Məhkəmə qərarları › İş №3(001)-7767/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7767/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7767/2025 23.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X3 izahat verərək bildirmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-9931/15 qətnaməsinə əsasən Şəxs X4 qarşı “uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan axşam saat 22:00-a kimi ünsiyyət saxlamasının təmin edilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə uşaqları atalarına təhvil vermiş, lakin Şəxs uşaqları qaytarmaqdan imtina etmişdir. Şəxs icra sənədindəki tələbi icra etmədiyi üçün sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən onun xx.xx.2011-ci il təvəllüdlü oğlu Baxış Babacan və xx.xx.2014-cü il təvəllüdlü qızı Baxış Səadət ilə hər həftənin şənbə günü saat 10:00-dan axşam saat 22:00-a kimi ünsiyyət saxlamasının təmin edilməsi qət edilmişdir. 2025-ci ilin may ayında uşaqları ilə görüşdükən sonra qızı anasının yanına qayıtmaqdan imtina etmişdir. Bununla bağlı keçmiş arvadı X2 şikayət etmiş qızı ilə psixoloq və Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq şöbəsinin əməkdaşı söhbət aparmış, lakin qızı anasının yanına qayıtmaq istəməmişdir. Gülnarə Mustafayeva guya qızını qaytarmaq istəməməsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə müraciət etdiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi protokol tərtib edilmişdir. Lakin icra sənədinin icrasına maneçilik törətməmiş və icra məmurunun bütün tələblərini icra etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmdə tədqiq edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)9931/15 nömrəli icra sənədindən görünür ki, Şəxs X4 qarşı “uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, Şəxs xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 10:00-dan axşam saat 22:00-a kimi ünsiyyət saxlamasının təmin edilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-9931/15 icra sənədi icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-9931/15 icra sənədi üzrə Şəxs icra məmurunun tələbini səbəbdən icra etməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, Şəxs icra sənədinə əsasən uşağın anasının yanına qayıtmamasını uşağın geri qayıtmaqdan imtina etməsinə görə baş tutmadığını, icra sənədinin icrasına heç bir maneçilik törətmədiyini bildirmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar