məlumat verərək post patrul əməkdaşlarını dəvət etmişdilər. Sürücü Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 Vüqar Bakir oğlunun izahatına uyğun məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 04.03.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nalayiq və təhqiramiz ifadələr işlətmişdir. Şəxs barəsində tərtib edilmiş 04.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs oğlu əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 535-ci maddəsinə əsasən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 mart 2022-ci il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxs göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-768/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-768/2022
04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver