Məhkəmə qərarları › İş №3(001)-8299/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8299/2025

12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8299/2025 12.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, ailəli, ali təhsilli, Azərbaycan Respublikası Mədənəiyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsində musiqi müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası DİN-in Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2 izahat verərək bildirmişdir ki, Şəxs saxlanılmasında iştirak etməmiş, həmçinin izahatını da o almamışdır. İzahat həmin gün növbədə olan digər sahə rəisi tərəfindən almışdır. Belə ki, 11 noyabr 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 6-cı polis bölməsinə dəvət edilmiş, buna səbəb sonuncunun narkotik vasitələrin istiadəsində şübhəli bilinməsi olmuşdur. Bölməyə gətirildikdən sonra Şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmiş, narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmasa da, kannabinoidlərdən istifadə etmə halları olması müəyyən edilmişdir. Odur ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, ümumiyyətlə izahat verməmiş və imza etməkdən də imtina etmişdir. Onu dünən axşam gecə radələrində təxminən saat 23:00-da avtomobilinin qabağını kəsərək saxlamışlar və onu saxlayan şəxslər 3 nəfər olmuşlar. Sonra ona yaxınlaşaraq polis əməkdaşları olmasını bildirən həmin şəxslər onun üstünü axtarmış, lakin heç nə aşkar etməmişlər. Daha sonra o Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə gətirilmiş, bölmədə yenidən üzərini axtarsalar da, yenə heç nə tapa bilməmişlər. Səhərə qədər onu bölmədə saxlayıb, növbəti gün isə analizə gətirmişlər. Təxminən 6-7 ay bundan əvvəl bir dəfə narkotik vasitədən istifadə etmiş, ondan sonra isə narkotik vasitədən istifadə etməmişdir. Onu saxlayan zaman qardaşı barədə sual vermişlər, o isə qardaşının harada olduğunu bilmədiyini demişdir. Hesab edir ki, qardaşına görə saxlanılmışdır. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs özü müəllim işləyir. Qardaşı ilə bağlı isə təxminən 3-4 il bundan əvvəl cinayət işi olmuşdur. Həmin cinayət işində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qardaşı bəraət almışdır. Şəxs bildirdiklərinə əsasən qardaşına görə saxlanılmışdır. Faktiki olaraq Şəxs üzərində narkotik vasitə aşkar edilməmişdir. Odur ki, inzibati xəta haqqında protokol qərəzli olaraq tərtib edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 7054 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. O, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında izahatı alınmış barəsində inzibati qaydada icraat aparılan şəxs təxmin 6-7 ay əvvəl narkotik vasitədən istifadə etdiyini, daha sonra bir daha istifadə etmədiyini bildirmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7054 nömrəli rəyində Şəxs kannabinoidlərdən istifadə etmə hallarının olması, lakin müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması qeyd olunmuşdur. Göründüyü kimi, iş materiallarına əlavə edilmiş və iş üzrə yekun nəticəyə gəlmək üçün həlledici sübut növlərindən biri hesab edilən ekspert rəyində mücərrəd formada Şəxs narkotik vasitədən istifadə etmə hallarının olması göstərilsə də, onun ən son təxmini hansı tarixdə və ya rəyin verilməsindən neçə gün əvvəl narkotik vasitədən istifadə etməsi göstərilməmiş və hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmaması qeyd olunmuşdur ki, bu hal özü verilmiş ekspert rəyinin yekun nəticəyə gəlmək üçün yetərli olmamasına dəlalət edir. Nəzərə alınsa ki, hazırda Şəxs hazırda narkomaniya xəstəliyin heç bir əlaməti aşkar edilmir, onun istifadə etmə halının isə şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün qanunla nəzərdə tutulmuş 04 aylıq müddətdən neçə gün və ya ay əvvəl istifadə etməsini müəyyən etmək mümkün deyil, belə halda şəxsin AR İXM-nin 206-cı maddəsi ilə narkotik vasitələrin, psixotrop maddələrin istehlakına görə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs AR İXM-nin 206-cı maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar