Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8030/2025 13.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin böyük məsləhətçi-müfəttişi Nümayəndə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Naxçıvan MR Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 9B, mənzil 21 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatı:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin böyük məsləhətçi-müfəttişi Nümayəndə izahat verərək bildirmişdir ki, 29 oktyabr 2025-ci il tarixdə keçirilmiş monitorinq zamanı ünvan 2 ünvanında yerləşən Şəxs məxsus qeyri-yaşayış obyekti olan ət satışı mağazasında müqavilə bağlamadan və su sayğacı quraşdırılmadan d=15 mm xətt vasitəsilə sudan qeyri qanuni istifadə halı aşkar olunmuşdur. Bununla bağlı monitorinq aparılan tarixdə akt tərtib edilmiş və Şəxs aşkar olunmuş qanun pozuntusu izah edilmişdir. Şəxs həmin pozuntunu təsdiq etdiyindən izahatı alınaraq, barəsində İXM-in 262.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən obyekt ona məxsusdur və obyektdə ət satışı ilə həyata keçirilir. Həmin obyekt üçün su sayğacının quraşdırılması ilə bağlı dəfələrlə müracətlər ünvanlamış və obyektin su problemi bugünədək həll olunmamışdır. O da məcbur qalıb qonşunun həyətindən obyektdə istifadə üçün su çəkmişdir. Lakin buna baxmayaraq, istifadə etdiyi suyun pulunu ödəmiş və qanunsuzluğa yol verməmişdir. Ona görə də, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 062 nömrəli Sərəncamından görünür ki, bölmə əməkdaşları tərəfindən 5 gün müddətində Binəqədi, Sabunçu, Xəzər və Suraxanı rayonları ərazisində mionitorinq və nəzarət tədbirlərinin aparılması qərara alınmışdır.
5. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin xx.xx.2025-ci il tarixli, 000328 nömrəli aktından görünür ki, 29 oktyabr 2025-ci il tarixdə keçirilmiş monitorinq zamanı ünvan 2 ünvanında yerləşən Şəxs məxsus qeyri-yaşayış obyektində müqavilə bağlamadan və su sayğacı quraşdırılmadan d=15 mm xətt vasitəsilə sudan qeyri qanuni istifadə halı aşkar olunmuşdur.
6. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 xx.xx.2025-ci il tarixli, 603675 nömrəli aktından görünür ki, 29 oktyabr 2025-ci il tarixdə keçirilmiş monitorinq zamanı ünvan 2 ünvanında yerləşən Şəxs məxsus qeyriyaşayış obyektində baş vermiş su təchizatı və kanalizasiyası şəbəkəsinə qanunsuz qoşulma nəticəsində baş vermiş pozuntu ilə bağlı obyekt sahibi Şəxs xx.xx.2025-ci il tarixə 2196,00 manat borcu yaranmışdır.
7. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən obyekt su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulduğundan mağaza sahibi Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
8. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 262.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokolla, proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarla, eləcə də iş materialları ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir.
9. Belə ki, iş materialları ilə yanaşı, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəmə iclasında verdiyi izahatında obyekt üçün su məsələsinin həlli ilə bağlı müraciət etdiyini, lakin məsələ öz həllini tapmadığı üçün qonşudan su xətti çəkdiyini etiraf etmiş, eləcə də tərtib edilmiş aktlara əsasən su təchizatı və kanalizasiyası şəbəkəsinə qanunsuz qoşulma nəticəsində baş vermiş pozuntu ilə bağlı obyekt sahibi Şəxs az miqdarda (2196,00 manat) borcunun yaranması sonuncunun İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş Şəxs su üçün ödənilən pulla bağlı verdiyi ifadəsinə münasibətdə onu da bildirmək istəyir ki, yaşayış və qeyri-yaşayış sahələrində suyun sərfiyyatı ilə bağlı tariflər fərqli müəyyən edilmişdir. Bundan başqa onun su xəttinin çəkilməsi ilə bağlı müraciətinə Azərsudan müsbət cavab verilməməsi qanunsuz yolla sudan istifadəni haqlı etməz, vətəndaş belə halda məhkəməyə müraciət edərək hüquqlarının təmin olunmasını tələb edə bilər.
10. Qeyd edilməlidir ki, İXM-in 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin həmin maddənin Qeyd: hissəsinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.
11. Qanunun mənasından aydın olur ki, İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda, yəni beş min manatdan yuxarı olmayan məbləğdə ziyan vurulmada ifadə olunur. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən və Şəxs məxsus obyektdə su təchizatı və kanalizasiyası şəbəkəsinə qanunsuz qoşulma halı və bu hal nəticəsində az miqdarda, yəni 2196,00 manat ziyanın vurulması halı məhkəmədə toplanmış sübutlarla öz təsdiqini tapmışdır.
12. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
13. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
15. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
16. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
17. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
18. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
19. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
20. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
21. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
22. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngüllləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir.
23. Qeyd olunanları nəzərə alaraq və İXM-in 32, 40, 43, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova