Məhkəmə qərarları › İş №3(001)-82/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-82/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-82/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 07 iyun 2023-cü il tarixli EQ 14937631 nömrəli elektron qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 07 iyun 2023-cü il tarixli EQ 14937631 nömrəli elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 07 iyun 2023-cü il tarixli EQ 14937631 nömrəli elektron qərarına əsasən Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat cərimə edilmişdir. Halbuki, o həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsinin Qeydinə görə bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Videogörüntüdən göründüyü kimi onun hərəkəti davam etdirməsi nəticəsində piyada hərəkət istiqamətini və ya sürətini dəyişdirməmişdir. Belə olan halda inzibati məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 07 iyun 2023-cü il tarixli EQ 14937631 nömrəli elektron qərarından görünür ki, “Mercedes” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 330.0.1-ci maddəsi ilə təqsirli bililib 50 (əlli) manat cərimə edilməsi barədə elektron qərar qəbul edilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü ildə saat 16:56-da həmin avtomobil ilə Bakı şəhəri İ.Dadaşov küçəsində hərəkətdə olarkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməmişdir. Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin qeydə aldığı videofayldan görünür ki, X3 idarə etdiyi “Mercedes” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri İ.Dadaşov küçəsində hərəkətdə olarkən, piyada nizamlanmayan yol keçidinə daxil olub yolu keçir, sağa doğru baxaraq “Mercedes” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin keçidə yaxınlaşsada, sürətini azaltmadığı görüb özü sürətini elə şəkildə dəyişdirməyə məcbur olur ki, avtomobil keçib gedə bilsin. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinin tələbinə görə əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 330.0 və 330.0.1-ci maddəsinə görə sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Belə olan halda aydın olur ki, şikayətin qayda pozuntusuna yol verilmədiyinə dair dəlilləri əsassızdır. Göstərilənlərə əsasən məhkəmə şikayət verən şəxs X2 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət etmiş və onun əməli düzgün olaraq İXM-in 330.0.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 07 iyun 2023-cü il tarixli EQ 14937631 nömrəli elektron qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin inzibati tənbeh vermə haqqında 07 iyun 2023-cü il tarixli EQ 14937631 nömrəli elektron qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar