Məhkəmə qərarları › İş №3(001)-8031/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8031/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8031/2025 20.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində qəbul edilmiş 29 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsasında toplanmış material baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar və material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 13 noyabr 2025-ci il tarixli iclasında Şəxs qanuni təmsilçisi X6 izahat verərək bildirmişdir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan xəbəri olmamışdır. Məhkəmədən barələrində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Prokurorluğuna və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-ya bildiriş göndərilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun və Şəxs MTK-nın nümayəndələrinin əlaqə nömrələrinə “sms bildiriş” göndərilməsinə, həmin “sms bildiriş”in tərəflərə çatmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatətlə müraciət etməmişdirlər. Məhkəmə iclasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın və inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 29 oktyabr 2025-ci il tarixli 2/310-0019-2 qeydiyyat nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar və material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X3 Binəqədi rayon prokurorluğunda verdiyi izahatından görünür ki, o izahatında bildirmişdir ki, 2023-cü ilin təxminən iyun ayınadək həmin binada komendant işləmişdir. Həmin vaxtdan etibarən yerinə köməkçisi Elxanı qoymuş, özü isə işə getməmişdir. X1 Binəqədi rayon prokurorluğunda verdiyi izahatından görünür ki, o izahatında bildirmişdir ki, Şəxs MTK tərəfindən ünvan 1 ünvanında tikilən binada mühafizəçi kimi işləməyə başlamışdır, onu işə MTK-nın rəhbərinin qohumu olan İlqar adlı şəxs qəbul etmişdir. Lakin onunla əmək müqaviləsi bağlanmamışdır. Hazırda aylıq 400 manat əmək haqqı alır, faktiki olaraq binanın komendantı X3 görməli olduğu işləri görür. 23 oktyabr 2025-ci il tarixli “sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi adlı elektron portalından çıxarışdan görünür ki, Şəxs MTK-nın hüquqi ünvanı ünvan 2erləşir. X6 Şəxs MTK-nın qanuni təmsilçisidir. Dövlət Müfəttişliyi Xidmətindən daxil olmuş məktubdan görünür ki, X5 və X4 ilə Şəxs MTK arasında əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 13 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayon prokurorluğuna sorğu ilə əlaqədar X2 adına “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələri barədə məlumatlar təqdim edilmiş, X3 adına altsistemə əmək müqaviləsi daxil edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar, inzibati materialda olan digər sənədlər, məhkəmə iclasında tərəflərin izahatlarının qarşılıqlı tədqiqi nəticəsində əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirib, mövcud sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən X5 və X4 ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının təsbit edilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən tərtib edilmiş 29 oktyabr 2025-ci il tarixli 2/310-0019-2 nömrəli qərar ilə müəyyən olunan inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmış və bu halın həqiqiliyi mübahisə doğurmur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozularaq, yəni əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə fiziki şəxslər X5 və X9 ilə müqavilə bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə– fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında əldə edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 146 və 147-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar