Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8037/2025 02.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs: Şəxs AZ1106, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 7, mənzil 22, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, "xxxx" MMC “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə dövlət qeydiyyatından keçirilmiş “QAZ A31R32- 40” markalı 77JS311 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair (yəni etibarnamə, yol vərəqəsi) müqavilə əsasında başqa şəxsə vermiş və onu dövlət qeydiyyatından keçirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi X3 protokolu müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X4 protokola etiraz edərək bildirdi ki, Şəxs balansında olan “QAZ A31R32- 40” markalı 77JS311 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə xx.xx.2024-cü il tarixli məktubla məlumat verilmişdir. Həmin məktub idarənin dəftərxanası tərəfindən rəsmi olaraq qəbul edilmişdir. İş orasındadır ki, sözügedən nəqliyyat vasitəsini idarə edən sürücünün inzibati xəta pozuntuları barədə cərimələrin tətbiq edilməsi ilə əlaqədar məlumatlar da sürücünün özünə göndərilir. Göstərilənlərin nəzərə alınmasını, hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin elementləri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan DİN-nin DYP WEB portalından çıxarışdan görünür ki, hüquqi şəxs " Şəxs mülkiyyətində və ya istifadəsində olan “QAZ A31R32-40” markalı 77JS311 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin sürücüsü xx.xx.2025-ci il tarixdə saat 18:00-da Qara Qarayev prospektində hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin balansında olan avtonəqliyyat vasitələrini idarə edən şəxslərə aid etibarnamələr səndə əlavə olunmuş qoşmada sonuncuya təqdim edilmişdir. 1) FORD Tranzit 77JA311, 2)QAZEL 2705-750 90JO311, 3)CHANGAN EADO PLUS 77YN311, 4)QAZ A31R32-40 77JS311. Məktub həmin tarixdə sonuncu tərəfindən rəsmi olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, hüquqi şəxs balansında olan “QAZ A31R32-40” markalı 77JS311 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini üçüncü şəxsə etibarnamə əsasında verdiyi barədə dövlət yol polisi orqanına qabaqcadan və yazılı qaydada məlumat təqdim etmişdir. Məhz bu səbəbdən həmin nəqliyyat vasitəsinin kim tərəfindən idarə olunması, sürücünün məsuliyyətə cəlb edilməsinə dair bildirişlərin bilavasitə sürücünün özünə göndərilməsi və s. faktlar hüquqi şəxs tərəfindən qanunla nəzərdə tutulmuş məlumatvermə öhdəliyinin yerinə yetirildiyini təsdiq edir. İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi bir qayda olaraq, dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında başqa şəxsə verilməsi barədə məlumatın təqdim edilməməsini və bu səbəbdən nəqliyyat vasitəsinin təkrar qeydiyyatının aparılmamasını inzibati xəta kimi qiymətləndirir. Lakin iş materiallarında "xxxx" MMC tərəfindən həmin tələblərin pozulmasına dair heç bir obyektiv sübut yoxdur. Əksinə, hüquqi şəxs vaxtında və tam şəkildə məlumat verərək qanunla nəzərdə tutulmuş davranış modelinə əməl etmiş, qanuni öhdəliklərini pozmamışdır. Belə olan halda, hüquqi şəxsin nəqliyyat vasitəsini "dövlət qeydiyyatından keçirmədən başqa şəxsə verməsi" halı mövcud deyildir və inzibati xəta tərkibinin – həm obyektiv, həm də subyektiv elementləri formalaşmamışdır. Belə olan halda, hüquqi şəxsin davranışı 339.1-ci maddənin dispozisiyasında nəzərdə tutulan tələblərin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə hasil olmuş hüquqi vəziyyətə görə hesab edir ki, inzibati xəta tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-8037/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8037/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver