Məhkəmə qərarları › İş №3(001)-821/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-821/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-821/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-in baş direktoru X1 vəkili Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, "xxxx" MMC-in baş direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" MMC-in baş direktoru X3 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 1200 (min iki yüz) manat cərimə edilmişdir. Qərardan narazı qalan X3 məhkəməyə şikayət vermiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas işçiləri olmuş Cavad Quliyevə əmək haqqının əmək müqaviləsində göstərilən tarixdən sonra ödənilməsi olmuşdur. Bununla bağlı DƏMX-ilə danışıqlar zamanı və inzibati xəta haqqında işə baxılan zaman dəfələrlə bildirilmişdir ki, işçiyə əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdə əmək haqqı hər ayın sonuncu iş günündə ödənilmişdir, yəni əmək haqqı müqavilə üzrə növbəti ayın 10dək ödənilməli olduğu halda, daha tez, cari ayın son iş günü ödənilmişdir və ödəmələrdə hər hansı gecikmə olmamışdır. Bununla bağlı işçi özü də yazılı şəkildə əmək haqqı ödəmələri ilə bağlı, ümumiyyətlə şirkətdən hər hansı şikayətinin olmadığını bildirmişdir, işçinin həmin yazılı sənədi DƏMX-ə və məhkəməyə təqdim edilmişdir. İşçiyə əmək müqaviləsində göstərilən əmək haqqından əlavə olaraq, həvəsləndirici bonuslar da verilmişdir. Həmin bonuslar əmək müqaviləsində göstərilmədiyindən və razılaşdırılmadığından, eyni zamanda ödənilməsi vaxtı ilə bağlı konkret tarix, göstəriş, öhdəlik olmadığı üçün ayın müxtəlif günlərində işçiyə ödənilmişdir. DƏMX isə həmin ödənişləri əmək haqqı hesab edərək, əmək haqqının gec ödənildiyini iddia etmişdir, lakin təqdim edilmiş bank çıxarışından da açıq şəkildə görünür ki, işçiyə razılaşdırılmış əmək haqqı məbləği hər ayın son iş günü tam şəkildə və vaxtında ödənilmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, X6 Xidmətinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X6 Xidmətinin Bakı şəhər idarəsinə təkrarən bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə X6 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-in baş direktoru X3 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat cərimə edilmişdir ondan ötrü ki, "xxxx" MMC-in işçisi X4 əmək haqqı hər ayın 10-dək ödənilməli olduğu halda gecikdirilərək xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə və xx.xx.2024-cü ildə ödənilmişdir. İşəgötürən "xxxx" MMC-in baş direktoru X3 ilə işçi X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 8281 saylı əmək müqaviləsindən görünür ki, X7 mağaza anbar işçisi vəzifəsinə qəbul edilmiş, işçiyə hər ay 425 manat əmək haqqı ödənilməsi, aylıq əmək haqqının növbəti təqvim ayının 10-dan gec olmayaraq ödənilməsi razılaşdırılmışdır. X2 ödənilmiş əmək haqqıya dair "xxxx" ASC-dən verilmiş bank çıxarışından görünür ki, X5 növbəti təqvim ayının 10-dan gec olmayaraq, o cümlədən xx.xx.2024-cü ildə, xx.xx.2024-cü ildə və xx.xx.2024-cü ildə əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqı ödənilmişdir. X4 izahatından görünür ki, onun X6 Xidmətinə etdiyi şikayətlər əsassızdır. İşlədiyi müddətdə əmək haqqı vaxtında verilmiş, heç bir pozuntuya yol verilməmişdir. İş mühitində baş verən anlaşılmazlıqlarla əlaqədar X6 Xidmətinə əsassız şikayətlər etmişdir. Həmin şikayətlərin nəzərə alınmamasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri;. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə görə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi İXMin 192.4-cü maddəsi ilə inzibati məsuliyyət yaradır. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" MMC-in baş direktoru X3 tərəfindən X2 əmək haqqı ödəmələri ilə bağlı qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" ASC-dən verilmiş bank çıxarışında X5 xx.xx.2024-cü ildə 93,16 manat, xx.xx.2024-cü ildə 141,75 manat və xx.xx.2024-cü ildə 141,75 manat ödəmələr edildiyi əksini tapsa da, həmin ödənişlər əmək haqqından sonra verilmiş həvəsləndirici bonuslardır. Həmin bonuslar isə tərəflər arasında bağlanmış əmək müqaviləsində göstərilmədiyindən və razılaşdırılmadığından, eyni zamanda onların ödənilməsi vaxtı ilə bağlı konkret tarix, göstəriş, öhdəlik olmadığı üçün ayın müxtəlif günlərində işçiyə ödənilə bilər və bu ödənişlər işəgötürən tərəfindən əmək haqqı ödəmələri ilə bağlı qanun pozuntularına yol verildiyi anlamına gəlmir və İXM-in 192.4-cü maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə səbəb olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İşin təsvir edilmiş qeyd edilən hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-in baş direktoru X3 tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə görə aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:....53.1.1. inzibati xəta hadisəsi olmadıqda. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin qərar əsasında X1 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsilə 1200 (min iki yüz) manat cərimə edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar