Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-768/2025 24.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X6, “Kamandar Nəsibov və Partnyorları Vəkil Bürosunun” vəkili Nümayəndə iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Binəqədi rayon Prokurorluğundan daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X10 tərəfindən 01 fevral 2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında müdafiəçi Nümayəndə təqdim etdiyi yazılı etirazın məzmununa uyğun çıxış edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və ümumiyyətlə inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin Şəxs ittiham olunduğu 198.3-cü maddəsinə əsasən həmin əməlin obyektiv cəhətini texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulması təşkil edir. “Əməyin mühafizəsi üzrə ilkin, təkar (cari), növbədənkənar və birdəfəlik təlimat” jurnalından çıxarışdan görünür ki, işçi X4 qutu sexində fəhlə qismində xx.xx.2024-cü ildən başlayaraq əməyin mühafizəsi və texniki təhlükəsizlik istiqamətində Şəxs tərəfindən cari təlimatlandırılmışdır. Bununla da, Şəxs "xxxx" MMC-nin texniki təhlükəsizlik üzrə icraçı direktoru kimi əməyin mühafizəsi və texniki təhlükəsizlik istiqamətində öz funksiyalarını və əmək qanunvericiliyindən irəli gələn vəzifələrini icra etmişdir. X18 xəsarəti öz səhlankarlığından aldığını bildirmişdir və bu barədə ərizələr yazmışdır. X3 əsaslarla, azad iradəsi əsasında özünün yazdığı ərizədə hadisənin məhz öz səhlənkarlığı nəticəsində baş verdiyini səmimi etiraf etmişdir. Əmək müqavləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X18 əsas iş yeri üzrə müəssisədə fəhlə işləmişdir. Beləliklə gördüyü iş bilavasitə əmək funksiyalarının tərkib hissəsi olmuşdur. Şəxsin təqsirinin müəyyən olunması üçün məhkəmə təhlükəsizlik ekspertizasının 24 yanvar 2025-ci il tarixli 10/9869 saylı rəyinin müddəaları rəhbər tutulmuşdur ki, bu da işin halları və təqdim ounan sübutlarla təkzib olunur. Belə ki, rəyə əsasən ekspert qənaətə gəlmişdir ki, “Xəsarət almış X12 fəhlə kimi işə qəbul edildiyini, tapşırılmış iş (operator vəzifəsi) üzrə ona müvafiq təlim və təlimatlandırılmalar keçirilmədiyini, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmadığını və işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmadığını nəzərə aldıqda X12 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir.” Halbuki, X16 tapşırılmış iş operator vəzifəsindən yox, məhz elə fəhlə vəzifəsindən ibarət olmuşdur. Başqa sözlə, ekspert rəyinin istinad olunan müddəası X9 Alt Sistemindən çıxarışla (bildirişlə) təkzib olunur. Digər tərəfdən ekspert rəyindəki “ona müvafiq təlim və təlimatlandırılmalar keçirilmədiyini, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmadığı” müddəalar yuxarıda istinad olunmuş “Əməyin mühafizəsi üzrə ilkin, təkar (cari), növbədənkənar və birdəfəlik təlimat” jurnalından çıxarışla təkzib olunur. Belə ki, jurnaldan göründüyü kimi işçi X4 qutu sexində fəhlə qismində xx.xx.2024-cü ildən başlayaraq əməyin mühafizəsi və texniki təhlükəsizlik istiqamətində Şəxs tərəfindən cari təlimatlandırılmışdır. Ekspert rəyinin işçinin işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmaması, dəzgahın fırlanan və təhlükə mənbəyi olan hissələrinə işçinin toxunmasını istisna etmək üçün həmin hissələrin üzərinin qoruyucu örtüklə bağlanmamasının baş vermiş hadisənin texniki səbəbi olması ilə bağlı müddəalarla əlaqədar qeyd etməyi zəruri hesab edirik ki, sözügedən dəzgah zavod istehsalı olmuş, sənaye üsulu ilə istehsal olunmuş, onu istehsal edən zavod və istehsalçı tərəfindən həmin xüsusatlar, texniki təhlükəsizlik tələbləri və müvafiq standartlar nəzərə alınmış, müəssisə və ya Şəxs tərəfindən həmin dəzgaha hər hansı müdaxilə edilməmişdir. Həmin dəzgahın texniki göstəricilərində, texniki passportu və ya digər texniki sənədlərində də onun istifadəsi zamanı müəyyən hissələrinin qoruyucu örtüklə bağlanmalı olması ilə bağlı hər hansı istifadə göstərişi və ya təlimat mövcud olmamışdır. Maraqlıdır ki, ekspert rəyində cihazın adı, növü, seriyası, nömrəsi, texniki passportu, istifadəsinə dair istehsalçı tərəfindən tövsiyə olunan göstərişlər və s. texniki parametlərin heç biri təhlil olunmamışdır. Təsadüfi deyildir ki, müəssisənin fəaliyyəti dövründə X1 və ehtiyatsızlığı nəticəsində baş vermiş hadisədən başqa heç vaxt belə hadisə baş verməmişdir. İnzibati xəta icraatı üzrə izahatı alınmış X7, X11 və Şəxs izahatlarından da aydın olur ki, hadisə məhz X12 özünün kobud ehtiyatsızlığı və səhlənkarlığı nəticəsində baş vermişdir. Məsələ burasındadır ki, istənilən kəsici, deşici alətlə, hətta məişət bıçağı ilə belə səhlənkarlıq və kobud ehtiyatsızlıqla davranmaq nəticəsində istifadəçi xəsarət ala bilər ki, bu da həmin alətin mütləq şəkildə qoruyucu örtüklə izolyasiya edilməsini labüd etmir. Həmin izahatlardan da görünür ki, X18 özü də izahatında qeyd etmişdir ki, avtomatik karton kəsmə makinasına karton yerləşdirən vaxt kartonlardan birinin, makinanın valına ilişdiyini görüb makinanın sol tərəfində yerləşən “stop” düyməsinə basaraq ilişən kartonu valdan çıxarmaq üçün makinanın fəaliyyətini dayandırmış, kartonun ilişən hissəsini valdan dartıb çıxaran zaman makina qəfil işləməyə başlamış və digər kartonlarla birlikdə onun sağ əlini də valn arasında aparmışdır. X2 izahatında göstərilən xüsusatları şərti olaraq mötəbər sübut kimi nəzərə alsaq belə, sonuncu makinanın valına ilişmiş kartonu çıxarmaq barədə ona hər hansı şəxsin göstəriş və ya tapşırıq vermədiyi, bunu öz təşəbbüsü ilə etdiyi, belə avtomatik rejimdə fəaliyyət göstərən valın kartonu dartıb çıxarmaqla mexaniki üsulla hərəkətə gətirilməsi nəticəsində dəzgahın yenidən işə düşmə ehtimalının aşkar olması, bu faktorun Q.Əyyublinin özü tərəfindən nəzərə alınmalı olması, lakin nəzərə alınmaması aydındır. X13 isə izahatında kartonun vala ilişdiyi zaman Qəşəmin cihazı söndürmək üçün “stop” düyməsinə bassa da, cihazın sönməsinə baxmayaraq cihazın valının dərhal dayanmadığını, bunun dayanmasının 5-10 saniyə çəkdiyini, hətta özünün ona valın tam dayanmasını gözləməli olmasını bildirməsini, lakin Qəşəmin onun xəbərdarlığına məhəl qoymamasını və ya eşitməməsini göstərmişdir. Eyni xüsusatı digər şahidlər də öz izahatlarında təsdiq etmişdir. Göründüyü kimi hadisə məhz Q.Əyyublinin özünün kobud ehtiyatsızlığı, səhlənkarlığı, kəmhövsələliyi, cihazı söndürdükdən sonra valın tam dayanmasını gözləməməsi nəticəsində baş vermişdir. Əgər işçi texniki təhlükəsizlik və əməyin mühafizəsi normaları üzrə təlimatlandırılmasına, sözügedən cihazla xeyli müddət əmək fəaliyyəti ilə məşğul olmasına, hətta iş yoldaşlarının xəbərdarlığına baxmayaraq karton kəsən cihazın valının tam dayanmasını gözləmədən öz təşəbbüsü llə əlini cihaza daxil edərək hərəkətdə olan valın içindən ilişmiş kartonu çıxarmaqla kobud ehtiyatsızlığa və səhlənkarlığa yol verirsə bu fakt həmin cihazın qoruyu örtüklə örtülməsini texniki cəhətdən labüd etmir. İnzibati xəta icraatı aparan orqan isə qeyd olunan xüsusatları ümumiyyətlə nəzərə almamışdır. Halbuki, Əmək Məcəlləsinin 191 -ci maddəsinin İİ hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Hazırkı inzibati xəta icraatı materiallarından barəsində inzibati xəta icraatı aparılan şəxsin əməlinin qanuna zidd olması, habelə məhz onun belə əməli nəticəsində xəsarətin baş verməsi müəyyən olunmur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Əlavə olaraq bildirmişdir ki, X16 müvafiq təlimlər keçirilmiş, həmin şəxs uzun müddətdir qeyd olunan müəssisəsində çalışır. Özü də əvvəllər öz səhlənkarlığından hadisənin baş verməsini bildirmişdir, daha sonra mövqeyini dəyişdirmiş, şikayət etdiyini bildirmişdir. Həmin avadanlıq zavod üsulu avadanlıqdır, qeyd olunan avadanlığa quraşdırılması zəruri olan hər hansı bir örtük mövcud deyildir. Qəşəm Əyyubli özü kəmhövsəlilik edərək xəsarət almışdır. Qəşəmin vəzifəsi fəhlə olmuşdur, onun işi ancaq operatorun yanında kartonları daşımaqdan ibarətdir. Binəqədi rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X14 bildirmişdir ki, müvafiq ekspert rəyi əsasında qərar qəbul edilmişdir. Belə ki, araşdırmanı X18 şikayət etdiyinə görə aparmışlar. Cihazın pasport sənədində müvafiq örtüyün olması barədə qeyd yaxud göstəriş yoxdur. Həmin cihaz Türkiyə Respublikasından gətirilmiş və buraxılışa veriləndə təhlükəsiz hesab edilmişdir. Cihazın gömrük bəyannamələri və sair sənədləri mövcuddur. Ekspert qeyd olunan nəticəyə gələn zaman təlimata əsaslanmışdır. Tərəfindən təkrar ekspertiza təyin edilməmiş yaxud eksperti dəvət edib dindirməmişdir. Hadisə avqust ayında baş vermiş, lakin X18 dekabr ayında şikayət etmişdir. Məhkəmə müdafiəçini və prokurorun nümayəndəsini dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdırıb, belə nəticəyə gəlir ki, toplanmış materiallar natamam olduğundan və məhkəmə baxışı zamanı tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 2386 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, X12 xəssarətləri dərəclərinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan AZ AĞİR zərərvurmaya aiddirlər. xx.xx.2025-ci il tarixli, 10/9869 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus karton-qutu sexində dəzgahın fırlanan və təhlükə mənbəyi olan hissələrinə işçinin toxunmasını istisna etmək üçün həmin hissələrin üzərinin qoruyucu örtüklə bağlanmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “istehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.0.003-91 DÜST”-ün 2.1.5 bəndinin tələbləri pozulmuşdur (bu normativ aktın tələbinin pozulması ilə X12 xəsarət alması arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla skpertin səlahiyyət dairəsinə aid deyil). "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən Binəqədi karton-qutu sexində dəzgahının fırlanan və təhlükə olan hissələrinin üstünün qoruyucu örtüklə (çəpərlə) bağlanmadığına və təhlükəsiz iş şəraiti təmin edilmədiyinə görə “İstehsalat avadanlıqlar. Ümumi təhlükəsizlik tələbləri. 12.0.003-91 DÜST”-ün 2.1.5 bəndinin tələbləri istismar olunan avadanlığın təhlükəsizlik tələblərinə uyğunluğuna cavabdeh olan şəxs tərəfindən pozulmuşdur. Xəsarət almış X12 fəhlə kimi işə qəbul edildiyini, tapşırılmış iş üzrə ona müvafiq təlim və təlimatlandırmalar keçirilmədiyini, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmadığını və işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmadığını nəzərə aldıqda, X12 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilmir. Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu verdiyi qərarda ekspert rəyinə istinad edilmişdir. Ekspert rəyinə əsasən karton-qutu sexində dəzgahın fırlanan və təhlükə mənbəyi olan hissələrinə işçinin toxunmasını istisna etmək üçün həmin hissələrin üzərinin qoruyucu örtüklə bağlanmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. İlk olaraq, həmin ekspert rəyində həmin o cihazın modeli, markası və s. qeyd olunmamış və cihaza qoruyucu örtük bağlanması ilə bağlı dəqiq göstərişin olub-olmaması ilə bağlı hər hansı bir sənədə istinad edilməmişdir. Həmin cihaz Türkiyə istehsalı olmuş və onun texniki göstəricilərində ona əlavə örtüyün quraşdırılması ilə bağlı təlimat yoxdur və ya cihazın üzərində belə bir vasitə gəlməmişdir. Bundan əlavə xəsarət almış X15 fəhlə kimi işə qəbul edildiyi, lakin tapşırılmış iş üzrə ona müvafiq təlim və təlimatlandırmalar keçirilmədiyi, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmadığını və işlədiyi dəzgahın təhlükəsizlik tələblərinə uyğun olmadığı nəzərə alaraq, X15 özü tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulmasının müəyyən edilmədiyi qeyd olunmuşdur. X8 əvvəllər vermiş olduğu ərizəsində hadisənin öz səhlənkarlığı səbəbindən baş verməsini göstərmişdir, lakin araşdırma zamanı şəxsin əvvəl hansı səbəbə qeyd olunan məzmunda ərizə yazması dəqiqləşdirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyində X17 tapşırlımış işin operator vəzifəsi üzrə olması qeyd edilmişdir. Lakin məhkəmə iclasında müdafiəçi tərəfindən X15 yalnız fəhlə işi gördüyü qeyd edilmişdir. Araşdırma zamanı isə X17 operator vəzifəsi üzrə iş tapşırılmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Ekspertin hansı əsasla bu nəticəyə gəlməsi də sual doğurur. Məhkəmənin gəldiyi qənaətə görə, iş üzrə X17 operator vəzifəsi üzrə iş tapşırılıbtapşırılmaması dəqiqləşdirilməli, nəticə mənfi olduğu halda onun tərəfindən təhlükəsizlik texnikası qaydalarının pozulması müəyyən edilməli, həmçinin ekspert dindirilməklə nəyə əsasən dəzgahın fırlanan və təhlükə mənbəyi olan hissələrinə işçinin toxunmasını istisna etmək üçün həmin hissələrin üzərinin qoruyucu örtüklə bağlanması nəticəsinə gəldiyi müəyyənləşdirilməli, zəruri halda təkrar ekspertiza keçirilməlidir. Məhkəmə qərarı və ona əlavə edilmiş sənədləri nəzərdə keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan və məhkəmə baxışı zamanı tamamlanması mümkün olmadığından geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb toplanılmaması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın zəruri tərkib əlaməti kimi texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulması nəzərdə tutulmuşdur. Hazırkı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda göstərilmişdir ki, vəzifəli şəxs Şəxs "xxxx" MMC-də texniki təhlükəsizlik üzrə icraçı direktor vəzifəsində işləyərkən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, həmin qaydaları pozmaqla "xxxx" MMC-yə məxsus karton-qutu sexində dəzgahın fırlanan və təhlükə mənbəyi olan hissələrinə işçinin toxunmasını istisna etmək üçün həmin hissələrin üzərinin qoruyucu örtüklə bağlanmasını təmin etmədiyinə görə 19 avqust 2024-cü il tarixdə fəhlə vəzifəsində işləyən X5 əli makinanın valları arasına ilişən karton listini çıxaran zaman valin arasında qalaraq az ağır xəsarət almış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Lakin konkret olaraq Şəxs hansı hərəkətləri ilə onun tərəfindən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarının pozulması toplanmış materialda dəqiq göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar əlavə araşdırıma aparılması üçün Binəqədi rayon prokurorluğuna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 106-111ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərar hazırkı qərardadın təsviri əsaslandırıcı hissəsində göstərilənlərin əlavə araşdırılması üçün Binəqədi rayon prokurorluğuna geri qaytarılsın. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-768/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-768/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver