Məhkəmə qərarları › İş №3(001)-829/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-829/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-829/2022 14.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X2, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağsu rayonu, Dilman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Dilman kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş 13.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X3 izahat verərək bildirmişdir ki, 13.03.2022-ci il tarixdə, 02:20-də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin qarşısında polisin iş rejimini pozaraq, polisin ünvanına küçə söyüşləri söyməyə başlamışdır. Bölmədə onun xx.xx.1988-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilərək izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. 13.03.2022-ci il tarixdə polis olduqlarını əvvəl bilmədiyi şəxslər onun evinə gələrək onun evdə olmadığı müddətdə Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 126.1-ci maddəsi ilə axtarışda olan qaynı X1 orda olmasını söyləyərək evində axtarış aparmışlar. O da ilk növbədə bu barədə DİN-ə 102 xidmətinə zəng vurub məlumat verdikdən sonra 6-cı polis bölməsinə getmiş, baş verənlər barəsində şikayətçi olmaq istəmişdir. Bölmədə öz narazılığını bildirmişdir, belə ki, evində axtarış aparan şəxslərin polis əməkdaşları olduğunu bilmədiyi üçün söyüş söymüşdür. Bundan sonra onun əllərini qandallayaraq onu döyməyə başlamışlar. Daha sonra onu nəzarət məntəqəsinə salmışlar. Ona yetirilən zərbələr nəticəsində dişi sınmış, burnu qanamış, bədənində ağrılar və əziklər olmuşdur. O, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, sadəcə evində axtarış aparan şəxslərin kim olduğunu müəyyənləşdirməyə çalışmışdır. Qeyd olunanları nəzərə alaraq barəsindən olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13.03.2022-ci il tarixli, AZA 000814 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13.03.2022-ci il tarixdə inzibati qaydada tutulmuşdur. 13.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13.03.2022-ci il tarixdə polis əməkdaşlarını söymüş, iş fəaliyyətini pozaraq qanuni tələblərinə əməl etməyərək İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, eləcə də müdafiəçinin çıxışını dinləyib, Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X3 tərəfindən tərtib olunmuş 13.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, eyni zamanda o, məhkəmə iclas zalından azad edilməlidir. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən daxil olmuş 13.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə zalından həbsdən azad edilsin. Şəxs göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar