Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-78/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəis müavini X6 tərəfindən qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə olunması barədə tərtib edilmiş inzibati xəta haqqında MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (bundan sonra Agentlik) tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də əmək münasibətlərinin monitorinqi aparılmışdır. Monitorinq zamanı tərtib edilmiş akta əsasən 3 nəfərin əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyi göstərilmişdir. Bu məlumat əsasında DƏMX-də heç bir araşdırma aparılmadan Ş.C.Musayev barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. MMC tərəfindən DƏMX-nə vəsatət verilərək həmin 3 nəfər şəxsin inzibati icraata cəlb edilməsini və izahatlarının alınması xahiş edilmişdir. Yoxlama aktında adları qeyd olunan Vüsal Həsənov, Əli Qəniyev və Əkbər Gözəlov inzibati icraata cəlb olunmuşlar. Əlavə olaraq, MMC-nin hüquqşünası DƏMX-yə vəsatət verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə aparılan monitorinqin nəticələrinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət edilmişdir. Buna görə də, məhkəmə qərar qəbul edənədək inzibiat araşdırmanın dayandırılması xahiş olunmuşdur. Lakin, DƏMX tərəfindən vəsatətə münasibət bildirilmədən 24 dekabr 2024-cü il tarixli qərar qəbul edilmişdir. Halbuki, vəsatətin təmin olunmasından imtina edilmişdisə, bu barədə qərardad qəbul edilməli idi. Digər tərəfdən, aparılan monitorinq zamanı adları çəkilən 3 nəfər həmin vaxt hər hansı işə cəlb olunmamışlar. Həmin şəxslərin SİMA tətbiqi üzrə təsdiqi gözlənilirdi ki, daha sonra müqavilə üzrə əmək finksiyalarını həyata keçirsinlər. Bu səbəbdən həmin şəxslər (Əkbər Gözəlov istisna olmaqla) tikinti sahəsindən uzaqlaşdırılmışdır. Agentliyin əməkdaşları tikinti sahəsinə daxil olarkən adları çəkilən 3 nəfər tikinti sahəsində olmamış, sonradan yaxınlaşmışlar. Həmin şəxslərdən X11 əvvəllər bu müəssisənin işçisi olmuş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Daha sonra həmin şəxs yenidən müəssisədə işləmək üçün müracitə etmiş, onunla yenidən əmək münasibətləri yaranmışdır. Monitorinq zamanı X11 əmək müqaviləsi qüvvəyə minmədiyi üçün heç bir əməyə cəlb edilməmişdir. Onun müqaviləsi 07 noyabr 2024-cü il tarixdə qüvvəyə minmiş və həmin gün tikinti sahəsinə işləməyə buraxılmışdır. Digər şəxs X15 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, hörgüçü işinə qəbul olunmasını xahiş etmişdir. Lakin, onun şəxsiyyət vəsiqəsində problem olduğu üçün SİMA tətbiqi dəstəklənməmiş, bu səbəbdən həmin şəxsə sənədlərini qaydasına qoyduqdan sonra müraciət etməli olduğu bildirilmişdir. xx.xx.2024-cü il tarixədək Əli Qəniyevlə əmək münasibətləri olmamışdır. Monitorinq aparılan zaman həmin şəxsin əmək müqaviləsi hüquqi qüvvədə olmuşdur. Əkbər Gözəlov isə müəssisədə işləmək üçün monitorinq aparılan vaxt müraciət etmək üçün gəlmiş və heç bir əməyə cəlb olunmamışdır. Şikayət məhkəmənin icraatına qəbul edildikdən sonra X10 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, verdiyi şikayət ərizəsini baxılmadan geri qaytarmağı xahiş etmişdir. Məhkəmə sözügedən ərizəyə münasibətdə qeyd edir ki, “İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma” qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci fəsli ilə tənzimlənir və həmin fəsildə məhkəmənin icraatına qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan şikayətin sonradan şikayət verənin ərizəsi əsasında baxılmadan qaytarılması nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, X4 şikayət ərizəsinə məhkəmədə baxılmalı və inzibati qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X1 tikinti obyektində həyata keçirilmiş səyyar monitorinqin nəticələrinə dair arayışı və digər sənədləri məhkəmə yəqdim edərək, izahatında göstərdi ki, monitorinq aparılan zaman MMC tərəfindən işə cəlb edilmiş 13 şəxslə əmək müqaviləsinin bağlanıldığı, 3 şəxslə isə bağlanılmadığı aşkar olunmuşdur. Həmin 3 nəfər şəxs X15, X11 və X7r. Yoxlama aparılan zaman MMC-ni baş mühəndis X8 təmsil etmiş, izahatında qeyd etmişdir ki, Qəniyev Əlinin sənədlərini SİMA proqramı qəbul etmədiyinə görə sənədləri yarım saat gecikdirmişdir. Həsənov Vüsalın adı əvvəlcədən portalda olmuş, qardaşı rəhmətə getdiyi üçün müvəqqəti portaldan çıxarılmışdır. Gözəlov Əkbər yeni işə başladığına görə portala yerləşdirilməsi bu gün veriləcək. Beləliklə, müəyyən edilir ki, şikayətdə göstərilənlərin əsası yoxdur. Sonda N.C.Bəhərçinov şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib şikayəti və ona əlavə edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, X10 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarından müəyyən edilmişdir ki, X10 tərəfindən verilmiş şikayətdə göstərilən xüsusatlar inzibati tənbehdən yayınmaq məqsədi daşıyır və təqsirsiz olmasına dair qeyd olunan hallar məhkəmədə toplanmış sübutlarla təkzib edilir. Çünki adıçəkilən şəxslərin monitorinq aparılan tarixdə faktiki olaraq işə cəlb edilmələri "xxxx" MMC-nin yoxlamada iştirak edən nümayəndəsinin izahatı ilə öz təsdiqini tapmışdır. Belə olan halda, X4 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsinin tərkib əlamətlərinin olması istisna edilə bilməz. Eyni zamanda DƏMX-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, elektron informasiya sistemində X15 ilə əmək müqavəsi monitorinqin keçirildiyi gün saat 10:49-da, X11 ilə isə monitorinqdən bir gün sonra xx.xx.2024-cü il tarixdə bağlanmış, X9 isə aktiv əmək müqaviləsi əsasında başqa hüquqi şəxsin ("xxxx" QSC-nin) əməkdaşıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə müəyyən edilir. Göründüyü kimi, X10 tərəfindən qeyd olunan inzibati xətaya yol verilməməsi barədə müraciətində göstərdiyi dəlillər əsassızdır və məhkəmədə öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslıdır və bu barədə protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-78/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-78/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver