Məhkəmə qərarları › İş №3(001)-7849/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-7849/2025

27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-7849/2025 27.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 388-1.1.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialı nəzərdən keçirərək müəyyən etdim: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 388-1.1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur.

2. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən məhkəməyə göndərilmiş sözügedən materialdan müəyyən edilmişdir ki, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş Şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində fərdi evdə kirayədə yaşayır. İş materiallarına əlavə edilən Raportla müəyyən edilmişdir ki, Şəxs Tik- Tok sosial şəbəkəsi vasitəsilə müxtəlif vaxtlarda, o cümlədən xx.xx.2025-ci il tarixində DİN əməkdaşlarının ünvanlarına nalayiq ifadələr, şər və böhtan xarakterli həqiqətə uyğun olmayan ifadələr işlətmişdir. Bu məqsədlə də Şəxs şəxsiyyəti müəyyən edilərək barəsində İXM-nin 388-1.1.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

3. Məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə şəxsin qeydiyyat yeri üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.

4. Belə ki, İXM-in 388-1.1.1-ci maddəsinin dispozisiyasında inzibati məsuliyyət yaranması əsası kimi “İnformasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi” halı göstərilmiş, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3.9-cu maddəsinə görə isə yayılması qadağan edilən informsiyalar siyahısına təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar qeyd edilmişdir. Həmin qanunun 13-4cü maddəsinə görə bu fəslin müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İXM-in 388-1-ci maddəsinin qeyd hissəsinə görə isə 388- 1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

5. CM-nin 147.1-ci maddəsinə görə Böhtan dedikdə yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, təhqir dedikdə isə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. CPM-nin 37-ci maddəsinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir.

6. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2014-cü il 21 fevral tarixli 3 nömrəli qərarının 12-ci bəndinin 4-cü abzasında nəzərdə tutulmuş müddəaya görə “Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır”. Bu kateqoriyadan olan cinayət işlərinə baxarkən aidiyyatın müəyyənləşdirilməsində mövcud ziddiyyətli halları aradan qaldırmaq üçün Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1-8/1-500/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 1-8/1-1647/2024 nömrəli 3 ulduzlu qərarında belə izah verilmişdir ki, CPM-də nəzərdə tutulmuş məhkəmə qərarının qanuniliyinə və əsaslılığına dair tələblər həm də onu ehtiva edir ki, qərarda ifadə olunmuş məhkəmə qənaəti aydın və birmənalı olmalıdır. Bu tələblərə məhkəmə aidiyyəti ilə bağlı məsələni həll edən hazırlıq iclasının qərarı da cavab verməli, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə başqa məhkəməyə göndərilirsə, qərarın təsviri-əsaslandırıcı hissəsində hansı faktiki və hüquqi əsaslara görə şikayətin bu məhkəməyə deyil, başqa (konkret) məhkəməyə aid olduğu əsaslandırılmalı və məhkəmənin qənaətinə görə şikayətə baxmaq səlahiyyətində olan məhkəmə dəqiqliyi ilə müəyyən olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində “şəxsin yaşayış yeri” anlayışına aid edilən yerlər özü-özlüyündə, yəni şəxsiyyət vəsiqəsində yaşayış yeri qismində göstərilib-göstərilməməsindən (şəxsin həmin yaşayış yeri üzrə qeydiyyata alınıb-alınmamasından) asılı olmayaraq deyil, yalnız bu qisimdə şəxsiyyət vəsiqəsində göstərilmiş yer olduğu halda sözügedən qanunun məqsədləri baxımından şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Yəni bu və ya digər yerin həmin müddəada “şəxsin yaşayış yeri” anlayışı ilə ehtiva olunanlara sadəcə aid edilməsi deyil, məhz şəxsiyyət vəsiqəsində yaşayış yeri (yaşayış yeri üzrə qeydiyyata alındığı ünvan) olaraq göstərilməsi həmin yerin şəxsin yaşayış yeri olaraq qiymətləndirilməsini şərtləndirir.

7. Müvafiq olaraq da şəxsin şəxsiyyət vəsiqəsində onun yaşayış yeri kimi göstərilməyən yerlər, hətta onun özünə məxsus yaşayış binası, mənzil belə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində bəyan edilmiş məqsədlər (o cümlədən məhkəmə icraatlarının həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə şəxs arasında kommunikasiyanın qurulması) baxımından onun yaşayış yeri hesab edilmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində göstərilən (yuxarıda təsvir edilmiş) digər müddəaya, habelə həmin Qanunun 10-cu maddəsinə görə şəxsin müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər ictimai yerlər, qohumunun, tanışının, özünün yaşayış binası (şəxsin həmin yerlərdə olması yaşayış yeri üzrə qeydiyyatın aparılmasını və yeni şəxsiyyət vəsiqəsinin verilməsini deyil, yaşayış yeri üzrə qeydiyyat ləğv edilmədən şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını tələb edən hal olduğu üçün) “şəxsin yaşayış yeri” sayılmır və “şəxsin olduğu yer” anlayışı ilə əhatə olunur.

8. Beləliklə, hüquqi ünvanı məlum olmayan və qeydiyyat ünvanı Azərbaycan Respublikası ərazisi olmayan informasiya və komunikasiya şəbəkələri vasitəsilə törədilən cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirilən cinayətlərə münasibətdə Ali Məhkəmənin Plenum qərarı və xüsusi ittihamla bağlı aidiyyatın müəyyən edilməsi məqsədilə qəbul etdilən 3 ulduzlu qərarları cinayəti törədənin qeydiyyatda olduğu yer üzrə (şəxsiyyət vəsiqəsi ilə müəyyən edilən) məhkəməni səlahiyyətli hesab etmişdir.

9. Hazırkı inzibati işdə də eyni halla rastlaşdığımızdan məhkəmə hesab edir ki, internet informasiya ehtiyatlarından və ya informasiya-telekominikasiya şəbəkələrindən istifadə etməklə törədilən və hüquqi ünvanı bəlli olmayan inzibati xətalarda aidiyyat inzibati xətanı törədənin qeydiyyat ünvanı üzrə yerləşən məhkəmə olmalıdır.

10. İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.

11. İXM-in 106.0.1-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin həll etməli olduğu məsələlərdən biri də işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını yoxlamasıdır.

12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar).

13. Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur.

14. Məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur.

15. Qeyd edilməlidir ki, İXM-in 43, 44 və 110-cu maddələrində inzibati xətalar haqqında işlərin aidiyyət məsələləri müəyyən edilmiş, Məcəllənin 106.0.1, 109.1.7, 112.4, 114.3 və 134.1.5-ci maddələri isə işə aidiyyəti üzrə baxılmasını təmin etmək üçün hüquqi vasitələr nəzərdə tutmuşdur.

16. Eyni zamanda İnzibati Xətalar Məcəlləsi inzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyətinin müəyyən edilməsində baş vermiş səhvlərin aradan qaldırılması yollarını tənzimləmişdir. Belə ki, əgər məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir.

17. İnzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyəti pozulduqda isə İXM-in 110cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsi).

18. İXM-in 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır.

19. İXM-in 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır.

20. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 388- 1.1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 110 və 112-ci maddələrini rəhbər tutaraq,

qərara aldım:

Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar