Məhkəmə qərarları › İş №3(001)-8018/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8018/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8018/2025 26.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. X3 məhkəməyə müraciət edərək, inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının inzibati Xətaiar Məcəlləsinin 327.2-ci (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) maddəsi ilə EQ.seriyalı, 31059693 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və tənbeh vermə haqqında qərar çıxarılaraq 100 manat məbləğində inzibati cərimə və 3 bal tətbiq edilmişdir. Lakin barəsində tərtib olunmuş həmin protokoldan və tətbiq olunmuş inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Belə ki, o, şikayətə əlavə etdiyi sənədlərdən göründüyü kimi xx.xx.2025-ci il tarixdə bolt vasitəsi ilə ayıq sürücü çağırmışdır. xx.xx.2025ci il tarixdə saat 02:24-də həmin ayıq sürücü gəlmiş və onu sifariş etdiyi ünvana saat 03.03-də çatdırmışdır. İnzibati xəta haqqında protokoldan da göründüyü kimi ona tətbiq olunmuş inzibati xəta haqqında protokol isə xx.xx.2025-ci il tarixdə saat 02.41.02-də qeydə alınmışdır. Ona görə, hesab edir ki, barəsində təbiq olunmuş inzibati tənbeh vermə haqqında qərar yanlışdır. Həmçinin ayıq sürücü kimi çağırdığı Şahid da yuxarıda göstərilənləri təsdiqləyə bilər. Proses iştirakçısının izahatı:

3. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətini müdafiə edib, onun məzmununa uyğun çıxış edərək, 03 oktyabr 2025-ci il tarixdə çağırdığı ayıq sürücünün onun avtomobilini idarə etdiyini, qanunsuz olaraq barəsində cərimə tətbiq edildiyini, həmin vaxt avtomobili idarə edən olmadığından heç bir inzibati xəta törətmədiyini, bununla bağlı məhkəmədən əvvəl polisə gedərək ayıq sürücü ilə birgə ərizə yazdığını, işinə qanuni yolla baxıb qərarı ləğv edərək, ayıq sürücü barəsində protokol tərtib edib qərar qəbul edəcəklərini bidirsələr də, müraciətlərinə baxılmadığını, bu səbəbdən də məhkəməyə müraciət etməli olduğunu qeyd edib, məhkəmədən şikayətin təmin edilməsini və barəsində qəbul edilmiş qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək, Bolt Şirkətində ayıq sürücü kimi işlədiyini, 03 oktyabr 2025-ci il tarixdə Bolt proqramı vasitəsilə iki istiqamətli sifariş alaraq X1 olduğu yerə getdiyini, həmin tarixdə sonuncuya məxsus nəqliyyat vasitəsini üzü Nərimanov metrosu istqamətində idarə etdiyini, bu zaman işıqfor kor nöqtədə olduğundan onun sarı işığını görməyərək sarı işıqda keçdiyini, işıqforu keçdikdən sonra qırmızı işığın yandığını, həmin vaxt X1 avtomobilinin onun tərəfindən idarə edildiyini bildirmişdir. Şahid izahatına onu da əlavə etmişdir ki, sifarişçi Bolt üzərindən şikayət yazdıqdan sonra sürücü ilə əlaqə saxlamış və birlikdə polisə gedərək, lazımı izahatları vermiş və sənədlərini təqdim etmişdir. Hal-hazırda bu məsələ ilə bağlı Boltda fəaliyyətini davam etdirə bilmir. Belə ki, barəsində verilmiş şikayət üzrə fəaliyyəti müvəqqəti dayanadırılmışdır. Məhkəmədən mməlini etiraf etdiyini, lakin qəsdli olmadığını bildirərək, qanuni tədbir görülməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 02:41-də QİS6-Ə.Rəcəbli-F.X.Xoyski küçəsi, Nərimanov metrosu ist 1 ərazisində “X5” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi” qaydalarını pozduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilmişdir.

7. Bolt Şirkətinin verilmiş sifarişə dair portal çıxarışlarından görünür ki, X3 tərəfindən 03 oktyabr 2025-ci il tarixdə saat 02:08-də iki istiqamətli ayıq sürücü sifarişi verilmiş, həmin sifariş üzrə Şahid ayıq sürücü olaraq təyin edilmişdir. Sifarişin başlanma vaxtı saat 02:21 olaraq, sonlanma vaxtı isə saat 03:03 olaraq müəyyən edilmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi:

8. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

9. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, X1 03 oktyabr 2025-ci il tarixdə saat 02:08-də verdiyi iki istiqamətli ayıq sürücü sifarişi üzrə Şahid ayıq sürücü olaraq təyin edilmiş, sifarişin başlanma vaxtı saat 02:21, sonlanma vaxtı isə saat 03:03 olaraq müəyyən edilmişdir. Mübahisələndirilən qərar üzrə inzibati xətanın törədilmə vaxtı 03 oktyabr 2025-ci il tarixdə saat 02:41-də qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən edilir ki, xətanın baş verdiyi yer Məmmədov İlqarın sifariş üzrə getməli olduqları ərazi ilə üst-üstə düşür.

10. Toplanmış sübutlardan belə qənaətə gəlməyə əsas veriri ki, X2 məxsus “X5” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 02:21-dən 03:03-dək sahibi X3 tərəfindən deyil sonuncunun verdiyi ayıq sürücü sifarişi üzrə Şahid tərəfindən idarə edilmişdir. Belə olan halda aydın olur ki, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkib əlamətinin olması az inandırıcıdır və onun əməlində həmin inzibati xətanın olması mümkün hesab edilə bilməz.

11. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə müəyyən edilmişdir.

12. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

13. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

20. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

21. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

X3 tərəfindən verilmiş şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31059693 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar