Məhkəmə qərarları › İş №3(001)-841/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-841/2025

07.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-841/2025 07.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi (BDYPİ) tərəfindən qəbul edilmiş 08 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə müraciət edərək, BDYPİ tərəfindən barəsində tərtib edilmiş 08 sentyabr 2024-cü il tarixli, İXP ******* nömrəli “inzibati xəta haqqında” protokol əsasında qəbul edilmiş həmin tarixli, TP ******* nömrəli “inzibati tənben vermə haqqında” qərarın ləğv edilməsini, həmin qərar əsasında təyin edilmiş cərimə və dəbbə pulunun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında S.N.Göyüşov şikayəti müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, 08 sentyabr 2024-cü il tarixdə idarə etdiyi avtomobillə Mətbuat prospekti ilə üzü Parlament prospekti istiqamətində gedərkən dairəvi yoldan sonra ard-arda qoyulmuş svetoforun birincisinin yaşıl işığından keçmiş, həmin vaxt sürəti təxminən 40-50 km./saat olmuş, ikinci svetoforda sarı işıq yanmış, o, avtomobilini dayandırarsa, yolun ortasında qalacağını və yolun digər iştirakçılarına maneçili törədəcəyini, habelə qəfil tormozlamanın daha böyük fəsadlara yol aça biləcəyini düşünərək, gəldiyi sürətlə həmin svetoforu da keçmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 4-cü hissəsi buna imkan verir. Lakin, həmin vaxt yol polisi əməkdaşı onu saxlayaraq, svetorofun qırmızı işığından keçməsi iddiası ilə barəsində sözügedən protokolu tərtib etmişdir. O, “ASANPAY” portalı vasitəsilə protokoldan bir neçə dəfə şikayət verib, hadisə anının kamera görüntülərini tələb etsə də, nə şikayətlərinə cavab verilməmiş, nə də ona heç bir sübut təqdim edilməmişdir. Buna görə də o, hazırki şikayətlə məhkəməyə müraciət etmişdir. Sonda S.N.Göyüşov məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqana məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq qeyd edilməlidir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla yanaşı qeyd edilməlidir ki, şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İş materiallarından görünür ki, X1 barəsində 08 sentyabr 2024-cü il tarixdə İXM-nin 327.2-ci (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmiş və həmin protokol əsasında həmin tarixdə TP ******* nömrəli qərar qəbul edilərək, S.Göyüşova 100 manat cərimə və 3 cərimə balı təyin edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən S.Göyüşova ünvanlanmış 17 yanvar 2025-ci il tarixli məktubda göstərilmişdir ki, “Barənizdə tərtib edilmiş inzibati xəta haqqında protokol və qəbul edilmiş qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət etmədiyinizdən yol hərəkəti qaydasını pozmağınıza dair patrul avtomobilində və həmin ərazidə quraşdırılmış “Təhlükəsiz-Şəhər” kameralarında qeydə alınmış görüntüləri yaddaş diskində arxivləşmə müddəti bitdiyi üçün əldə etmək mümkün olmamışdır”. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, X2 barəsində qəbul edilmiş 08 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan 16 sentyabr 2024-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə “ASANPAY” informasiya sistemi üzərindən şikayət vermiş və Daxili İşlər Nazirliyi tərəfindən S.Göyüşova 17 sentyabr 2024-cü il tarixdə göndərilmiş SMS-də həmin şikayətin qeydə alındığı bildirilmişdir. Hazırki halda qərarından şikayət verilmiş inzibati orqan tərəfindən məhkəməyə S.Göyüşovun təqsirli olmasına dair hər hansı sübut təqdim edilmədiyindən, habelə, iş materialları ilə onun İXM-nin 327.2-ci maddəsində göstərilən inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar