Məhkəmə qərarları › İş №3(001)-806/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-806/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-806/2025 24.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli, MN ******* saylı “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X7 tərəfindən qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli, MN ******* saylı qərara əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin işəgötürəni tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi səbəbi ilə X2 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərara alınmış, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vətəndaş X5 xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində avtomobil sürücüsü işləmişdir. Onunla əmək müqaviləsi müddətsiz hesab olunmuş, lakin işçi qanunvericilik ilə müəyyən olunmuş pensiya yaşına (65 yaş) çatması (xx.xx.2024-cü il) ilə əlaqədar olaraq müraciət edərək, tərəflərin qarşılıqlı razılığa əsasında müqavilədə müvafiq dəyişiklik edilmiş və müqavilə 1 il müddətinə (xx.xx.2024 – xx.xx.2025) uzadılmışdır. xx.xx.2025-ci il tarixdə həmin müqavilənin müddəti başa çatdığı üçün Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Bununla belə, X6 Xidmətinin Bakı şəhər İdarəsi qeyd olunan faktiki halı nəzərə almadan 17 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmiş, 27 yanvar 2025-ci il tarixdə həmin protokol əsasında barəsində şikayət verilmiş qərar qəbul etmişdir. Halbuki, X6 Xidməti Bakı şəhər İdarəsinin “qanunvericiliyin tələblərini pozaraq işçini qanunsuz işdən azad etmə” mövqeyi əsassızdır. Məhkəmə iclasında şikayət verən şəxsin nümayəndəsi Vəkil şikayətdə göstərilənlərə uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş quruma məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmişdir. Məhkəmə qərarından şikayət verilmiş qurumun nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. İXM-nin 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi vəzifəli şəxsin həmin maddə ilə məsuliyyətinə səbəb olur. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli, 14-2-18-2/3-1K-1/2025 saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrdən görünür ki, X3 ilə bağlanmış 1A08SX5000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndi ilə (müddətli əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. Beləliklə, işin faktiki halı ondan ibarətdir ki, X3 01 avqust 2014-cü il tarixdən Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentində avtomobil sürücüsü işləmiş, onunla bağlanmış əmək müqaviləsi müddətsiz hesab olunmuş, pensiya yaşına çatdıqda onunla işəgötürənin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddəti 1 il uzadılmış, şikayətçinin mövqeyinə görə bu andan müqavilə artıq müddətli hesab edilmiş, buna görə də, müddətin sonunda müqaviləyə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə xitam verilmişdir. Protokol tərtib etmiş qurumun mövqeyi isə ondan ibarət olmuşdur ki, müddətsiz bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə ilə xitam verilə bilməzdi. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmçinin, 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.6-cı maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Məlum olduğu kimi, Əmək Məcəlləsinin 10-1-ci maddəsi “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 17 may 2011-ci il tarixli Qanunu ilə Əmək Məcəlləsinə əlavə edilmişdir və həmin norma dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə həsr olunub. Sözügedən normada, habelə Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmçinin normanın qeyd hissəsində göstərilir ki, burada “müvafiq dövlət orqanının rəhbəri”-nin səlahiyyətlərini müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxs həyata keçirir. Burada “müvafiq dövlət orqanı” dedikdə- müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanı nəzərdə tutulur. Göründüyü kimi Əmək Məcəlləsinin 10-1-ci maddəsində hər hansı müddətli əmək müqaviləsinin bağlanmasından və ya onun uzadılmasından deyil, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilməsindən bəhs olunur, yəni həmin norma əslində işçi ilə yeni müddətli əmək müqaviləsinin bağlanmasını və ya onun uzadılmasını deyil, müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin işəgötürən tərəfindən hər dəfə 1 ildən çox olmayaraq, 5 ilədək uzadıla bilməsinin mümkünlüyünü tənzimləyir. Başqa sözlə Əmək Məcəlləsinin 10-1-ci maddəsi həmin Məcəlləyə sonradan əlavə edilmiş xüsusi bir normadır və bu norma dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətini müəyyən edir. Yəni, Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilən müddət” üçün işçi ilə işəgötürən arasında yeni müddətli əmək müqaviləsinin bağlanması tələb olunmur və işəgötürən sadəcə olaraq əmək müqaviləsi üzrə müəssisədə çalışan işçisinin 65 yaşına çatmasını nəzərə alaraq, onun müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq uzada və ya uzatmaya bilər. (Azərbayan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsi müəyyən edən 21 may 2024-cü il tarixli, 2(102)-1335/2024 saylı qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında göstərilir ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxsin şikayətindən görünür ki, Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamenti ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 490 nömrəli əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq müddətsiz hesab olunmuş, lakin işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına – 65 (altmış beş) yaşa çatması ilə əlaqədar olaraq müraciət edərək tərəflərin qarşılıqlı razılığı əsasında müqavilədə müvafiq dəyişiklik edilmiş müqavilə 1 il müddətinə uzadılmışdır (şikayətin 2-ci bəndi). Halbuki, şikayətə əlavə edilmiş “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli Əmrə əsasən “avtomibil sürücüsü” vəzifəsində işləyən X4 ilə bağlanmış 1A08SX5000200 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi İ.Məmmədovla yuxarıda adıçəkilən Departament arasında müddətsiz əmək müqaviləsi olduğu halda, həmin müqavilə ləğv edilmədən yeni müddətli müqavilə bağlanmış və həmin müddətli müqaviləyə müddətin başa çatması əsası ilə xitam verilmişdir. Beləliklə, göstərilənlərdən belə nəticəyə gəlinir ki, X1 çalışma müddətinin 1 ilədək uzadılması onunla bağlanmış müddətsiz əmək müqaviləsinin müddətli hesab edilməsinə əsas vermir və belə olan halda, həmin müddətin bitməsi ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndi ilə xitam verməkdə işəgötürən tərəfindən qanun pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli, MN ******* saylı “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2025-ci il tarixli, MN ******* saylı “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar