Məhkəmə qərarları › İş №3(001)-82/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-82/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-82/2022 13.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, 21 avqust 2021-ci il tarixində Pirşağıdan Novxanı istiqamətində hərəkətdə olarkən Pirşağı kəndi ərazisində stasionar radar tərəfindən avtomobilin 54 km/saatda hərəkətdə olması qeydə alınaraq surət rejiminin pozulması kimi qəbul etmişdir. Halbuki, həmən stasionar radar quraşdırıldığı ərazi surət məhdudiyyəti ancaq yaşayış məntəqələri ərazisinə şamil olunan 60 km/saat olmuşdur.Belə ki kəndin girəcəyində qoyulmuş 40 km/saat surət məhdudiyyəti nişanı bu əraziyə şamil oluna bilməzdi, çünki yol istiqamətində iki yol ayrıcı vardır və bu məhdudiyyət nişanı öz qüvvəsini itirmiş olmuşdur.Əlbəttə ki, surət məhdudiyyət nişanlarının yol istiqaməti üzrə qüvvədə qalması üçün digər əsaslar vardır. Bu praktik olaraq digər nişanlar ilə tənzimlənir, yəni hərəkət istiqaməti üzrə üstünlük nişanı olan 2.1 “baş yol” nişanı, hansı ki, yaşayış məntəqələrində baş yolun digər yollarla əmələ gətirdiyi hər bir yol ayrıcının qarşısında təkrarlanmalıdır. Yaşayış məntəqələri xaricində bu nişanın təkrarlanmasına ehtiyac yoxdur, çünki 2.3.1-2.3.3 nişanlarının köməyi ilə baş yol fərqləndirilir və sözü gedən ərazidə bu nişanların heç biri tətbiq edilməmişdir, bu isə kənd içi yol kəsişmələrinin eyni qüvvəli olması və bu halda yol birləşməsinə qədər qoyulmuş bütün məhdudiyyət nişanlarının qüvvədən düşməsi deməkdir ki, bu halda qeydə alınmış surət həddinin qaydalara zidd olmaması faktiki hal olur. Əlbəttə “Asan ödəniş” vasitəsi ilə bu barədə şikayət etdikdən sonra yol kəsişməsinin birində təkrar surət məhdudiyyəti nişanı qoyulmuşdur və burada məhdudiyyət 50 km/saat qeyd olunmuşdur ki, bu hal qeydə alınmış surətin qanunsuz olaraq inzibati xəta kimi qeydə alınmasını sübut edir, belə ki istər nişanın olmadığı halda, istər isə onun sonradan ora quraşdırılaraq surət rejimin 50 km/saat kimi məhdudiyyət qoyulması tərtib edilmiş Qərarın qanunsuzluğunu üzə çıxarır. Digər məsələ qanunsuz olaraq elektron Qərarın elektron yerləşdirilməməsidir və sənəd qovluğunda olmamasına görə bunu BBDYPİ-nin inzibati binasına gedərək bu Qərarın alınması xahişinə də məhəl qoyulmaması, buna görə inzibati Məhkəmə yolu ilə bu Qərarın alınmasıdır ki, bu isə həm vaxt, habelə əsəb tələb edilməyə vadar olunmuşdur. Şikayətə əlavə olunan sənədlərdən də görünür ki, bu məhz 24 dekabrda ona təqdim olunub və onun müdafiə hüququnun həyata keçirilməsi mümkün olmuşdur. Əlbəttə ki, burada söhbət inzibati xəta üzrə ondan 9-10 manat məbləğində qanunsuz cərimə olunması deyil, burada ədalət prinsipindən gedir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verib məhkəmədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X6 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə saat 19:14-də Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr., S.S.Axundov küçəsi ərazisində idarə etdiyi “Mercedes Benz E200” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürətini 14 km/saat həddində aşmışdır. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən şikayət təmin edilərək, X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin İXP 43012802 saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul olunmuş TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş,həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-598/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 3(001)-82/2022 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir.Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-598/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 3(001)-82/2022 saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.Bakı Apellyasiya Məhkəməsi qərarı ləğv edərkən onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi protokolu tərtib etmiş dövlət orqanının nümayəndəsinin məhkəmə baxışı iclasında iştiraknı təmin etməmişdir,Bununla da, protokolu tərtib etmiş dövlət orqanı tərəfindən öz sübutlarını təqdim etmək imkanından məhrum etmiş, həmçinin şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından bu funksiyanın dövlət orqanı tərəfindən yerinə yetirilməsinə lazımi və kifayət qədər şərait yaradılmamışdır.Bundan sonra, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin həmin iradları aradan qaldırılmış və protokolu tərtib etmiş dövlət orqanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilmişdir.Bu fakt iş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərnamə və həmin xəbərnamədəki imza ilə təsdiqini tapır.Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır.Bununla yanaşı, səlahiyyətli orqanın məhkəmədə iştirak edərək şəxsin təqsirliliyinə dəlalət edə biləcək sübutları olduğu təqdirdə məhkəməyə təqdim etməməsi toplanmış material üzrə məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasına mane olur və qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 müraciətində qeyd olunan xüsusatlarla barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır.Bundan başqa, səlahiyyətli orqan tərəfindən X4 inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilsə də, sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, şikayətə Binəqədi Rayon Məhkəməsində baxıla bilər.Belə ki, şikayətçi X5 şəxsiyyət vəsiqəsinin surətinə, şikayətə və şikayətçinin özünün məhkəmədə verdiyi izahata əsasən məlum olur ki, şikayətçi Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 40, mənzil 19-da yaşayır.İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, hesab edirəm ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldım: X6 tərəfindən verilmiş şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar