Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-815/2021 01.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsi barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş 09.01.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 3(001)-815/2021 nömrəli qərarı ilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsi İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 3(001)-815/2021 nömrəli qərarından verilmiş apellyasiya şikayəti əsasında inzibati xəta haqqında iş materialı 15.03.2021-ci il tarixdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29.03.2021-ci il tarixli, 3(103)-684/2021 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.02.2021-ci il tarixli, 3(001)- 815/2021 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında «xxxx» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 bildirmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsi barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Çünki Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən 29.12.2020-ci il tarixdə poçt vasitəsilə «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinə “Chevrolet Niva” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barədə daxil olmuş sorğuya bir gün müddətində, yəni 30.12.2020-ci il tarixdə cavab verilmişdir. Həmin hal iş materiallarında olan məktub və reyestrlə öz təsdiqini tapır. Bundan başqa idarə barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman aparılan icraatla əlaqədar cəmiyyətə heç bir məlumatı verilməmiş və həmin icraat üzrə cəmiyyətin səlahiyyətli nümayəndəsi çağırılmamışdır. Qeyd olunanlar «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olmasına dəlalət edir. Ona görə də, məhkəmədən «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsi barəsində olan inzibati xəta haqqında protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinin əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan DİN-nin DYP portal çıxarışından və SS650575746 AZ kodlu Bakı şəhər Binəqədi rayon Polis İdarəsi DYPŞ tərəfindən «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinə ünvanlanmış sorğunun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinə mülkiyyətində olan “Chevrolet Niva” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək, İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhər Binəqədi RPİ-nin DYPŞ tərəfindən verilmiş sorğu 29.12.2020-ci il tarixdə Mustafayeva soyadlı şəxs tərəfindən imzalanaraq qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 09.01.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən 29.12.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 30.12.2020-ci il tarixli sorğuya cavab məktubdan və reyestrdən görünür ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsi 30.12.2020-ci il tarixdə mülkiyyətində olan “Chevrolet Niva” markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 barədə olan məlumatı Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə vermişdir. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətanı yalnız səlahiyyətli orqanın sorğusunun daxil olduğu, yəni alındığı vaxtdan 5 gün müddətində vəzifəli şəxs tərəfindən sorğu verənə göndərilməməsinə görə nəzərdə tutmuşdur. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinin mülkiyyətində olan “Chevrolet Niva” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs barədə məlumat verilməsinə dair cəmiyyətə sorğu verilmiş və həmin sorğu cəmiyyət tərəfindən 29.12.2020-ci il tarixdə qəbul edilərək, 30.12.2020-ci il tarixdə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə qeyd olunan sorğuya cavab verilmişdir. Qeyd olunanlardan göründüyü kimi, «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nin sorğusuna qanunvericiliklə nəzərdə tutulmuş müddətdə, yəni İXM-in 347-ci maddəsində göstərilən 5 gün müddətində cavab verilmişdir. Bu isə cəmiyyətin əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətlərinin olmasını istisna edir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinin əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən tərtib olunmuş 09.01.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinin əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X6 tərəfindən tərtib olunmuş 09.01.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair «xxxx» Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-815/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-815/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver