Məhkəmə qərarları › İş №3(001)-8285/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8285/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8285/2025 28.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Şikayət vermiş X1 iştirakı ilə Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər X4 İdarəsi tərəfindən 27 oktyabr 2025-ci il tarixli, İXP7551086 nömrəli “inzibati xəta haqqında protokol” əsasında qəbul edilmiş 31 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra “İXM”) 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Qərar onunlan əsaslandırılmışdır ki, X2 27 oktyabr 2025-ci il tarixdə, saat 14:00-da idarə etdiyi “BYD” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusla Biləcəri yolunda əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. Ə.F.Murad həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ə.F.Murad 27 oktyabr 2025-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi avtobusla Biləcəri qəsəbəsi, avtovağzal ərazisində avtobus zolağı ilə hərəkətdə olarkən “Chevrolet” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtobusun arxa hissəsinə çırpılmışdır. Hadisə yerinə gələn YPX əməkdaşı faktiki vəziyyəti araşdırmadan, avtobusda olan video-müşahidə görüntülərinə baxmadan əsassız olaraq onun barəsində protokol tərtib etmiş, həmin protokol əsasında qəbul edilmiş qərarla o, baş vermiş hadisə üzrə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Halbuki, o, heç bir qayda pozuntusu etməmiş, arxadan gələn “Chevrolet” markalı avtomobil ara məsafəsini gözləmədiyindən qəza baş vermişdir. Ə.F.Murad avtobusun kameraları vasitəsilə qeydə alınmış görüntüləri məhkəməyə təqdim edərək, şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə, şikayətə baxılması ilə əlaqədar keçiriləcək iclasın vaxtı və yeri barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər X4 İdarəsinə lazımi qaydada bildiriş göndərməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmədə iştirak etməmişdir. Məhkəmə şikayətə Bakı şəhər X4 İdarəsinin nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. X2 şikayət ərizəsində barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın tarixini xx.xx.2025-ci il kimi (yol-nəqliyyat hadisəsinin baş vermə tarixi) qeyd etsə də, iş materiallarında olan sənədlərdən məlum olur ki, sözügedən qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə bu halı texniki səhv kimi qəbul edərək, işə baxılmasına maneə olan hal kimi qiymətləndirməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, habelə qanunvericiliyin aşağıda sadalanan müddəalarını rəhbər tutaraq, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İXM-nin 327.1-ci maddəsi üzrə məsuliyyət yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsi görə yaranır. Hazırki halda təqdim olunmuş videogörüntülərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, X2 idarə etdiyi avtobusla məlum qəzadan öncə hərəkət yolunda dayanmış başqa bir nəqliyyat vasitəsini ötmək üçün manevr etmiş, qəza da məhz bu an baş vermişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. İşin faktiki halları ilə müəyyən olunur ki, qəzada iştirak edən “Chevrolet” markalı, **- LE-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağı ilə hərəkətdə olmuş, Ə.F.Murad qarşısında olan maneəni ötmək üçün təhlükəli manevr etmiş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermiş, bununla da düzgün olaraq Ə.F.Murad barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, əsassız olduğundan şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53.2, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhər X4 İdarəsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə dair X1 şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətində onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar