Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8/2023 15.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X14 katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, X3 xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 22:00 radələrində özünə məxsus **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi şossesi, Zəngəzur küçəsində hərəkətdə olarkən, “İnfiniti” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qadağanedici (qırmızı) işığında ona məxsus avtomobili vurmuşdur. Hadisə yerinə gələn “AZSİGORTA” icbari sığorta şirkətinin əməkdaşları və sürücü özü də hadisənin onun təqsiri üzündən olduğunu etiraf etmişlər. Lakin, Binəqədi Rayon DYPŞ-nin inspektoru, polis leytenantı X7 onun təqsiri olmadan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2022-ci il tarixli İXP4730792 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokolla tanış olarkən ona məlum olmuşdur ki, video görüntülər qeydə alınarkən həmin ərazidəki nişanların tələbləri nəzərə alınmamışdır. Belə ki, həmin videodan da açıq-aydın görünür ki, “İnfiniti” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qadağanedici işığında hərəkəti davam etdirərək hadisəni törətmişdir. Hadisə ərazidə yerləşən TŞ8-037 saylı təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmışdır. Nəticə etibarı ilə “İnfiniti” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir.) inzibati xətanı törətməklə ona məxsus avtomobilə xeyli ziyan vurmuşdur. Göstərilənlərin Həmin ərazidə yerləşən TŞ8-037 saylı təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınmış xx.xx.2022-ci il tarixdə video qeydiyyata baxmaq yetərlidir. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, heç bir inzibati xəta törətmədiyindən və yol hərəkəti qaydalarını pozmadığından əsassız olaraq barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərar ləğv edilməlidir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi, Binəqədi RPİ-nin X17 Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətin dəlillərinə uyğun çıxış edərək verilmiş şikayətin təmin edilməsini və Binəqədi RPİ-nin X17 Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 müdafiəçisi Bakı şəhəri Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X9 şikayətin dəlillərinə uyğun çıxış edərək, Binəqədi RPİ-nin X17 Şöbəsinin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında çıxış edən Binəqədi Rayon Polis İdarəsinin X17 Şöbəsinin nümayəndəsi X8 şikayəti əsassız hesab etməklə yanaşı bildirmişdir ki, “Kia Optima” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi Şossesi ilə hərəkət edən zaman birbaşa sola hərəkət etmək üçün Zəngəzur küçəsi istiqamətinə dönməli, oradan geriyə dönüş edərək hərəkət etməli olduğu halda Zəngəzur küçəsi istiqamətinə ümumiyyətlə dönməmiş, avtomobili Binəqədi Şossesi ilə Zəngəzur küçəsinin kəsişməsində sağ tərəfdən bir neçə metr irəliyə doğru hərəkət etdirərək saxlamış, sonradan sola dönmək istəyən zaman Binəqədi Şosessi ilə düzünə hərəkət edən“İnfiniti” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. X2 Şosessi ilə hərəkətdə olan zaman sola dönmə əməliyyatını düzgün yerinə yetrmədiyi üçün həmin yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu səbəbdən onun barəsində İXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbehvermə haqqında qərar qəbul olunmuşdur. Hazırda şikayətçi X5 “İnfiniti” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin svetaforun qırmızı-yəni qadağanedici nişanında hərəkət etdiyini, yol-nəqliyyat hadisəsinin də məhz bu səbəbdən baş verdiyini bildirsə də, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş videogörüntüdən də göründüyü kimi, “İnfiniti” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil svetaforun sarı işığında hərəkət etmişdir. “Yol hərəkəti haqqında” qanunun 41-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətə başlamazdan,yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin qanunun 42-ci maddəsinin V hissəsinə görə sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Mövcud halda “Kia Optima” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 özündən soldakı nəqliyyat vasitəsinə yol verməmiş, təhlükəli manevr etməklə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi Rayon Polis İdarəsinin X17 Şöbəsinin nümayəndəsi X8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi üçün ekspert vəsatətində göstərilən materialların onlar tərəfindən məhkəməyə təqdim edilməsi mümkünsüzdür, belə ki, inzibati xətanın törədilməsi nəticəsində yol nəqliyyat-hadisəsi baş verən zaman ekspert vəsatətində göstərilən məsələlər araşdırılmır. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, işin hallarının tam və hərtərəfli araşdırılması məqsədilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2923/2022 saylı, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə məhkəmə-avtotexniki ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli məlumatından görünür ki, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Bu səbəbdən, xx.xx.2023-cü il tarixli qərar ilə iş üzrə icraat məhkəmənin təşəbbüsü ilə təzələnmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati təbeh vermə haqqında qərardan görünür ki, X5 “Kia Optima” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. AD 949663 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kia Optima” minik markalı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. Məhkəmə iclasında verilmiş şikayətin dəlilləri inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş yol-nəqliyyat hadisənin baş verməsini əks etdirən videogörüntü ilə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi Bakı şəhəri Binəqədi şossesi, Zəngəzur küçəsində baş vermişdir. Belə ki, “Kia Optima” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Binəqədi Şossesi ilə hərəkət edən zaman birbaşa sola hərəkət etmək üçün Zəngəzur küçəsi istiqamətinə dönməli, oradan geriyə dönüş edərək hərəkət etməli olduğu Binəqədi Şossesi ilə Zəngəzur küçəsinin kəsişməsində sağ tərəfdən bir neçə metr irəliyə doğru hərəkət etdirərək saxlamış, sonradan sola dönmək istəyən zaman Binəqədi Şosessi ilə düzünə hərəkət edən “İnfiniti” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil sfetaforun sarı işığı yanan zaman hərəkətini üzünə davam etdirmiş və bu zaman hər iki avtomobil toqquşmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin 3cü bəndinə əsasən svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması — bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb- sönməsi — bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi — hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi — bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması — bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 4cü bəndinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş videogörüntüdən göründüyü kimi, İnfiniti” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil svetaforun sarı işığı yanan zaman hərəkətini düzünə davam etdirərək “Kia Optima” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Belə olduğu halda məhkəmə belə nəticəyə gəlir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin 3-cü bəndinə əsasən İnfiniti” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil svetaforun sarı rəngli işığın yanması zamanı hərəkətini dayandırmalı olduğu halda dayandırmaması, nəticədə “Kia Optima” markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində yolnəqliyyat hadisəsinin baş verməsi xüsusatı araşdırılmamış, X3 barəsində İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 75.0.3-cü inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan X3 xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-8/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8/2023
15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver