Məhkəmə qərarları › İş №3(001)-802/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-802/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-802/2022 09.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Protokolu tərtib etmiş İnzibati orqan Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 iştirakı ilə xx.xx.1984-cü ildə Masallı rayonu, Qədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən korpus 9 ünvanı nömrəsiz fərdi evdə yaşayan X5 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 barəsində 08.09.2021-ci il tarixdə Binəqədi qəsəbəsi, İ Mədən, korpus 9 ünvanda "xxxx" ASC-yə məxsus avtomobildən 40 litr dizel yanacağını oğurlaması ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsi tərəfindən 09.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və MN ******* saylı, 09.03.2022-ci il tarixli qərardadla Binəqədi Rayon Məhkəməsinə göndərilmşdir. Məhkəmə iclasında iştirak edən Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X6 izahatında bildirmişdir ki, Binəqədi qəsəbəsi, İ Mədən, korpus 9 ünvanda "xxxx" ASC-yə məxsus avtomobildən 40 litr dizel yanacağını oğurlaması ilə bağlı DİN-in 102 xidməti zəng mərkəzi sisteminə X1 tərəfindən müraciət daxil olmuşdur. Müraciət əsasında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəməyə ərizə təqdim edərək, müqavilə əsasında vəkili olduğu üçün dövlət hesabına təyin edilmiş vəkilin müdafiəsindən imtina etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X8 izahatında bildirmişdir ki, inzibati xəta haqqında tənbeh tədbiri tətbiq edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, onun tərəfindən protokolda qeyd edilən inzibati xəta törədilməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs vəkili bildirmişdir ki, protokoda zərərçəkmiş barədə məlumat mövcud deyil. Hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən belə bir əməl törədilmədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis kapitanı X7 01.02.2022-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Əlavə olaraq məhkəmədə tətqiq edilmiş iş materialları ilə X8 tərəfindən protokolda qeyd edilmiş əməlin törədilməsi öz təsdiqini tapmır. Belə ki, PB tərəfindən natamam araşdırma aparılmış, heç bir sübut toplanılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibinin yaranması üçün dəymiş ziyan və zərərçəkmiş mövcud olmalıdır. Lakin iş materialalrından da göründüyü kimi zərərçəkmiş müəyyən edilməmiş, vurulduğu iddia edilən zərərin kimə vurulması müəyyənləşdirilmədən, zərərçəkmişin izahatı alınmadan, aralarında barışıq olub-olmadığı aydınlaşdırılmadan natamam protokol tərtib edilmişdir. Məhkəmə tərəfindən dindirmə zamanı X5 protokolda qeyd edilən ona törətdiyi istinad edilən əməldən xəbərsiz olması, izahatının hansı şəreaitdə təzyiq altında alınıbalınmaması, vəkilin ona təqdim edilməməsi və müdafiə hüququnun pozulması, izahatının deyildiyi kimi yazılmaması və imzalayarkən oxumaması halları məhkəmədə oğurluq hadisəsinin mövcudluğuna kifayət qədər şübhə yaratmışdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin İXM-nin 227-ci maddəsinin dispozisiyasından da göründüyü kimi oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq xırda talama hesab edilir. Şəxs tərəfindən törədilməsi və onun əməli nəticəsində ziyan vurulmadığından İXM-nin 227-ci maddəsi üzrə inzibati xəta tərkibi yaranmır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar