Məhkəmə qərarları › İş №3(001)-8283/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8283/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8283/2025 25.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X8 Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələri X5 və X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Cökəli 185 ünvanında yerləşən Şəxsnə məxsus Bolmart market su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarında ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X7 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Cökəli 185 ünvanında yerləşən “Bolmart” market müqavilə bağlamadan və su sayğacı quraşdırılmadan d=20 mm xətt vasitəsilə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Eyni zamanda baxış zamanı video çəkilişdən istifadə edilmiş və videofayl Akta əlavə edilmişdir. Dəymiş maddi ziyanın məbləği 4104 manat təşkil edir. Göstərilənlərə əsasən hüquqi şəxs tərəfindən hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törədildiyindən onun inzibati tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X3 protokolu müdafiə edərək, hüquqi şəxs tərəfindən hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törədildiyindən onun inzibati tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X4 protokola etiraz edərək bildirdi ki, su təchizatına qanunsuz qoşulma halı onların fəaliyyəti dövründə deyil, onlardan əvvəl həmin sahədə fəaliyyət göstərən digər obyektlər tərəfindən həyata keçirilmişdir. Market hazırda həmin sahədə icarə əsasında fəaliyyət göstərir və icarədar su təchizatı müqaviləsinin bağlanması ilə bağlı öhdəlik daşımır, bu öhdəlik icarə müqaviləsinə əsasən mülkiyyətçiyə məxsusdur. Ona verilən suala cavab olaraq bildirdi ki, su təchizatı müqaviləsinin bağlanması üçün mülkiyyətçiyə dəfələrlə müraciət edilmiş, lakin müraciətlər yalnız şifahi formada edilmiş, rəsmi yazılı müraciət ünvanlanmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri öyrənib, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələrinin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 1 saylı Bakı Regional Bölməsinin əməkdaşları – Zaur Ələkbərov, Elman Vəliyev və Məmmədhüseynov Hüseynovun iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 000332 nömrəli Aktdan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Cökəli 185 ünvanında yerləşən Bolmart market müqavilə bağlamadan və su sayğacı quraşdırılmadan d=20 mm xətt vasitəsilə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Eyni zamanda baxış zamanı video çəkilişdən istifadə edilmiş və videofayl Akta əlavə edilmişdir. Binəqədi rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş Arayışdan görünür ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Cökəli 185 ünvanında yerləşən Bolmart market 20 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq sudan istifadə olunması nəticəsində hesablanmış maddi ziyanın məbləği 4104 manat təşkil edir. “Su təchizatı və tullantı suları haqqında” qanunun: 1-ci maddəsinə əsasən istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir. 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 67-ci maddəsinin birinci hissəsinə görə bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın: 3.1-ci maddəsinə görə su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 8.7-ci maddəsinə görə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanun su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmanı qadağan edərək, buna görə inzibati məsuliyyət nəzərdə tutsa da, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Cökəli 185 ünvanında fəaliyyət göstərən “Bolmart” market 20 mm boru vasitəsilə su təchizatına qanunsuz qoşularaq suyun talanması nəticəsində az miqdarda ziyan vurmaqla hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl törətmişdir. Dəymiş maddi ziyanın dəyəri 4104 manat təşkil edir. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin mövqeyinə münasibətdə qeyd edir ki, istehlakçı anlayışı yuxarıda adıçəkilən Qanunun 1-ci maddəsinə əsasən sudan faktiki istifadə edən şəxs kimi müəyyən olunduğundan, hazırda su təchizatından istifadə edən market hüquqi baxımdan istehlakçı statusuna malikdir və buna görə də su təchizatı münasibətlərinin rəsmiləşdirilməsi, o cümlədən suyun alqı-satqısı müqaviləsinin bağlanması öhdəliyi həmin qanunun 5.3-cü maddəsinə uyğun olaraq məhz istehlakçının üzərinə düşür. Hüquqi şəxsin nümayəndəsinin verdiyi izahatda öhdəliyin guya mülkiyyətçiyə aid olması yalnız formal xarakter daşıyır, çünki bu barədə istinad edilən icarə müqaviləsi məhkəməyə təqdim edilməmiş və iddia sübut olunmamışdır. Habelə izahatda göstərilən “bizdən əvvəl qanunsuz qoşulmuşdular” arqumenti də məsuliyyəti istisna etmir, çünki qanunsuz qoşulma barədə 262.3-cü maddənin tətbiqində hüquqi əhəmiyyət kəsb edən meyar qoşulmanın kimin tərəfindən ilkin olaraq həyata keçirilməsi deyil, həmin andakı faktiki qanunsuz su istifadəsidir. Hazırkı məqamda sudan qanunsuz şəkildə istifadə edən subyekt market olduğundan, maddi hüququn tələblərinə görə məsuliyyət də istehlakçı statusu daşıyan həmin hüquqi şəxsin üzərinə düşür. Hüquqi şəxs tərəfindən mülkiyyətçiyə şifahi müraciətlərin edilməsi isə nə müqavilə öhdəliyini icra edir, nə də qanunsuz istifadənin hüquqi nəticələrini aradan qaldırır. Bu səbəblərdən nümayəndənin izahatı məhkəmə tərəfindən sübutsuz və məsuliyyəti istisna etməyən arqument kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə görə bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Məhkəmə sözügedən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini və qanunda göstərilmiş digər halları (inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar) nəzərə alır. Məhkəmə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar