Məhkəmə qərarları › İş №3(001)-8019/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8019/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8019/2025 31.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Bağbanlar ərazi dairəsi, Bağbanlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 vətəndaş Şəxs barəsində İXM-in 510cu maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində “Tam store” marketin yanında vətəndaş X3 ilə mübahisə edərək ictimai qaydanı pozmuş və bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində “Tam store” marketin yanında vətəndaş X3 ilə mübahisə edərək ictimai qaydanı pozmuşdur. Bu səbəbdən həmin şəxslər bölməyə dəvət edilərək izahatları alınmış və Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkibi olduğundan barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək bildirmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixində onun maşınına iki nəfər müştəri minmiş və onlar maşınla gedərkən, maşını işıqforda saxlamış, bu zaman sağ tərəflərində bir maşın da saxlayaraq, ona maşını düzgün sürməməsi əsası ilə söyüşlü ifadələr işlətmişdir. Müştərilər maşının arxa tərəfində oturmuşlar və pəncərə də bir qədər açıq olmuş, bu zaman onlardan bir nəfər söyüş söyən sürücüyə “niyə söyüş söyürsən” deyə müraciət etmişdir. Qonşu maşındakı sürücü isə söyüşünə davam edərək “qabaqda ver saxla, başa salacam niyə söyürəm” deyə cavab vermişdir. İşıqforun yaşıl işığı yananda o baş verənlərə heç bir reaksiya vermədən yoluna davam etmək istəmiş, lakin bir qədər gedən kimi həmi maşın sürətlə qabağa keçərək onun maşının qabağını kəsmişdir. Təxminən Biləcəri tərəfdə “Tam store” marketin qabağında onlar dayanmalı olmuşlar. Bundan sonra maşının içindən düşən sürücü onun maşının nömrəsini əlindəki telefonla çəkmiş, o isə “qardaş nə baş verib, nə üçün çəkirsən” deyə müraciət etmişdir. Lakin sürücü yenə söyüşlə cavab verdikdə sərnişinlər maşından düşərək sürücüyə doğru getmiş və bir daha ona söyüşlə söyməməsi üçün irad bildirmişlər. Bu zaman həmin sürücü ona “sənlik bir şey yoxdur, çıx get” deyə bildirmiş, o da həmin yerdən çıxıb getmişdir. Barəsində protokol tərtib edilən şəxs onu da ifadəsinə əlavə etmişdir ki, həmin sürücü polis olduğunu bildirmiş, və onları hədələmişdir. Ondan bir gün sonra onu 6-cı polis bölməsinə dəvət etmişlər, o da baş verənləri danışmış və digər iki sərnişini tanımadığını sadəcə müştəri olduğunu bildirsə də onu 2 gün inzibati qaydada tutduqdan sonra məhkəmə qarşısına çıxarmışlar. Sonda haqqında protokol tərtib edilmiş Şəxs məhkəməyə bildirmişdir ki, belə hal birinci dəfədir ki, baş vermişdir. Məhkəmədən qeyd edilənləri nəzərə almağını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:

4. xx.xx.2025-ci il tarixli, AZA 025045 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 oktyabr 2025-ci il tarixdə saat 18:15-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

5. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində “Tam store” marketin yanında ictimai qaydanı pozaraq İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

6. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vətəndaş X4 xəsarətlə bağlı ekspertizadan keçməkdən imtina etdiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

7. Məhkəmə, proses iştirakçılarını dinləyib dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədiqi edərək hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

8. Belə ki, İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə müəyyən edilmişdir.

9. Göründüyü kimi, qanunverici tərəfindən qeyd olunan normada ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlığın tərkibini yaradır. Yəni burada əsas məsələ ictimai qaydanı qorumaqdan ibarətdir ki, həmin maddənin digər hissələri özlüyündə şəxsi və əmlak toxunulmazlığını özündə ehtiva edir. Qeyd edilməlidir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.

10. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozmağa dair heç bir hərəkət müəyyən edilmir. Çünki məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs vətəndaş X1 özbaşına hərəkətləri ilə məcbur qalaraq maşınından düşməli olmuş, onunla heç bir sözlü mübahisə etməmiş və ərazidən elə onun təklifi ilə də uzaqlamışdır. Qeyd edilən hallar istər barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, istərsə də protokolu tərtib etmiş şəxsin məhkəmə iclasında verdiyi izahatlarla öz təsdiqini tapmışdır. Bu isə onu göstərir ki, Şəxs hərəkətləri ictimai qaydanın pozulmasına yönələn hərəkətlər olmamışdır.

11. Həmçinin qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bununla yanaşı, qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan, yəni qəsdən və ya ehtiyatsızlıqdan törədilən və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur.

12. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs İXM-in 510-cu maddəsi ilə təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan hallar sonucunun təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir.

13. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.

14. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

15. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

16. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

17. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.

18. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.

19. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.

20. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

21. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar