Məhkəmə qərarları › İş №3(001)-8021/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8021/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8021/2025 31.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 232-1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X6 vətəndaş Şəxs barəsində İXM-in 510 və 232-1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində “Tam store” marketin yanında vətəndaş X4 ilə mübahisə edərək ictimai qaydanı pozmuş, eyni zamanda onun maşınına 200 AZN dəyərində zərər vurmuş, bununla da İXM-in 510 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Proses iştirakçılarının ifadələri:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X6 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində “Tam store” marketin yanında vətəndaş X4 ilə mübahisə edərək ictimai qaydanı pozmuş, eyni zamanda onun maşınına 200 AZN dəyərində zərər vurmuşdur. Bu səbəbdən həmin şəxslər bölməyə dəvət edilərək izahatları alınmış və Şəxs əməlində İXM-in 510 və 232-1-ci maddələrinin tərkibi olduğundan barəsində İXM-in 510 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək bildirmişdir ki, o və dostu X7 manatlıq taxi ilə gedərkən, maşın işıqforda saxlamış, bu zaman sağ tərəflərində bir maşın da saxlayaraq, onların taksi sürücüsünə maşını düzgün sürməməsi əsası ilə söyüşlü ifadələr işlətmişdir. Onlar maşının arxa tərəfində oturmuşlar və pəncərə də bir qədər açıq olmuş, bu zaman o söyüş söyən sürücüyə “niyə söyüş söyürsən” deyə müraciət etmişdir. Qonşu maşındakı sürücü isə söyüşünə davam edərək “qabaqda ver saxla, başa salacam niyə söyürəm” deyə cavab vermişdir. İşıqforun yaşıl işığı yananda onların maşınını sürən sürücü baş verənlərə heç bir reaksiya vermədən yoluna davam etmək istəmiş, lakin bir qədər gedən kimi həmi maşın sürətlə qabağa keçərək onların maşının qabağını kəsmişdir. Təxminən Biləcəri tərəfdə “Tam store” marketin qabağında onlar dayanmalı olmuşlar. Bundan sonra maşının içindən düşən sürücü onların maşın nömrəsini əlindəki telefonla çəkmiş, taxi sürücüsü isə ona “qardaş nə baş verib, nə üçün çəkirsən” deyə müraciət etmişdir. Lakin sürücü yenə söyüşlə cavab verdikdə o dostu ilə maşından düşərək sürücüyə doğru getmiş və bir daha ona söyüşlə söyməməsi üçün irad bildirmişlər. Bu zaman həmin sürücü onların mindiyi taksinin sürücüsünə “sənlik bir şey yoxdur, çıx get” deyə bildirmiş, o və dostu ilə sözlü mübahisəyə çıxmışdır. Barəsində protokol tərtib edən şəxs onu da ifadəsinə əlavə etmişdir ki, həmin sürücü polis olduğunu bildirmiş, daha sonra onları hədələyərək hadisə yerindən getmək üçün maşınına minərkən o maşının arxa tərəfinə ayağı ilə təpik vurmuşdur. Ondan bir gün sonra həm özü, həm də dostu 6-cı polis bölməsinə dəvət edilmiş 2 gün inzibati qaydada tutulduqdan sonra məhkəmə qarşısına çıxarılmışdır. Sonda haqqında protokol tərtib edilmiş Şəxs məhkəməyə bildirmişdir ki, belə hal birinci dəfədir ki, baş vermişdir. Hazırda törətdiyi inzibati xətadan peşmandır. Məhkəmədən ona yüngül tənbeh verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

4. xx.xx.2025-ci il tarixli, AZA № 025047 inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 29 oktyabr 2025-ci il tarixdə saat 18:15-dıə inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.

5. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində “Tam store” marketin yanında ictimai qaydanı pozaraq İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

6. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində “Tam store” marketin yanında vətəndaş X1 maşınına 200 AZN dəyərində maddi ziyan vuraraq İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.

7. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, vətəndaş X5 xəsarətlə bağlı ekspertizadan keçməkdən imtina etdiyi üçün cinayət işinin başlanması rədd edilmiş, onun şifahi ifadəsi əsasında müəyyən edilmişdir ki, maşınına 200 AZN dəyərində zərər dəymişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:

8. Məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş əməldə inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta hadisəsi özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda yaranır. Eyni maddənin qeyd hissəsinə görə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, ziyan vətəndaş X2 ifadəsi əsasında müəyyən edilmiş, hər hansı bir ekspert rəyi və ya mütəxəssis rəyi iş materiallarına əlavə edilməmişdir. Məhkəmə bildirmək istəyir ki, ziyanın həcmi ancaq rəylə müəyyən edilə bilər. Əks halda şifahi ifadələr şübhələrə səbəb ola bilər. Məhkəmə bildirmək istəyir ki, İXM-in 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 232-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

9. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək Şəxs digər əməlinə münasibətdə isə bildirmək istəyir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh tətbiq edilməlidir.

10. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Məhkəmə Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal aşkar etməmiş, onun səmimi peşmanlığını isə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır.

12. Həmçinin məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs və digərlərinin sözlü mübahisəsi ictimai yerdə “Tam store” marketin qarşısında baş verdiyindən və tərəflərin verdikləri ifadələrə əsasən onların mübahisəsini (söyüşlü mübahisə) ətrafdakı şəxslər də gördüyündən, o bu hərəkəti ilə ictmai qaydanı pozmuş və cəmiyyətə, onun birgəyaşayış qaydalarına açıq aşkar hörmətsizlik etmişdir.

13. Lakin məhkəmə, Şəxs səmimi peşmanlığını yüngülləşdirici hal kimi, o cümlədən barəsində inzibati qaydada tənbeh tətbiq edilməməsini şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, ona inzibati cərimə növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbs tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.

14. İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.

15. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.

16. İXM-in 3-ci maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

17. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.

18. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

19. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

20. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.

21. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

22. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli və sonuncu dərhal məhkəmə iclas zalından inzibati tutulmadan azad edilməlidir. İXM-nin 232-1-ci maddəsinə münasibətdə isə Şəxs əməlində İXM-in 232-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

23. Qeyd olunanları nəzərə alaraq və İXM-in 32, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından inzibati tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar