Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-822/2025 08.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs nümayəndəsi, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-cı maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Publik hüquqi şəxsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Publik hüquqi şəxsi tərəfindən Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il saat 11:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, Bravo marketin yanında Şəxsnə məxsus yük daşınmasını yerinə yetirən “Ford” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki nəzarət qaydasında reysqabağı yoxlanılmış nəticədə həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir.
2. Məhkəmə iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxsnə məxsus olan yük daşınmasını yerinə yetirən “Ford” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki nəzarət qaydasında reysqabağı yoxlanışdan keçirilmə nəticədə həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinədən keçmədiyi aşkar olunmuşdur. “Avtomobil nəqliyyat haqqında” Azərbaycan Resbuplikasının qanununun 4.05-ci maddəsinə əsasən, ölkədaxili yükdaşımaları Azərbaycan Respublikası hüdudları daxilində keçirilən yükdaşımalardır və qanunun tələblərinə uyğun olaraq bütün yükdaşıma həyata keçirən nəqliyyat vasitələrinin yoxlanışdan keçirilməsi və sürücünün yoxlanılması, qanunun 3-cü bəndinə verilən hallar istisna olmaqla hüquqi və fiziki şəxslərə şamil edilir. İstisna olunan hallara fiziki və hüquqi şəxslərin xidməti istifadəsi üçün nəzərdə tutulmuş minik nəqliyyat vasitələri ilə həyata keçirilən yükdaşımalar, həmçinin onların nəqliyyata çıxmayan digər texnoloji və digər avadanlıqları ilə həyata keçirilən yükdaşımalarıdır. Bu müddəa eyni zamanda müəssisələrin daxilində aparılan yük daşımalarına da aid edilmir. Digər hallarda isə qanunun tələblərinə əməl olunması vacibdir. Məhkəmədən xahişimiz odur ki, AYNA tərəfindən tərtib olunmuş qərar dəyişdirilmədən qüvvədə saxlanılsın və bu barədə müvafiq qərar qəbul edilsin.
3. Məhkəmə iclasında Şəxs nümayəndəsi, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, İXM-in 326-cı maddəsinin əsası odur ki, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən daşıyıcılar, burada xüsusilə daşıyıcılar hissəsini vurğulamaq lazımdır, həmin reysqabağı yoxlanmaları həyata keçirməlidirlər. Bundan əlavə Avtomobil Nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununda, 1ci maddənin 0.9-cu bəndində, daşıyıcının nə olduğunun açıqlanması verilmişdir. Bildirilir ki, daşıyıcı dedikdə daşınma müqaviləsi və digər hüquqi əsaslarla haqq müqabilində sərnişin və yükdaşınmalarını yerinə yetirən, mülkiyyət icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxslər başa düşülür. Hüquqlarını müdafiə etdiyi MMC isə haqq müqabilində heç bir yükdaşıma həyata keçirməmişdir. Bu norma o vaxt tətbiq edilə bilər ki, sürücü gedib hər hansı müştərinin malını digər yükdaşıma şirkətləri kimi aparsın və onun qarşılığında da pul alsın. Ona görə də, hesab edir ki, bu maddə ödənişli əsaslarla daşıma həyata keçirən daşıyıcılara şamil edilməlidir. Bundan başqa, tərtib edilmiş protokol tanışlıq üçün bizə göndərildikdən bir gün qabaq artıq məhkəməyə göndərilmişdir. Sürücü protokolla səlahiyyətli nümayəndə kimi tanış edilmiş, o isə imza etməkdən imtina etmişdir. Sürücü səlahiyyətli nümayəndə deyildir. Qeyd edilən qüsurlar da protokolu əsassız edir. Bunları nəzərə alaraq, əməldə xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şəxs qanuni təmsilçisi X3 bildirmişdir ki, protokol tərtib olunan zaman, səlahiyyətli nümayəndəyə hər hansı bir məlumat təqdim olunmamışdır. Sürücüdən sadəcə olaraq yol vərəqəsini istəmişlər. Şəklini çəkib demişlər ki, gedə bilərsiniz. Heç bir müayinə və yoxlanma aparılmamışdır. Daha sonra məlum olmuşdur ki, İXM-in 326-cı maddəsi ilə onlar məhkəmyə verilib. Həmin maddəni araşdırmışlar, lakin şirkətləri logistika ilə, yəni daşıma ilə məşğul deyildir. Şirkət idxal ilə məşğuldur, avropadan un və qənnadı məmulatlar idxal edir. Özlərinə məxsus mağazaları vardır və xaricdən gətirilən mallar anbarlarına yığılır. Daha sonra məhsulları öz mağazalarına çatdırılma edirlər. Sürücü saxlanılan vaxt, mallar mağazaya çatdırılma edilmişdir. Yəni onlar logistik şirkət deyillər. Vergiyə sorğu göndərilə və ya idxal ilə bağlı sənədləri təqdim edə bilərlər. Onlar daşıyıcı deyil, sadəcə olaraq öz dükanlarına çatdırılma edirlər. Odur ki, məhkəmədən bunları nəzərə alaraq, əməldə xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şəxsndə sürücü vəzifəsində işləyən X4 çıxış edərək bildirmişdir ki, Oazis Restoranın qarşısındakı Bravo marketə mal verərkən avtomobilə bir nəfər sağ pəncərədən, bir nəfər isə sol pəncərədən yaxınlaşmışdır. Daha sonra sağda dayanan şəxs danışmağa başlamış və sənədləri istəmişdir. O isə sənədi avtomobilin şüşəsinə yapışdırdığını göstərmiş və yol vərəqəsini təqdim etmişdir. Daha sonra, həmin şəxslər sənədin şəklini çəkmişlər. Məhkəmə iclas zalında Dadaşov Adil illərin sürücüsü olduğunu, şəxsi yük daşımadığını, şirkətdə işlədiyini, dükanlara mal daşıdığını bildirərək, avtomobili sürə bilmək üçün yoxlanışdan keçdiyini, belə bir müayinənin zəruriliyindən xəbərsiz olduğunu, bu müayinənin yükdaşıma müqaviləsi üzrə fəaliyyət göstərən şəxslərə şamil olunduğunu, əks halda hər gün relsə çıxdığı halda, hər gün gedib tibbi müayinədən keçməli olduğunu ki, bunun da onun kimi fəaliyyət göstərən sürücülərin vəziyyətini çətinləşdirdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
6. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, firma Şəxsnə məxsus yük daşınmasını yerinə yetirən “Ford” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki nəzarət qaydasında reyestr qabağı yoxlanılmış nəticədə həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir.
7. xx.xx.2025-ci il saat 11:15 radələrində tərtib olunmuş avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında tərtib olunmuş aktdan görünür ki, xx.xx.2025-ci il saat 11:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, Bravo marketin yanında Şəxs (VÖEN №**********) mülkiyyətində olan “Ford” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X1 Azərbaycan Respublikasının NK-nin 2009-cu il 24 aprel tarixli 71№ qərarı ilə təstiq edilmiş avtomobil nəqliyyatı yük daşımaları yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2, 3.2-ci bəndlərini pozulduğu aşkar edilmişdir.
8. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən reysqabağı tibbi müayinədən keçirilməli olan tibb məntəqələrinin siyahısı, Bakı Regional İdarəsinin Yük daşımaları şöbəsinin inspektorunun vəzifə təlimatı və aparılan maarifləndirmə tədbirləri ilə bağlı zəruri sübutlar məhkəməyə təqdim edilmişdir.
9. Şəxs Gömrük bəyannaməsindən müəyyən edilir ki, MMC qənnadi məhsulların idxalı ilə məşğul olur.
10. Tərtib edilmiş protokolla bağlı MMC tərəfindən zəruri sübut və dəlillərin təqdim edilməsi üçün bildirişdən görünür ki, bildiriş və protokol eyni tarixdə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, protokol baxılması üçün adiyyat üzrə məhkəməyə xx.xx.2025-ci il tarixində göndərilmişdir.
11. Tərtib edilmiş protokolla tanışlıq üçün MMC-yə göndərilən xəbərnaməli poçt göndərişindən görünür ki, məktub ünvana çatdırılmamışdır.
12. OV1JZXK000106 nömrəli xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, X4 Şəxsn sürücü ekpeditorudur.
13. Binəqədi Rayon Məhkəməsinin 3(001)-822/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadı ilə işə baxılma müddəti 1 (bir) ayadək uzadılmışdır. Məhkəmənin əsaslandırması və mövqeyi:
14. Beləliklə, məhkəmə iş materiallarını və hüquqi şəxsin səlahiyyətli nümayəndələrinin verdiyi ifadələri araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır və iş üzrə icraata xitam verilməlidir.
15. Belə ki, iş materiallarına diqqət yetirdikdə müəyyən edilir ki, protokol tərtib edilərkən barəsində iş üzrə icraat aparılan şəxs qismində hüquqi şəxsin nümayəndəsi kimi X4 göstərilsə də, Şəxs tərəfindən təqdim edilmiş əmək müqaviləsində X2 vəzifəsi MMCnin sürücü ekspeditoru kimi göstərilmişdir. İXM-in 64-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. İş materiallarından görünür ki, tərtib edilmiş protokolla bağlı MMC tərəfindən zəruri sübut və dəlillərin təqdim edilməsi üçün bildiriş protokolla eyni tarixdə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, protokol baxılması üçün isə adiyyat üzrə məhkəməyə xx.xx.2025-ci il tarixində göndərilmişdir.Tərtib edilmiş protokolla tanışlıq üçün MMC-yə göndərilən xəbərnaməli poçt göndərişindən isə görünür ki, məktub ünvana çatdırılmamışdır. Qeyd edilən halla bağlı İXM-in 64.3-cü maddəsində bildirilir ki, hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumatı olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.
16. Bundan başqa məhkəmə normanın tətbiqi ilə bağlı bildirmək istəyir ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (01 aprel 2008-ci il tarixli,№556-İİİQ) 26.3-cü maddəsinə görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər.
17. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarla "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası” təsdiq edilmişdir.
18. Həmin “Qayda”nın 1.1 -ci bəndinə görə, bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. “Qayda” nın 1.2-ci bəndinə görə, bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımaları, taksi minik avtomobilləri ilə sərnişin daşımaları, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4.-cü maddəsinə görə avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar dedikdə sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar başa düşülür.
19. Qanunun təhlilindən də müəyyən edilir ki, İXM-in 326-cı maddəsi kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm daşımalara şamil edilir. Həmin Qanunun 1.0.5ci maddəsinə görə isə avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar dedikdə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalar başa düşülür. Hansı ki, bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır.
20. Bundan başqa Qanunun 1.0.9-cu maddəsinə görə daşıyıcı dedikdə daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar başa düşülür.
21. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə görə, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar sərnişin və yük daşımaları haqqında müqavilə, sərnişin və yük daşımalarının təşkil olunması haqqında müqavilə, icarə (kirayə) müqaviləsi, habelə avtomobil daşıyıcıları ilə avtomobil nəqliyyatı ilə daşımaların sifarişçiləri (sərnişinlər, yükgöndərənlər, sərnişin və yük avtomobil daşımalarının təşkilatçıları) arasında bağlanan digər müqavilələr əsasında yerinə yetirilir.
22. Həmin Qanunun 37.1-ci maddəsində, avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsinə görə avtomobil daşıyıcısı yükgöndərən tərəfindən ona tapşırılmış yükü haqq müqabilində olduğu yerdən təyinat məntəqəsinə çatdırmağı və onu yükalana və ya yükü almağa səlahiyyəti olan şəxsə təhvil verməyi öhdəsinə götürür, yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə yükün daşınmasına görə müəyyən olunmuş daşınma haqqını ödəməyi öhdəsinə götürür. Nəzərə almaq lazımdır ki, Eyni müddəa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
23. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.9cu maddəsinə diqqət yetirməyi də zəruri hesab edir. Belə ki, VM-nin 221.4.9-cu maddəsində görə vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz sahibkarlıq fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün "Xüsusi fərqlənmə nişanı" alınır.
24. Qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.
25. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
26. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
27. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.
28. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
29. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.
30. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
31. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Publik hüquqi şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 326-cı maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.
32. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Azərbaycan Yerüstü Nəqliyyat Publik hüquqi şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Aytəkin İbrahimova