Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-802/2025 07.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-cı polis bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, FİN: xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5cı polis bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-cı polis bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-cı polis bölməsinin sahə rəisi, polis mayoru X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat təxminən 12:00 radələrində 5-ci polis bölməsinə gətirilmişdir. Polis bölməsinə gətirilmə səbəbi kimi tərtib olunmuş raporta əsasən Babazadə X2 rayonu, A.Kunanbayev küçəsi, ev 76 ünvanının qarşısında ictimai asayişi pozmuş, xırda xuliqanlıq əməllərinə yol vermişdir. Polis əməkdaşları şəxsə əməllərinə son qoyması ilə bağlı xəbərdarlıq etmişdir. Lakin, Şəxs polis əməkdaşlarının göstərişlərinə əməl etməmişdir. Nəticədə şəxs 5-ci polis bölməsinə gətirilmişdir. Şəxs barəsində tərtib olunmuş raport onun icraatına daxil olmuş, Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olduğundan sonuncu barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs verdiyi izahatında bildirmişdir ki, onu əvvəlcə polis bölməsinə aparmışlar. Belə ki, ona zəng gəlmiş, daha sonra polis əməkdaşları onun avtomobilinə yaxınlaşaraq bölməyə dəvət etmişlər. Bölməyə dəvət olunmağının səbəbi onun avtomobilində quraşdırılmış video-qeydiyyat cihazı vasitəsi ilə qeydə alınmış video olmuşdur. Həmin videoda görünür ki, YPX-nin əməkdaşı döngənin çıxışında xidməti avtomobili saxlamışdır. O, əgər həmin döngəni sürətlə çıxsa idi, dövlət əmlakına ziyan vura bilərdi. Buna görə də həmin görüntünü sosial şəbəkə hesabında paylaşmışdır. O, ucadan telefonla danışmaqla heç bir qayda pozuntusu törətməmişdir. Həmin görüntüləri də silmişdir, sözügedən hadisə hava limanı yolu üzərində baş vermişdir. Heç bir polis əməkdaşına tabesizlik göstərməmiş və heç bir ictimai qaydanı pozmamışdır. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Şahin Sadıqov ilə birlikdə xidməti ərazidə xidmət apararkən Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 76 ünvanın qarşısında bir nəfər şəxsin öz avtomobilində uca səslə danışdığını görmüşlər. Bundan sonra Şəxs yaxınlaşmışlar, sonuncu isə öz növbəsində onlara əsəbi olduğunu bildirmişdir. Bundan sonra Şəxs polis bölməsinə gətirmişlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 3 binanın qarşısında xırdı xuliqanlıq etmiş və polisin tələbinə tabe olmamışdır. Odur ki, barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Şahin Sadıqov və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib olunmuş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 3 ünvanda olarkən 1 nəfər şəxsin mobil telefonla ucadan danışaraq ictimai asayişi pozduğunu görmüşlər. Şəxsə yaxınlaşaraq bu cür hallara son qoymasını tələb etmişlər, şəxs isə əsəbi halda məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Onlar şəxsdən bu cür hallara son qoymasını xahiş etsələr də, şəxs onlara məhək qoymamışdır. Daha sonra şəxsi bölməyə dəvət etmişlər. xx.xx.2025-ci il tarixli AZA 019099 nömrəli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:00-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xırda xuliqanlıq etməsi və yaxud polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs konkret olaraq hansı hərəkətləri ilə xırda xuliqanlıq etməsi yaxud polisin hansı qanuni tələblərinə tabe olmaması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında izahat vermiş protokol tərtib etmiş şəxs hadisənin birbaşa şahidi olmamışdır, icraatına daxil olmuş raport əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Hazırki iş üzrə isə səlahiyyətli orqan tərəfindən məhkəməyə hər hansı bir başqa sübut təqdim olunmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta törətməsi yalnız şahid ifadəsi ilə təsdiq oluna bilər. Odur ki, məhkəmə iclası zamanı Şəxs tərəfindən törədilməsi istinad edilən inzibati xətanın şahidi olmuş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X6 məhkəmənin təşəbbüsü ilə çağırılaraq izahatı alınmışdır. Şahidin izahatında göstərdiyi xüsusatlar isə Şəxs İXM-nin 510 və ya 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi qənaətinə gəlməyə əsas vermir. Belə ki, X4 bildirdiyinə görə Şəxs öz avtomobilində uca səslə danışdığını görmüşdür. Bundan sonra Şəxs yaxınlaşmışlar, sonuncu isə onlara əsəbi olduğunu bildirmişdir. Nəticədə, Şəxs polis bölməsinə gətirilmişdir. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Nəzərə alınmalıdır ki, Şəxs məhkəmə iclasında və inzibati xəta haqqında iş üzrə aparılmış araşdırma zamanı vermiş izahatında polisin hər hansı bir qanuni tələbinə tabesizlik göstərmədiyini və xırda xuliqanlıq etmədiyini, sosial şəbəkədə paylaşdığı videoya görə polis bölməsinə çağırıldığını bildirmişdir. Odur ki, hazırki halda Şəxs xuliqanlıq etməsini, həmçinin polis əməkdaşları tərəfindən Şəxs yönələn tələbin qanuni olmasını hər hansı bir sübut təqdim olunmadığından müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, İXM-in 510-cu maddəsinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Xırda xuliqanlıqla bağlı inzibati xətalara baxarkən şəxsin törətdiyi hərəkətlər aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir:
1. İctimai davranış qaydalarının pozulması
2. Əxlaq normalarına uyğunluğun pozulması Hazırki iş üzrə Şəxs hərəkətlərinə ictimai davranış qaydalarının pozulması yaxud onun hərəkətləri ilə əxlaq normalarına uyğunluğun pozulması müşahidə olunmur. Fərz etsək ki, hadisə şahidin izahatında qeyd etdiyi kimi baş vermişdir. Həmin halda Şəxs öz avtomobilində uca səslə danışmışdır. Şəxsin öz avtomobilində kimləsə uca səslə danışması hər bir halda ictimai davranış qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, bu halda şəxsin kimlə danışması, yaranmış münaqişənin nədən qaynaqlanması, ətrafda digər insanların olması, danışıq zamanı vulqar sözlərdən istifadə edilib-edilməməsi və digər obyektiv hallar qiymətləndirməklə şəxsin təqsirli olması qənaətinə gəlmək olar. İndiki halda isə Babazadə uca səslə telefonla danışması xırda xuliqanlıq kimi qiymətləndirilmişdir ki, bu da yol verilməzdir. Bundan başqa Şəxs əməlində İXM-nin 535.1-ci maddəsi ilə protokol ona görə tərtib olunmuşdur ki, o, polis əməkdaşlarının hərəkətlərinə son qoymaq barədə tələbinə tabe olmamışdır. Halbuki, İXM-nin 535.1-ci maddəsində məsuliyyət polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalıdır. Hazırki iş üzrə isə Şəxs hərəkətlərində ictimai davranış qaydalarının pozulması müşahidə olunmadığı üçün polis əməkdaşlarının ona hərəkətlərinə son vermək barədə tələbi qanuni ola bilməz. O cümlədən, Şəxs yönələn tələb qanuni olsa belə, onun hansı hərəkətləri ilə polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamış, hadisənin şahidi olmuş polis əməkdaşı isə məhkəmə iclasında verdiyi izahatında Şəxs onlara əsəbi olduğunu söyləməsini, bundan sonra Şəxs bölməyə gətirilməsini bildirmişdir. Şəxsin ona yönələn tələb qanuni olduğu halda belə, “əsəbi” olduğunu bildirməsi heç bir halda İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərini yaratmır, hər hansı bir şəxsin “əsəbi” olmasına görə polis bölməsinə gətirilməsi isə qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri mövcud deyildir. . İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 5-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər.
Hakim: Zamiq Bağırov