Məhkəmə qərarları › İş №3(001)-840/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-840/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-840/2021 28.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X3, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonu, Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Şahsevən kəndində kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 56 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X4 izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə ekipaj yoldaşı yol patrul xidməti baş inspektoru, polis kapitanı X1 ilə xidmətdə olarkən Bakı Sumqayıt yolu ərazisində «Ford Escape» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili təhlükəli sürdüyünü görərək idarə etdikləri avtomobillə onun arxası ilə getmişlər. Həmin zaman adı sonradan məlum olan Şəxs avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulmaqla avtoxuliqanlıq etməsi müəyyən etmişlər. Bir qədər sonra Şəxs idarə etdiyi avtomobil saxlanılmış və sonuncuya etdiyi qayda pozuntusu izah edilməklə avtomobilin duracağa yerləşdirilməli olması bildirmişlər. O, Şəxs yolda avtomobili təhlükəli idarə etməsi ilə bağlı olan çəkilişi göstərmiş, lakin sonuncu onlarla razılaşmayıb avtoxuliqanlıq etmədiyini, sadəcə olaraq bir-iki dəfə manevr etdiyini bildirmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək onun idarə etdiyi avtomobil duracağa yerləşdirilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi «Ford Escape» markalı, **-OT-*** dövlət qeydiyyat nömrəli avtomobillə Bakı-Sumqayıt yolu ilə hərəkət edən zaman Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona avtoxuliqanlıq etməsini deyərək sənədləri tələb etmiş və o, etiraz etmədən polis əməkdaşlarına sənədləri vermiş, lakin avtoxuliqanlıq etmədiyini bildirmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və idarə etdiyi avtomobil duracağa yerləşdirilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin zaman avtoxuliqanlıq etməmiş, tələsdiyi və qarşısındakı avtomobillər yol üçün nəzərdə tutulmuş surət həddindən də aşağı surətdə hərəkət etdiyindən həmin avtomobilləri ötmək məqsədi ilə bir-iki dəfə manevr etmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi DYPŞ-nin Yol patrul xidməti baş inspektoru, polis kapitanı X1 bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə ekipaj yoldaşı yol patrul xidməti inspektoru, polis serjantı X4 ilə xidmətdə olarkən Bakı Sumqayıt yolu ərazisində «Ford Escape» markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili təhlükəli sürdüyünü görərək idarə etdikləri avtomobillə onun arxası ilə getmişlər. Həmin zaman adı sonradan məlum olan Şəxs avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə təhlükəli üsullarla davamlı olaraq pozmaqla avtoxuliqanlıq etməsini müəyyən etmişlər. Bir qədər sonra Şəxs idarə etdiyi avtomobil saxlanılmış və sonuncuya etdiyi qayda pozuntusu izah edilməklə avtomobilin duracağa yerləşdirilməli olması bildirmişlər. O, Şəxs yolda avtomobili təhlükəli idarə etməsi ilə bağlı olan çəkilişi göstərmiş, lakin sonuncu onlarla razılaşmayıb avtoxuliqanlıq etmədiyini, sadəcə olaraq bir-iki dəfə manevr etdiyini bildirmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək onun idarə etdiyi avtomobil duracağa yerləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə Şəxs nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verərək avtoxuliqanlıq etmişdir. Nəticədə, Şəxs tərəfindən İXM-in 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş CD diskdən görünür ki, «KİA» markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı-Sumqayıt yolu ilə üzü Binəqədi rayon ərazisində hərəkətdə olarkən qarşısına çıxan avtomobilləri sağdan və soldan ötməklə müxtəlif manevrlər edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və məhkəmədə toplanmış sübutları hər tərəfli əhatəli şəkildə araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından və məhkəmədə toplanmış sübutlardan isə Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verilməsi halı müəyyən edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Şəxs tərəfindən müxtəlif manevrlər edilərək bir neçə avtomobilin həmin manevrlər nəticəsində ötülməsi onun avtoxuliqanlıq etməsinə dəlalət etmir. Çünki qanunverici İXM-in 511.1-ci maddəsində sadalanan hərəkətlərin birini və ya bir neçəsini deyil, həmin hərəkətlərin bütövlükdə edilməsini avtoxuliqanlıq kimi müəyyən etmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində İXM-in 511.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 511.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar