Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-842/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, 04 avqust 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağlar massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və həmin tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və onlar əsasında toplanmış material daxil olmuşdur. Tərtib edilmiş MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 10 dekabr 2024-cü il tarixdə Binəqədi qəsəbəsi, tum sexinin yanında vətəndaş X6 məxsus motosikletin akkumlyatorunu oğurlayaraq, zərərçəkmiş şəxsə 100 manat maddi ziyan vurmuşdur. MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 16 dekabr 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən nömrəsiz evdən X1 məxsus qaz sayğacını oğlurlamaqla, zərərçəkmiş şəxsə 80 manat ziyan vurmuşdur. Məhkəmə iclasında protokolları tərtib etmiş X7 bildirdi ki, 10 dekabr 2024-cü il tarixdə X8 DİN-in 102 xidmətinə zəng edərək, Binəqədi qəsəbəsində yerləşən tum sexinin yanından ona məxsus motosikletin akkumlyatorunun oğurlandığını bildirmişdir. Bundan başqa, 16 dekabr 2024-cü il tarixdə X2 ərizə ilə Binəqədi RPİ-nin 43-cü PB-yə müraciət edərək, 14 dekabr 2024-cü il tarixdə yaşadığı evdə olmadığı vaxt naməlum şəxs tərəfindən evin qaz sayğacının oğurlandığını bildirmişdir. 08 fevral 2025-ci il tarixdə, saat 18 radələrində 43-cü PB-nin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Binəqədi qəsəbəsi, mədən 3, korpus 125 ünvanında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmış, özlərini təqdim edərək, həmin şəxsdən kim olmasını, yaşayış ünvanını, üzərində şəxsiyyətini təsdiq edən sənədin olub-olmadığını soruşmuş, suallara şübhəli cavablar verdiyindən və üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından, Polis Bölməsinə dəvət olunmuşdur. Bölmədə şəxsiyyəti müəyyənləşdirilərkən, Şəxs 10 dekabr 2024-cü il tarixdə Binəqədi qəsəbəsində yerləşən tum sexinin yanında dayanmış motosikletin akkumlyatorunu və bundan təxminən 4 gün sonra tanımadığı şəxsin evinə aid qaz sayğacını oğurladığını bildirmişdir. İzahatı üzrə araşdırma aparılmış, zərərçəkmiş şəxslər müəyyənləşdirilmiş və hazırki protokollar tərtib edilmişdir. Sonda R.A.Vəlizadə zərərçəkmiş şəxslərə zərərin ödənilmədiyini nəzərə alaraq, məhkəmədən Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs törətmiş olduğu, protokollarda göstərilən əməlləri səmimi etiraf edərək, pula ehtiyacı olduğundan oğurluq etdiyini bildirib, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar: - Şəxs polisə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Binəqədi qəsəbəsinə gələrək tum sexinin yanında yolun kənarında markasını bilmədiyim motosiklet gördüm, axşam saatları olduğu üçün motosikletin akkumlyatorunu oğurladım. Bir neçə gün sonra isə Binəqədi qəsəbəsində olan zaman təxmini xx.xx.2024-cü il tarixdə ünvanı bilmədiyim yerdə axşam saatlarında qaz sayğacını oğurlamışdım. - 08 fevral 2025-ci il tarixli “inzibati qaydada tutma haqqında protokol”dan görünür ki, Şəxs 08 fevral 2025-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, Şəxs həmin inzibati xətanı törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmiş və törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 227-ci maddəsində göstərilən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətaların xarakterini, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı ödəməməsini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 08 fevral 2025-ci il tarixdə saat 19:00-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 08 fevral 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-842/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-842/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver