Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7764/2025 04.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X2, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X5 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin xx.xx.2025ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, “xx.xx.2025-ci il tarixində onu 90YP658 dövlət qeydiyyat nişanlı yol polis əməkdaşları saxlayaraq Binəqədi qəsəbəsində olan 10 may küçəsində ötmə əməliyyatı etdiyinə görə onu 1.1 xəttinin tələbini pozduğunu və ona 150 azn cərimə olunacağını bildirmişdir. Polis əməkdaşlarına heç bir xətlənmənin olmadığını və ötmədini qadağan edən heç bir yol nişanı olmadığını bildirmişdir. Amma buna baxmayaraq onu cərimə etmişlər. Həmin an yol polis əməkdaşının iştirakı ilə çəkil aparmış və xəttin harada olduğunu göstərməsini xahiş etmişdir. Polis əməkdaşı isə xətlənməni göstərə bilməmişdir. Çünki yerdə hər hansı bir xətlənmə yox idi. Göstərilənlərə əsasən, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi məhkəmədən xahiş etmişdir.” Məhkəmə iclasında X5 şikayətini müdafiə etdiyini bildirərək xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, yol polisindən xətlənməni göstərməyi xahiş etmiş, lakin yol polisinin xəttin olduğunu iddia etdiyi yerdə hər hansı bir xətlənmə mövcud deyildir. Bunu video-çəkiliş aparmaqla da qeydə almışdır. Buna baxmayaraq, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, xətlənmə elə olmalıdır ki, sürücü 50-100 metr məsafədən həmin xətti görə bilsin. Daha əvvəllər həmin yolda ötmə etməmişdir. Çünki əvvəllər xətlənmə mövcud olmuş, hazırda xətlənmə pozulduğu üçün ötmə əməliyyatını etmişdir. O, əvvəllər həmin yolun hər iki istiqaməti ilə hərəkət etmiş və ötməni həyata keçirdiyi yolun hərəkət hissəsinin əks hərəkət istiqaməti olduğunu bilir. Lakin xətlənmə olmadığından ötmə əməliyyatını icra etmişdir. Həmin yolun özü tərəfindən barəsində inzibati tənbeh tətbiq edildikdən sonra günorta saatlarında çəkilmiş videogörüntünü məhkləməyə təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X4 tərəfindən hadəsinin videogörüntüsü məhkəmə iclasında nümayiş etdirildikdən sonra ona verilmiş suallara vcavab olaraq bildirmişdir ki, videoda əks hərəkət olağına çıxaraq sola doğru hərəkət eədən ağ rəngli, Ravon NEXİA markalı, 55CF458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs özüdür, onun videogörüntüdə idarə etdiyi istiqamətin əksinə əvvəllər nəqliyyat vasitəsini dəfələrlə idarə etmişdir. Lakin yerdə xətlənmə nişanı aydın görünmədiyi üçün xx.xx.2025-ci il tarixdə saat 18:53 radələrində sola doğru avtonəliyyat vasitəsini idarə etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, şikayət vermiş şəxs ötmə əməliyyatını icra etməsini özü təsdiq edir, lakin nişanlanma xəttinin olmadığını bildirir. Şikayətin dəlilləri də sürücünün xətlənmənin pozulmasını iddia etməsi təşkil edir. Halbuki, xətlənmə olmadığı halda belə həmin yolda ötmənin qadağan olduğunu bildirən nişan da quraşdırılmışdır. Hadisənin videogörüntüsünü məhkəməyə təqdim edir. Həmin videogörüntüdən də 3 SX minik markalı 55CF 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əks hərəkət zolağına çxaraq sola doğru hərəkət etməsi müəyyən edilir. Şikayətçinin də təqdim etdiyi vidogörüntüdə yolda nişanlanma xəttinin olması aydın görünürür, sadəcə həmin xəttin bir az solmuşdur. Odur ki, məhkəmədən şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxsi, səlahiyyətli orqanın nümayəndəsini dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət edərək İXM-nni 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 150 manat cərimə edilmişdir. X5 tərəfindən məhkəməyə təqdim edilmiş video-görüntüyə baxış keçirilərək müəyyən edilmişdir ki, X5 YPX əməkdaşına yerdə hər hansı bir xətlənmənin olmadığını və xətlənmənin görünən olmalı olduğunu bildirir, daha sonra əməkdaşdan xətti göstərməsini xahiş edir, əməkdaşın xəttin olduğu yeri əliylə göstərməsindən sonra həmin hissəni daha yaxından çəkərək hər hansı bir xəttin görünmədiyini bildirir və cərimə edilməsi barədə qərar qəbul edilməsini bildirir. X5 tərəfindən məhkəmə iclası zamanı tədqim edilmiş digər videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, 24 saniyədən ibarət həmin videogörüntü hadisənin baş verdiyi küçəsində çəkilmişdir, həmin yolda 1.1 üfüqi nişanlanma xətti movcuddur, lakin həmin nişanlanma xəttiinin rəngi solsa da videoda aydın görünür. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X4 tərəfindən təqdim edilmiş 17 saniyədən ibarət videogörüntüdən görünür ki, digər nəqliyyat vasitələri sağa doğru hərəkətlərini davam etdirir, lakin ağ rəngli nəqliyyat vasitəsi isə 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq, digər nəqliyyat vasitələri kimi sağa doğru deyil, sola doğru hərəkət etdirir, bundan 2-3 saniyə sonra isə dövlət yol patrul xidməti avtomobili sayrışan işıqları yandırılmış halda həmin nəqliyyat vasitəsinin arxasınca hərəkətini davam etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanunun: - 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” - 61-ci maddəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). - 69-cu maddəsinin İ hissəsinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. - 69-cu maddəsinin İV hissəsinə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Həmin maddəyə əsasən yolun nişanlanması yol hərəkətinin təşkilinə, yol hərəkəti iştirakçılarının xəbərdar edilməsinə və istiqamətləndirilməsinə xidmət edir. Ondan müstəqil şəkildə ayrıca və ya tələblərini dəqiqləşdirdiyi və yaxud tamamladığı yol nişanları ilə birgə istifadə edilir. - 69-cu maddəsinin Vİ hissəsinə əsasən üfiqi nişanlanma xətləri aşağıdakılardır: 1) 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 3) 1.3 — dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır; - 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinə əsasən 1) 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Hüquqi əsaslandırma və məhkəmənin mövqeyi: İş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlar – xüsusilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin öz etiraf edici izahatı, onun və səlahiyyətli orqanın nümyəndəsinin təqdim etdiyi videogörtülərlə şikayət vermiş şəxsin idarə etdiyi 55CF458 dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3 SX minik” markalı nəqliyyat vasitəsilə xx.xx.2025-ci il tarixində saat 18:53-də əks hərəkət zolağına keçərək ötmə etməsini qəti və aydın şəkildə sübut edir. Bu hal, İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementlərini özündə ehtiva edir. X1 məhkəmədə verdiyi izahatında həmin yolda ötmə əməliyyatı həyata keçirdiyini, həmin ərazidə üfüqi nişanlanma xətlərinin olmadığını bildirmişdir. Lakin onun bu izahatları aşağıdakı səbəblərə görə məhkəmə tərəfindən əsaslı hesab edilmir və sübutlarla təkzib olunur: İlk olaraq, şəxsin özü tərəfindən ötmə əməliyyatını etiraf etməsi artıq inzibati xətanın törədildiyini göstərir. Ötmə zamanı yolun əks istiqamət zolağına daxil olunması faktı özü tənzimləyici nişanların mövcud olub-olmamasından asılı olmayaraq, əgər bu hərəkət yolun nişanlanması və hərəkət şəraiti ilə qadağan edilibsə, hüquq pozuntusudur. Bundan başqa şikayətçinin dediyi kimi, ərazidə üfüqi nişanlanma xətləri və ya “ötmək qadağandır” nişanının olmaması barədə iddia da faktiki sübutlarla təkzib olunur. Belə ki, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, hadisənin baş verdiyi küçədə 1.1 üfüqi nişanlanma xətti mövcuddur, həmin üfüqi nişanlanma xəttinin rəngi solğun olsa da videogörüntüdən həmin xəttin mövcud olamsı açıq aydın müəyyən edilir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq şikayət vermiş şəxs həmin yolda əvvəllər dəfələrlə hərəkət etməsini, orada nişanlanmanın olmasını bildirmişdir. Göründüyü kimi sürücü nişanlamadan məlumatlı olmuşdur. Buna baxmayaraq, o, ötmə əməliyyatını edərək qanunvericiliyin tələblərini pozmuşdur. Bütün qeyd edilənlər birlikdə onu deməyə əsas verir ki, X5 tərəfindən təqdim edilmiş dəlillər və müdafiə xarakterli izahatları faktiki sübutlarla təkzib olunur və onun İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün yetərli sübut mövcuddur. İnzibati tənbeh vermə haqqında qərar hüquqi və faktiki cəhətdən əsaslandırılmış olduğundan, həmin qərarın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X3 Аzərbаycаn Rеspublikаsı İХM-nin 327.4-cü mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Odur ki, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X3 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X3 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-7764/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7764/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver