Məhkəmə qərarları › İş №3(001)-7701/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7701/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7701/2025 22.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X9 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, X11 küçəsi, ev 81 ünvanda qeydiyyatda olmaqla ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Novruzov X7 qəsəbəsində narkotik vasitənin qəbulu ilə məşğul olur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, narkotik vasitə olan qurudulmuş marixuanadan çəkmə üsulu ilə istifadə etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xidməti ərazidə bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb həmin şəxsi bölməyə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Narkoloji Mərkəzin rəyinə əsasən ondan götürülmüş sidik nümunəsində AMP (+), MET (+) və THC (+) aşkar edilmiş, narkomaniya xəstəliyi aşkar olunmuşdur. Özü də bu faktı etiraf etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Onun narkotik vasitə aludəçisi olduğunu nəzərə alıb, inzibati həbs növündə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, təxminən 4 il olar ki, narkotik vasitə olan marixuanadan çəkmə üsulu ilə istifadə edir. Marixuananı Papanin adlanan yerdən adını bilmədiyi şəxsdən 10 manata almışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Biləcəri qəsəbəsində, yeni yaşayış massivində istifadə etmişdir. Əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ambulator X2 dair xx.xx.2025-ci il tarixli, 6565 saylı rəydən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MET (+), AMP (+) və THC (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 00:55-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Novruzov X8 rayon Polis İdarəsinin 6-cı PB-də verdiyi izahatında əməlini etiraf etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində ittiham hökmü çıxarılmışdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitədir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün etirafı, ekspert rəyi, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXMin 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Çünki, müayinə zamanı onda narkomaniya xəstəliyinin aşkar olunması narkotik vasitələrin aludəçisi olduğunu təsdiq edir. Bundan əlavə, o, əvvəllər də eyni xarakterli hüquqazidd davranışlara görə məsuliyyətə cəlb edilmiş, konkret olaraq, cinayət törətdiyinə görə barəsində ittiham hökmü çıxarılmışdır. Bu mənada məhkəmə ona inzibati həbs təyin edilməsinə dair qənaətini həmçinin onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh təyin edilməlidir. Məhkəmə, Ambulator X1 rəyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.3-cü maddəsinə görə barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.5-ci maddəsinə görə barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 00:55-dən hesablansın. İnzibati qaydada həbs edilmiş Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar