Məhkəmə qərarları › İş №3(001)-7785/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-7785/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-7785/2025 14.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Şəmkir rayonu, Zəyəm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, "xxxx" QSCdə sürücü işləyən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31032750 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31032750 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının ifadələri:

2. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayəti onunla əsaslandırmışdır ki, 01 oktyabr 2025-ci il tarixdə elektron kabinetinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 Xidmətinin EQ 31032750 saylı inzibati tənbeh vermə haqqında elektron qərar yerləşdirilmişdir. Həmin qərarda 01 oktyabr 2025-ci il il tarixində ünvan 2 ünvanında Embafinans QSC-nin mülkiyyətində olan Hyundai Elantra minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sərnişin düşürtmək üçün saxlayarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta törədildiyi müəyyən edilmiş, barəsində 01 oktyabr 2025-ci il tarixli EQ 31032750 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və nəticədə ona İXM-in 346.4-cu maddəsinə uyğun cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə haqqında EQ 31032750 saylı elektron qərarla razı deyildir. Çünki nəqliyyat vasitəsini saxladığı yer vətəndaşların gediş-gəlişinə, o cümlədən nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə törətməmişdir. İdarə etdiyi nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutlumuş hissədə, sadecə bir neçə saniyə ərzində sərnişinin düşməsi üçün saxlamışdır. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə haqqında EQ 31032750 saylı, xx.xx.2025-ci il tarixli elektron qərar əsassızdır. Ona görə də, məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin qərar və hadisənin görüntülərini məhkəməyə təqdim etmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş

4. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31032750 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 20:44-də Təbriz küçəsində “Hyundai Elantra” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durması” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi

5. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və toplanmış sübutları əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir.

6. Belə ki, iş materialları şikayət vermiş şəxsin inzibati xəta ilə bağlı ifadəsi ilə birgə nəzərdən keçirilərək müəyyən edilmişdir ki, şikayət vermiş şəxs X2 inzibati xəta törətməməsi kimi şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlər toplanmış sübutlarla təkzib edilir. X3 məhkəmə iclasında verdiyi izahatında idarə etdiyi nəqliyyat vasitəsini saxladığı yerin vətəndaşların gediş-gəlişinə, o cümlədən nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə törətmədiyini, idarə etdiyi nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarında nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutlumuş hissədə, sadecə bir neçə saniyə ərzində sərnişinin düşməsi üçün saxladığını bildirsə də, məhkəmədə şikayət vermiş şəxsin həmin izahatı öz təsdiqini tapmamışdır. X1 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31032750 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdə sonuncunun idarə etdiyi avtomobili yolun hərəkət hissəsində ikinci cərgədə saxlayaraq piyada düşürtməsi müşahidə edilmişdir. Bununla da, X3 şikayətində və məhkəmə iclasında səsləndirdiyi fikirlərdə təkidlə inzibati xəta törətmədiyini bildirsə də, qeyd edilən hallar tam əksinə onun inzibati xəta törətdiyini və verdiyi ifadələrlə inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını sübuta yetirmişdir.

7. Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər.

8. İXM-in 346.4-cü maddəsinə görə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir.

9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin maddənin ikinci bəndində göstərilir ki, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə isə yol verilmir.

10. Göründüyü kimi, X3 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi ilə bağlı müraciətində göstərdiyi dəlillər əsasızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət üzrə xx.xx.2025-ci il tarixli, EQ 31032750 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur.

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7-ci maddəsinə görə inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır.

17. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31032750 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir.

18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31032750 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar