Məhkəmə qərarları › İş №3(001)-7704/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7704/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7704/2025 30.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X4 Novruz oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsi Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə şikayətlə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Hyundaı Santafe” markalı AZ ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə S.S.Axundov küçəsindən üzü Hollywood restoranın qarşısına hərəkətdə olan zaman, həmin yoldan Hollywood restoranın qarşısına dönmə əməliyyatı edən zaman yolun sağ kənarında dayanmış AZ ** YP *** dövlət qeydiyyat nişanlı operativ nəqliyyat vasitəsinin əməkdaşları onu saxlatdırmışdır. O, avtomobildən enmiş və YPX əməkdaşına yaxınlaşmışdır. Həmin zaman YPX əməkdaşı ona özünü təqdim etmədən barəsində İXM-in 327.2-ci maddəsi ilə yolayırıcını keçmə qaydalarının pozulması barəsində protokol yazacağını bildirmişdir. O, polis əməkdaşına nəyə əsasən protokol tərtib etdiyini soruşduqda polis əməkdaşı ona stop nişanını gözləmədiyini və hərəkətini dayandırmadan yol ayırıcına daxil olduğunu bildirmişdir. Bundan sonra YPX əməkdaşı ona protokol yazdığını bildirərək çıxıb getməyini bildirmişdir. Həmin vaxt protokolun nüxsəsini ona təqdim etməmişdir. O, oradan gedəndən biraz keçdikdən sonra sms-radar tətbiqinə baxış keçirən zaman heç bir cərimə gəlmədiyini görmüşdür. Odur ki, həmin yolda stop nişanı ağac budaqlarına görə sürücülər tərəfindən görünmür. O da həmin stop nişanını görmədiyi üçün hərəkətini dayandırmadan yolayırıcına daxil olmuşdur. Yol hərəkəti qanununda göstərilir ki, yol nişanlarının qarşısında heç bir maneə olmamalıdır və sürücülər tərəfindən aydın və tam şəkildə görünməlidir. xx.xx.2025-ci il tarixdə yenidən Smsradar tətbiqinə baxış keçirəkən barəmdə İXM 327.2-ci maddəsində inzibati tənbeh qərar qəbul edildiyinin görmüş, bundan sonra 902 xidmətinə zəng edərək protokoldan şikayət etdiyini bildirmişdir. Onlar ona Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə yaxınlaşaraq ərizə yazmağını bildirdilər. O, ailə vəziyyəti ilə bağlı hal-hazırda gələ bilməyəcəyini, yaxın müddətdə gəlib ərizə yazacağını bildirmişdir. xx.xx.2025-ci il tarixdə o, Bakı şəhər Baş Polis İdarəsinin X8 İdarəsinə yaxınlaşaraq bu barədə ərizə yazmışdır. Bundan sonra yazdığı ərizəyə cavab gəlməmişdir. Bununla bağlı dəfələrdə DİN-in 102 xidmətinə məlumat vermiş, lakin, heç kim onunla əlaqə saxlamamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Bakı şəhər X7 İdarəsi Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə Bakı şəhər X7 İdarəsi Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qidmən təmin edilməli, Bakı şəhər X7 İdarəsi Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhər X7 İdarəsi Yol Patrul Xidmətinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsi Yol Patrul Xidmətinin xx.xx.2025ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hyundaı Santafe” markalı AZ ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi X3 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 24cü bəndinə əsasən yol nişanlarının və göstəricilərinin quraşdırılmasını, yol hərəkətini nizamlayan və ona nəzarət edən nəqliyyat və texniki vasitələrin, yol-nəqliyyat hadisələrinin nəticələrini yüngülləşdirmək üçün hadisə yerində tətbiq olunan qəzaxilasetmə avadanlığının, habelə yol hərəkətinin təhlükəsizliyini artırmağa kömək edən digər texniki vasitələrin və cihazların, yol hərəkətinin təhlükəsizliyinin təbliğinə xidmət edən təşviqat vasitələrinin; xüsusi məhsulların (sürücülük vəsiqələrinin blanklarının, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin, dövlət qeydiyyat nişanlarının və tanınma nişanlarının) sifarişçisi və istehsalçısı funksiyalarını həyata keçirmək və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının struktur bölmələrini bunlarla təmin etmək yol hərəkəti sahəsində dövlətin vəzifəsinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. X1 tərəfindən təqdim olunmuş fotoşəkillərdən aydın görünür ki, xəta yerində quraşdırılmış “STOP” yol nişanı ağacın budaqları ilə qismən örtülmüş vəziyyətdədir. Belə ki, nişanın ön hissəsi ağacın yarpaqları və budaqları ilə çətin görünən vəziyyətdədir və nişanın tam müşahidəsi yalnız müəyyən baxış bucağından və yaxın məsafədən mümkün olur. Hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü üçün bu bucaqdan baxmaq real olaraq mümkün olmadığından, nişanın tələbinin vaxtında və aydın şəkildə qəbul edilməsi çətinləşir. Bu isə o deməkdir ki, nişanın görünməsi müxtəlif baxış bucaqlarından asılı olub məhduddur və ümumi hərəkət istiqamətindən onun qismən örtülü vəziyyətdə olduğu fotoşəkillərlə obyektiv şəkildə təsdiqlənir. Bu halda nişanın tələbinin sürücü tərəfindən qəbul edilə bilib-bilməməsini qiymətləndirmək üçün baxış bucağının dəqiq müəyyənləşdirilməsi zəruri idi. Polis əməkdaşı inzibati məsuliyyət məsələsini həll etməzdən əvvəl, hadisə yerində sürücünün baxış nöqtəsindən nişanın real görünmə imkanlarını müəyyən etməli, yalnız bundan sonra inzibati məsuliyyətə cəlbetmə barədə qərar qəbul etməli idi. Bu qiymətləndirmə aparılmadan məsuliyyətin tətbiqi obyektiv araşdırma prinsipi ilə uzlaşmır və sürücünün nişanı görə bilməməsi halının obyektiv səbəbdən baş verdiyini nəzərə almır. Qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, 2.5 nişanın tələbi açıq şəkildə görünən və qəbul edilə bilən vəziyyətdə olsun. Halbuki bu işdə həmin tərkib sübuta yetirilməyib, çünki sübutlar göstərir ki, nişan çətin görünən vəziyyətdə olub və sürücünün onu nəzərə almaması subyektiv təqsirlə bağlı deyil. Yol hərəkəti haqqında qaydalara əsasən yol nişanlarının görünməsini təmin etmək vəzifəsi müvafiq icra hakimiyyəti orqanının üzərinə düşür və nişanın ağac altında gizlənməsi bu vəzifənin tam şəkildə yerinə yetirilmədiyini göstərir. İnzibati Xətalar Məcəlləsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsi Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən hadisə yerini, 2.5 nişanının görünmə bucağını dəqiq müşahidə edərək inzibati xətanı düzgün müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X7 İdarəsi Yol Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhər X7 İdarəsi Yol Patrul Xidmətinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar