Məhkəmə qərarları › İş №3(001)-826/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-826/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-826/2025 28.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, yol-nəqliyyat hadisəsinin digər iştirakçısı olan “Ford Fusion” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün inzibati məsuliyyətə cəlb edilməsi və özü barəsində inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 17:30-da Binəqədi rayonu, Natavan küçəsində tək zolaqlı yolda X2 idarə etdiyi “KİA SORENTO” markalı, 90-U0-206 dövlət qeydiyyat nömrəli minik maşınını “FORD FUSİON” markalı, 90- ZS-202 nişanlı avtomobilin sürücüsü öz maşını ilə arxa sağ buferindən arxa sağ qapıya qədər sürtüb onu sağ tərəfdən ötüb keçmişdir. “FORD FUSİON” markalı, **-ZS-*** nişanlı avtomobilin sürücüsü onun avtomobilini vurduqdan sonra saxlamayaraq 500-600 metr irəlidə saxlamış, o, gedib yanında saxlamış və aralarında mübahisə düşmüşdür. O, 102 məlumat xidmətinə zəng vurandan sonra Binəqədi rayon DYPŞ-nin əməkdaşları gəlmişlər. Polis işçiləri toqquşmanın baş verdiyi yerə baxmışlar, mərkəzdən videogörüntünün olubolmamasını soruşmuşlar. Oradan görüntü olmadığını bildirmişlər. Bundan sonra polislər arayış vermədən texniki pasport və sürücülük vəsiqələrini alıb birinci gün Binəqədi rayon DYPŞ-yə gəlmələrini tapşırıb getmişlər. İdarədə polis leytenantı Maşallah Paşayevin köməkçisinə izahat vermiş, sonra Maşallah Paşayev özü gəlmişdir. “FORD FUSİON” markalı, **-ZS-*** nişanlı avtomobilin sürücüsü də şöbəyə gəlmişdir. O, qarşı tərəfindən qanunsuz olaraq sağ tərəfdən ötmək istəyərkən onun maşınının arxa sağ buferindən arxa sağ qapıya qədər olan hissəni sürtüb vurduğunu demiş, şəkilləri təqdim edib maşınına baxış keçirilməsini xahiş etmişdir. Polis leytenantı Maşallah Paşayev ona video göstərmiş, görüntüdə “FORD FUSİON” markalı, **-ZS-*** nişanlı avtomobildən öndə o, görünmüş, arxadan digər sürcünün gəlməsi açıq-aşkar qeydə alınmışdır. Buna baxmayaraq inspektor bildirmişdir ki, guya "FORD FUSİON” markalı, **-ZS-*** nişanlı avtomobil onun sağında olmuşdur. Bununla yanaşı polis işçiləri onun iştirakı ilə müşahidə kameralarına da baxmaqdan - çəkdiyi şəkilləri işə əlavə etməkdən imtina etmişlər. Bundan başqa inspektorun hadisə barədə çəkdiyi sxem də reallığı əks etdirmir. Beləliklə, xx.xx.2024-cü il tarixində Binəqədi rayon DYPŞ polis leytenantı X4 tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* saylı qanunsuz qərar qəbul olunmuşdur. O, həmin qərardan şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 06 noyabr 2024cü il tarixli, 3(001)-6328/2024 saylı qərarına əsasən, xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilmiş, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Binəqədi rayon DYPŞ-yə göndərilmişdir. Lakin, 10 dekabr 2024-cü il tarixdə Binəqədi rayon DYPŞ-də onun iştirakı olmadan işə yenidən baxılmış və yenə də İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun çıxış edib şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 3(001)-6328/2024 saylı qərarından görünür ki, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X3 xx.xx.2024-cü il tarixdə saat 17:30-da Bakı şəhəri, Binəqədi rayonu, Natavan küçəsində "Kia Sorento minik” markalı **-UO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmənin həmin qərarı əsasında xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, iş yenidən araşdırma üçün protokol tərtib etmiş orqana qaytarılmışdır. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmənin 06 noyabr 2024-cü il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qeyd etməyi zəruri hesab edir ki X2 müraciətində qeyd olunan xüsusatlar barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat arasında ziddiyyət yaradır və səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırmanın aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul edilməsini istisna etmir. Habelə qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur.” Göründüyü kimi, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edib, işi yenindən araşdırmaya göndərərkən məhkəmə öz qərarında diqqət yetirilməsi xüsusatları göstərmiş, həmin xüsusatlar üzrə yenidən araşdırma aparılmalı olduğunu qeyd etmişdir. Lakin, göstərilənlərin əksinə, Binəqədi RPİ-nin DYP Şöbəsinin rəisi, polis mayoru Vüsal Qələndərov tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli qərarda yolnəqliyyat hadisəsi üzrə toplanmış materiallara vətəndaş M.Ağalarovun iştirakı ilə yenidən baxılması və sonuncunun inzibati xəta törətməsinin öz təsdiqini tapması göstərilməklə kifayətlənmişdir ki, məhkəmə iclasında iştirak edən M.Ağalarov hər hansı yenidən araşdırma ilə bağlı dəvət olunmadığını və belə araşdırmada iştirak etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları, o cümlədən Binəqədi Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 3(001)-6328/2024 saylı qərarında göstərilən xüsusatlar araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Məhz yenidən aparılacaq araşdırmanın nəticəsi olaraq inzibati xəta hadidəsində təqsili şəxsin müəyyən edilməsi, təqsirli olmayan şəxs barəsində isə inzibati icraata xitam verilmə məsələsi həll ediləcəyindən, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar