Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8432/2025 08.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon 6-cı Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan (fotoqraf), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 592-1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 592-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2 bildirmişdir ki, 22 oktyabr 2025-ci il tarixdə ölkə başçısının Quba rayonuna getməsi ilə bağlı xidmətdə olarkən Biləcəri qəsəbəsi, 1 May massivində yeni tikili binanın üzərində dron aparatının uçması ilə bağlı məlumat daxil olmuşdur. Həmin vaxt təhlükəsizliyin təmin olunması üçün birmənalı şəkildə yolverilməz olmuşdur. Ona görə də, post patrul xidmətinin əməkdaşları vasitəsilə həmin dron uçuş aparatının kimə məxsus olmasını müəyyən edib, vətəndaşı bölməyə dəvət etmişlər. Bölmədə sorğu-sual zamanı Şəxs yeni tikilmiş yaşayış kompleksini reklam etmək üçün videoçəkiliş apardığını bildirmişdir. Bu səbəbdən də, Şəxs Bəxiyar oğlu barəsində tərəfimdən protokol tərtib edilmişdir. Həmin hal 22 oktyabrda aşkar edilmiş və 13 noyabrda protokol tərtib edilmişdir. Vətəndaşın mobl telefonu və istifadə etdiyi dron uçuş aparatı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yoxlanılması üçün götürülmüş və araşdırma aparılmışdır.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahat verərək, Milli Futbol Komandasının fotoqrafı işlədiyini və həmin dron uçuş aparatı ilə milli komandanın məşqlərini çəkdiyini, “Dron” uçuş aparatını Fransadan alıb gətirdiyini, aparatın 500 metr hündürlüyə qədər qalxa bildiyini, hava limanı ətrafında isə 100 metr hündürlüyə qədər qalxdığını, “Dron” uçuş aparatını istifadə etmək üçün icazə almadığını və şəhadətnaməsinin olmadığını, törətdiyi inzibati xətadan peşman olduğunu qeyd edib, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
4. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki uçuş aparatını əldə etməklə İXM-in 592-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
5. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, mülki pilotsuz uçuş aparatları (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla) “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” 2003-cü il 23 dekabr tarixli 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşya hesab edilir. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyanın dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”na uyğun olaraq verilir. Şəxs tərəfindən xüsusi icazənin alınması ilə bağlı cari tarixə qədər Dövlət Mülki Aviasiya Agentliyinə müraciət daxil olmamışdır. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması
6. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-in 592-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır.
7. “Aviasiya haqqında” 22 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 1.1.60-cı maddəsinə əsasən pilotsuz uçuş aparatı bortunda pilot olmadan avtonom rejimdə uçan və ya məsafədən idarə edilən istənilən hava gəmisi başa düşülür. Eyni qanunun 1.1.64-cü maddəsinə görə pilotsuz uçuş aparatının qeydiyyatı sertifikatı dedikdə pilotsuz uçuş aparatının dövlət qeydiyyatına alınması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd başa düşülür. Qanun 1.1.65-ci maddəsi ilə pilotsuz uçuş aparatı sistemləri əməliyyatının iştirakçısına anlayış verilərək bildirilir ki, operator, pilotsuz uçuş aparatı müşahidəçisi, eləcə də pilotsuz uçuş aparatı sistemləri istismarçısı tərəfindən təlimatlandırılmış və pilotsuz uçuş aparatı sistemləri əməliyyatının həyata keçirilməsində iştirak edən fiziki şəxs əməliyyatın iştirakçısıdır.
8. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsi tərəfindən tərəfindən Şəxs aşkar edilərək götürülmüş aparat mülki pilotsuz uçuş aparatları siyahısına daxildir ki, bu da “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” 2003-cü il 23 dekabr tarixli 565 nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış əşya hesab edilir. Həmçinin müəyyən edilmişdir ki, Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyanın dövriyyəsinə xüsusi icazə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları”na uyğun olaraq verilir və Şəxs tərəfindən xüsusi icazənin alınması ilə bağlı Dövlət Mülki Aviasiya Agentliyinə heç bir müraciət daxil olmamışdır. Belə olan halda aydın olur ki, Şəxs əməlində İXM-in 592-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri mövcuddur.
9. Məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
10. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını İXM-nin 31.1.1-ci madədəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar da müəyyən edilməmişdir.
12. İXM-in 592-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki pilotsuz uçuş aparatlarının (uşaqların istifadəsi üçün nəzərdə tutulmuş oyuncaq pilotsuz uçuş aparatları istisna olmaqla) əldə edilməsi və ya satılmasına görə mülki pilotsuz uçuş aparatları müsadirə edilməklə yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
13. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
14. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
15. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
16. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
17. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
18. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
19. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
20. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 592-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati xətanın bilavasitə obyekti olmuş alət müsadirə edilməklə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir.
21. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 32, 48-50, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. İş üzrə maddi sübut olan pilotsuz uçuş aparatı olan 1 (bir) ədəd “DJVİATA 2 MARKAL” dronu Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin hesabına müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aytəkin İbrahimova