Məhkəmə qərarları › İş №3(001)-8260/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8260/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8260/2025 06.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci il tarixdə Masallı rayonunun Yeddioymaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonunun Yeddioymaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisələrini törətməsinə dair 06 noyabr 2025-ci il tarixli, müvafiq olaraq MN ******* və MN ******* nömrəli “inzibati xəta haqqında” protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş protokol onunla əsaslandırılmışdır ki, Şəxs 06 noyabr 2025-ci il tarixdə, saat 14:00 radələrində Biləcəri qəsəbəsi, Məlik Aslanoc küçəsində ucadan küçə söyüşləri söymüşdür. İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokol onunla əsaslandırılmışır ki, Şəxs 06 noyabr 2025-ci il tarixdə, saat 14:00 radələrində Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş A.Q.Salahov çıxışında göstərdi ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları 06 noyabr 2025-ci il tarixdə, saat 14:00 radələrində xidmətdə olarkən Biləcəri qəsəbəsi, X3 küçəsində bir nəfər şəxsin telefonla danışarkən ucadan ünvanlı-ünvansız söyüşlər söydüyünü görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, küçə söyüşlərinin ictimai asayişi pozduğunu izah edib onu sakitliyə dəvət etsələr də, həmin şəxs polisin qanuni tələbinə tabesizlik göstərmiş, öz qeyri-adekvat hərəkətlərini davam etdirməyə çalışmışdır. Buna görə də, polis əməkdaşları tərəfindən 6-cı PB-yə gətirilmiş və barəsində hazırki protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, həqiqətən də həmin gün saat 14 radələrində küçədə telefonla danışarkən əsəbi olmuş, özündən asılı olmayaraq uca səslə söyüşlər söymüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşsa da, o, əsəbi olduğundan polislərə əhəmiyyət verməmişdir. Hazırda məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyar müvəkkilləri – polis mayoru Ramin Səfərov cə polis baş-leytenantı Vüqar Əliyev tərəfindən tərtib olunmuş 06 noyabr 2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 14:00 radələrində Biləcəri qəsəbəsi, X.M.Aslanov küçəsində xidmət aparan zaman bir vətəndaşın mobil telefonla ucadan danışaraq ünvanlı-ünvansız küçə söyüşləri söydüyünü görüb, həmin şəxsə yaxınlaşdıq, özümüzü təqdim edib 6-cı PB-nin əməkdaşları olduğumuzu bildirdik. Vətəndaş bizim qanuni tələblərimizə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün, onu 6-cı PB-yə gətirdik. Bölmədə məlum oldu ki, həmin şəxs Şəxsdur. - “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 06 noyabr 2025-ci il tarixdə, saat 14:30-da tutulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron saytından əldə edilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, Şəxs üçüncü qrup əlildir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sübutları araşdıraraq, habelə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi mövcuddur və inzibati xəta haqqında protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi İXM-nin 510-cu; polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq isə İXM-nin 535.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Şəxs həmin maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməsi onun etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və iş materiallarında olan raport ilə öz təsdiqini tapır. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə İXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 535.1-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 noyabr 2025-ci il tarixdən, saat 14:30-dan hesablanmaqla, inzibati qaydada tutma müddəti Şəxs inzibati həbs müddətinə daxil edilsin. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar