Məhkəmə qərarları › İş №3(001)-7769/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7769/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7769/2025 23.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Yardımlı rayonunun Hamarkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yardımlı rayonunun Hamarkənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş 23 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs 22 oktyabr 2025-ci il tarixdə, təxminən saat 22:30 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Netto” pub-kafesində vətəndaş X3 və X1 təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs E.Y.Zeynalov çıxışında göstərdi ki, Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları 22 oktyabr 2025-ci il tarixdə xidməti ərazidə olarkən saat 22:50 radələrində Xocəsən yolunda yerləşən “Netto” kafesini işlədən şəxs onlara yaxınlaşıb, kafedə bir nəfər şəxsin səs-küy saldığını, söyüşlər söydüyünü bildirmişdir. Polis əməkdaşları kafeyə daxil olduqda Şəxs spirtli içkinin təsirindən yaranmış sərxoşluq vəziyyətində uca səslə nalayiq ifadələr işlətdiyini görüb, onu sakitliyə dəvət etmiş, profilaktiki söhbət aparmağa çalışsalar da, Şəxs polisin çağırışına məhəl qoymayıb, sakitləşmədiyindən, polis əməkdaşları onu 40-cı PB-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, “Netto” pub-kafedə işləyir. 22 oktyabr 2025-ci il tarixdə, gecə saat 11 radələrində kafedə olan bir nəfər müştəri spirtli içki qəbul edərək ona və digər işçi Aygün İbrahimovanın ünvanına uc səslə söyüşlər söymüş, onları təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 digər şahid Sünbül İsmayılovanın ifadəsinə uyğun ifadə verdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, hadisə vaxtı spirtli içki qəbul etdikdən sonra kafedə olan bir nəfərlə mübahisəsi düşmüşdür, lakin mübahisə uzun çəkməmiş, dərhal polis əməkdaşları gələrək onu Bölməyə aparmışlar. Tərtib olunmuş protokolda göstərilənlərlə razı deyil və məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş edir. İş materiallarında olan: - Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 22 oktyabr 2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən saat 22:50 radələrində Xocəsən yolunda hərəkətdə olan zaman “Netto” kafenin qarşısında onu işlədən tərəfindən bizə bildirildi ki, bir nəfər şəxs onun obyektində səs-küy salaraq söyüşlər və nalayiq ifadələr işlədir. Biz həmin vətəndaşa yaxınlaşaraq profilaktiki söhbət aparmağa çalışsaq da, həmin vətəndaşdan kəskin spirt qoxusu gəlirdi və anlaqsız vəziyyətdə olduğu məlum olduğu üçün onu 40-cı PB-yə təmin etdik. - 23 oktyabr 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur. - 23 oktyabr 2025-ci il tarixli “inzibati qaydada tutuma haqqında protokol”dan görünür ki, Şəxs həmin tarixdə, saat 05:00-da inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə, proses iştirakçılarını, şahidləri dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, şahid ifadələri, raportla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanı etiraf etməməsinə tənqidi münasibət bəsləyərək hesab edir ki, onun bu əməli özünümüdafiə xarakteri daşıyır. Məhkəmə baxışı zamanı Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Lakin, qeyd olunmalıdır ki, İXM-nin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdırna hal olaraq müəyyənləşdirilmişdir. İşin faktiki halları ilə Şəxs sözügedən inzibati xəta hadisəsini sərxoş halda törətməsi öz təsdiqini tapdığından, məhkəmə bu halı onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, habelə məsuliyyətini ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 oktyabr 2025-ci il tarixdən, saat 05:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar