Məhkəmə qərarları › İş №3(001)-8062/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8062/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8062/2025 03.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X2 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PBnin sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Dəvəçi rayonu, Beynəlmiləl kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-də xəzinədar işləyən, Şabran rayonu, Ağalıq ərazi dairəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:45-də Binəqədi rayonu, Ə.ünvan 2 ünvanının qarşısında sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozmuş, nizam-intizama dəvət edilsə də əl-qol ataraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunan protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:45 radələrində inzibati ərazidə xidmətdə olduqları zaman Binəqədi rayonu, Ə.ünvan 3 ünvanının yaxınlığında sərxoş vəziyyətdə olan bir nəfərin səs-küy salaraq və uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai asayişi kobud şəkildə pozduğunu görüb yaxınlaşdılar və həmin şəxsi nizam-intizama dəvət etdilər. Lakin həmin şəxs onlara məhəl qoymadan öz hərəkələrini davam etdirdi, qanuni tələblərinə tabe olmayaraq onları ucadan nalayiq ifadələrlə təlhqir etməyə başladı. Onlar onu yenidən nizam-intizama dəvət etsələr də, o, əl-qol hərəkətləri ilə üstlərinə gələrək 5-ci PB-nin polis sahə inspektoru, polis mayoru Vüqar Mirzəyevin əynidə olan paltarı cırdı. Onlar onu bölməyə gətirdilər və müəyyən olundu ki, həmin şəxs xx.xx.1983-cü il təvəllüdllü Şəxsdur. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, dostları ilə birlikdə içki məclisində iştirak etmiş və alkoqol qəbul etmişdir. Daha sonra yaxınlıqda yerləşən dərzi sexinə girərək sanitar qovşaqdan istifadə etmək istəsə də, sexdə işləyən qadınlar onu tanımadıqları üçün içəri daxil olmağa icazə verməmişlər. O da alkoqolun təsirindən səs-küy salmış, onlarla mübahisə etmişdir. Daha sonra polis əməkdaşları yaxınlaşsa da onlarla da mübahisə etmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Hazırda əməlindən çox peşmandır, bir daha təkrarlanmayacağına söz verir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi rayon Polis İdarəsinin 5-ci PB-nin sahə inspektoru, polis kapitanı Elvin Əliyev və polis mayoru Vüqar Mirzəyev tərəfindən tərtib olunaraq imzalanmış xx.xx.2025ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:45 radələrində inzibati ərazidə xidmətdə olduqları zaman, Binəqədi rayonu, Ə.ünvan 3 ünvanının yaxınlığında sərxoş vəziyyətdə olan bir nəfərin səs-küy salaraq və uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai asayişi kobud şəkildə pozduğunu görüb yaxınlaşdılar və həmin şəxsi nizam-intizama dəvət etdilər. Lakin həmin şəxs onlara məhəl qoymadan öz hərəkələrini davam etdirdi, qanuni tələblərinə tabe olmayaraq onları ucadan nalayiq ifadələrlə təlhqir etməyə başladı. Onlar onu yenidən nizam-intizama dəvət etsələr də, o, əl-qol hərəkətləri ilə üstlərinə gələrək 5-ci PB-nin polis sahə inspektoru, polis mayoru Vüqar Mirzəyevin əynidə olan paltarı cırdı. Onlar onu bölməyə gətirdilər və müəyyən olundu ki, həmin şəxs xx.xx.1983-cü il təvəllüdllü Şəxsdur. xx.xx.2025-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun dərəcəsi ağır qiymətləndirilmişdir. Şəxs Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində verdiyi izahatında əməlini etiraf etmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA 022256 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:00-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə tutulmuşdur. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi özünün etirafı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, raport və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddələrlə protokol tərtib edilmişdir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrilə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini, Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 01 noyabr 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar