Məhkəmə qərarları › İş №3(001)-81/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-81/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-81/2024 09.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi, yol patrul xidməti inspektoru, polis serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Xocalı rayonu, Meşəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Xocalı rayonu, Meşəli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsində yerləşən “Qarabağ” düşərgəsində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 511.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin nümayəndəsi, yol patrul xidməti inspektoru, polis serjantı X4 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələlərində Binəqədi rayonu, Binəqədi şossesində xidmətdə olarkən “Kia Rio” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin manevr qaydalarını pozduğunu görüb, sürücüyə saxla işarəsi verib saxlamışlar. Sürücü Şəxs avtomobili saxladıqdan sonra avtomobilin rəng qrafikasının qeydiyyat şəhadətnaməsində olan rənglə uyğun gəlmədiyini müəyyən edib, sənədləri istəmişlər. Həmin vaxt Şəxs avtomobili həmişə belə idarə etdiyini deyib sənəd verməkdən imtina etmiş, avtomobili qəflətən hərəkətə gətirib, avtomobilin təkərlərinin asfalta sürtünməsi səsi çıxarmaqla və asfalt üzərində təkərlərin izini buraxmaqla oradan yüksək sürətlə uzaqlaşmağa başlamışdır. Onlar Şəxs idarə etdiyi avtomobilin arxasınca gedərkən o, dəfələrlə manevr qaydalarını pozaraq, avtomobili yüksək sürətlə idarə etməklə digər hərəkət iştirakçıları üçün təhlükə yaratmışdır. X1 sonra sonuncu barəsində İXM-in 511.1.3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, X3 inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində, “Kia Rio” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, Binəqədi şossesində hərəkətdə olarkən onu YPX inspektoru saxlamış, avtomobilin rəngində uyğunsuzluq olduğuna görə avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. O, isə avtomobilin duracağa qoyulmaması üçün avtomobili sürüb getmişdir. YPX avtomobili onun arxasınca gəldiyi üçün o, bir neçə dəfə yol-hərəkət qaydalarını kobud şəkildə pozmuşdur. O, idarə etdiyi avtomobillə bir qədər hərəkət etdikdən sonra YPX inspektorları onu saxlamış və barəsində protokol tərtib edilmişdir. Hal-hazırda əməlindən səmimi peşmançılığını bildirərək, məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 dekabr 2023-cü il tarixdə idarə etdiyi “Kia Rio” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən diskdən görünür ki, “Kia Rio” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili qəflətən sürətləndirməklə müxtəlif manevlər edərək hərəkətdə olan digər sürücülər üçün təhlükə yaratması, habelə yol nişanlarının tələblərini pozması və digər hərəkət iştirakçılarına mane olması müşahidə edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən İXM-in 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş diksə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi avtomobili qəflətən sürətləndirməklə idarə etmiş, müxtəlif manevrlər edərək, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə davamlı olaraq pozaraq digər hərəkət iştirakçıları üçün təhlükə yaratmışdır. İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda sadalananla yanaşı, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar