Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8266/2025 20.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31447854 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31447854 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “AR İXM-in 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə -100 manat məbləğində cərimə edilir. Eyni zamanda “Yol Hərəkəti” haqqında qanun 1-ci maddəsinin 44-cü bəndində qeyd olunub ki, ümumi istifadədə olan nəqliyyat vasitəsi - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay). Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara dair xx.xx.2024-cü il tarixdə 206672 nömrəli buraxlış vərəqəsində (fərqlənmə nişanında) qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixindən xx.xx.2031-ci il tarixinədək “Hundai County” avtobus markalı **- CU-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə sərnişin daşınmanı həyata keçirə bilər. Bu o deməkdir ki, Yol Hərəkəti haqqında qanun 1-ci maddəsinin 44-cü bəndinə istinad edərək, İXM-in 327.1-1-ci maddəsinə əsasən o, 5.9, 5.10.1- 5.10.3 nişanları ilə işarələnmiş yollarda da hərəkət edə bilər. Odur ki, məhkəmədən xx.xx.2025-ci il tarixli, EQ 31447854 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.” Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun çıxış edərək xx.xx.2025-ci il tarixli, EQ 31447854 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 31447854 nömrəli qərardan görünür ki, “Hyundaı County” avtobus markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” Sumqayıt Regional İdarəsi tərəfindən verilmiş 09/25 nömrəli məlumat vərəqəsindən görünür ki, "xxxx" MMC-yə məxsus “Hyundai County” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 501 marşrut nömrəsi verilmişdir. Sənəd xx.xx.2025–xx.xx.2025 tarixləri ərzində qüvvədə olmuş və “Bakı–Saray–Sumqayıt” istiqamətində daşımaların həyata keçirilməsinə icazə vermişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” Sumqayıt Regional İdarəsi tərəfindən verilmiş 10/25 nömrəli məlumat vərəqəsindən görünür ki, "xxxx" MMC-yə məxsus “Hyundai County” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 501 marşrut nömrəsi verilmişdir. Sənəd xx.xx.2025–xx.xx.2025 tarixləri ərzində qüvvədədir və “Bakı–Saray–Sumqayıt” istiqamətində daşımaların həyata keçirilməsinə icazə verir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31447854 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV bəndinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, sürücü “Yol hərəkəti haqqında” Qanunun yol verdiyi hallar çərçivəsində, yəni qüvvədə olan rəsmi icazə əsasında ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağından istifadə etmişdir. İnzibati xəta tərkibi üçün zəruri olan qanunsuz hərəkət elementinin yəni həmin zolaqda icazəsiz hərəkət etmə faktının mövcud olmaması müəyyən edildiyindən, İXM-in 327.1-1-ci maddəsi ilə məsuliyyət tətbiq edilməsinin hüquqi əsası qalmamışdır. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31447854 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir Səlahiyyətli orqan işə yenidən baxarkən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” Sumqayıt Regional İdarəsi tərəfindən verilmiş 09/25 nömrəli məlumat vərəqəsini nəzərə almalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31447854 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-8266/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8266/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver