Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8439/2025 04.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X11 Novruz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X1, Şikayət verən X2 müdafiəçisi – Vəkil iştirakları ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X5 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi və həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə "Menloqq” MMC-nin direktoru olaraq İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Belə ki, sözügedən inzibati tənbeh haqqında qərar qəbul edilsə də, ona təqdim edilməmiş, həmin qərarın məzmunu ilə tanış olmamışdır. Qərar barədə yalnız "Sima” proqramı vasitəsilə məlumat əldə etmişdir. Qərar təqdim edilmədiyindən, bununla bağlı müvafiq orqana müraciət etdikdə, qərarın poçtla göndərildiyi bildirilsə də, bu günə qədər təqdim olunmamışdır. Bu səbəbdən, həmin qərarda guya işçinin əmək qanunvericiliyinin tələblərini pozmaqla işdən çıxarılması faktına əsaslanılmışdır. Qeyd edilən qərarın tərtibi zamanı işçilərin şikayət ərizələrində göstərilən faktlar təsdiqini tapmasa da, həmin faktlara əsaslanaraq, şikayət olmadığı halda əsassız olaraq barəmdə qərar qəbul edilmişdir. Bu qərar Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş bir aylıq müddət gözlənilmədən əmək müqaviləsinə xitam verilməsinə əsaslanmışdır. Əvvəla qeyd edir ki, həmin işçilərin işdən çıxarılması ilə bağlı öz ərizələri olmuş və bundan sonra işə gəlməkdən imtina etmişlər. Sonradan dəfələrlə şirkətə müraciət edərək əmək müqaviləsinə xitam verilməsini tələb etmiş və sonda şirkətə müvafiq gün göstərməklə işdən çıxarılmalarını xahiş etmişlər. İşəgötürən də bu ərizələri nəzərə alaraq işçiləri işdən çıxarmışdır (həmin ərizələr əlavə olunur). Əmək müqaviləsinə xitam - İşçinin iradəsinə əsaslanmışdır. Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi üçün bir aylıq xəbərdarlıq müddəti tələb olunur, lakin bu müddət işçinin öz ərizəsi ilə işdən çıxması halında tətbiq edilmir. Digər tərəfdən, qərar qəbul edilərkən iddia edilən pozuntular sübut edilməmiş, inzibati orqanın iddia etdiyi kimi, təqdim etdikləri işçilərin ərizələrinin nəzərə alınmamasının səbəbləri göstərilməmişdir. Qərar qəbul edilərkən rəsmi təqdim etdiyi vəsatətə məhəl qoyulmamış, nəzərə alınmamışdır. Belə ki, inzibati orqan tərəfindən iddia edilən pozuntu üzrə müəyyən edilmiş müddət artıq keçmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırkı xəta siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalara aid olduğundan, bu xətalar üzrə qərar da üç ay müddətində verilməlidir. Məhkəmə iclasında şikayət verən X2 müdafiəçisi – Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd edir ki, onlar tərəfindən təqdim edilmiş ərizələrdən açıq-aydın görünür ki, işçilər əmək müqavilələrinə nə vaxt xitam verilməsini xahiş ediblərsə həmin tarixlərdə də əmək müqavilələrinə xitam verilmişdir. İkinci məsələ, onlar tərəfindən işçilərə verilmiş son haqq-hesab yenidən hesablanmış və müəyyən edilmişdir ki, cəmi bir işçiyə təxmini 2 manat fərqlə daha az son haqq-hesab ödənilmişdir. Bu məsuliyyətin yaranması üçün əsas olmamalıdır. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 şikayətə etiraz edərək bildirdi ki, X9 Xidmətinə hansı sənədlər təqdim edilmişdirsə həmin sənədlər əsasında da inzibati araşdırılma aparılmış, mövcud qanun pozuntuları aşkar edilmişdir. Başa düşülən hal deyildir ki, şirkətin vəzifəli şəxsi tərəfindən nə üçün müəffətişliyə işdən çıxma tarixi göstərilməyən ərizələr, lakin məhkəməyə işdən çıxarılma tarixi göstərilən ərizələr təqdim edilir. Bunun məntiqi izahı verilmir. İkincisi, işçilərdən biri xx.xx.2025-ci il tarixdə işdən çıxarılmasına baxmayaraq xx.xx.2025-ci il tarixdə son haqq-hesabı köçürülmüşdür. Həmçinin onların hesablamalarına əsasən son haqq-hesab duzgün hesablanmamışdır. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə nümayəndəni və vəkili dinləyib, şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, şikayət verən X5 tərəfindən təqdim edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, vətəndaş X7, X8 və X10 ilə "xxxx" MMC-nin işəgötürəni arasında xx.xx.2022, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində bağlanılmış əmək müqavilələrinə müvafiq olaraq xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində AR Əmək Məcəlləsinin 69.5ci maddəsinin tələbləri pozularaq xəbərdarlıq müddəti gözlənilmədən həmin Məcəllənin 67-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə xitam verilmişdir. Həmçinin Məcəllənin tələbləri pozularaq C.Qurbanova son haqq-hesab düzgün hesablanıb ödənilməmişdir. Göstərilənlərə əsasən X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş, 1800 manat məbləğində inzibati cərimə edilmişdir. X8 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, “ Məni xx.xx.2025-ci il tarixindən tutduğum vəzifədən azad etməyinizi xahiş edirəm” X7 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, “ Məni xx.xx.2025-ci il tarixindən tutduğum vəzifədən azad etməyinizi xahiş edirəm” X10 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış ərizədən görünür ki, “ Məni xx.xx.2025ci il tarixindən tutduğum vəzifədən azad etməyinizi xahiş edirəm” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən təqdim edilmiş: Qurbanov Cahil tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, “ Məni____________________tarixindən tutduğum vəzifədən azad etməyinizi xahiş edirəm” "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, MMC-də işləyən X8 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilməsi, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 11.05 məzuniyyət gününün son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Abdullayev Amid tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, “ Məni____________________tarixindən tutduğum vəzifədən azad etməyinizi xahiş edirəm” "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli əmrin surətindən görünür ki, MMC-nin qaraj bölməsində avtobus sürücüsü vəzifəsində işləyən X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilməsi, işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 60.41 məzuniyyət gününün son haqqhesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. Bank hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən X3 59 manat məbləğində əmək haqqı xx.xx.2025-ci il tarixdə köçürülmüşdür. "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli N/025 nömrəli məktubdan görünür ki, X7 xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi əsasında "xxxx" MMC-də sürücü vəzifəsində işə qəbul edilmişdir. İşə qəbul edilərkən əmək müqaviləsində əmək haqqı 300 manat, 2024-cü ildə 345 manat, xx.xx.2025 ci il tarixindən isə 400 manat müəyyən edilmişdir. X7 xx.xx.2025-ci il tarixdə MMC-yə müraciət edərək, öz ərizəsi ilə işdən çıxarılmasını xahiş etmişdir. MMC tərəfindən ƏM-in 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq bir ay müddəti bitməmiş xx.xx.2025-ci il tarixdə ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilmişdir. A.A.Abdullayev tərəfindən ərizəsində qeyd edilən əmək haqqının düzgün ödənilməməsi, həmçinin son haqq-hesabın ödənilməməsini iddia etsə də, bu dəlil tam əssasızdır. Belə ki, işçi işə çıxdığı gündən əmək müqaviləsinin 4.1.6-cı maddəsinin tələbinə uvğun sərbəst qrafik üzrə əmək fəaliyyətinə cəlb edilmiş və işlədiyi müddətdə işə faktiki çıxdığı günlərə görə ona əmək haqqı hesablanmışdır. Bununla bağlı son 12 ay üzrə ödəməni təsdiq edən bank hesabından çıxarış və əmək haqqı cədvəlləri hazırkı məktuba əlavə edilir. Bildirilir ki, A.Abdullayevə "xxxx" MMC nin işçisi olduğu müddət ərzində, yəni xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək istifadə etmədiyi 60,41 məzuniyyət gününə görə kompensasiya ödənilmişdir. Orta aylıq əmək haqqının və son haqq-hesabın hesablanması cədvəli də məktuba əlavə olunur. "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli N/028 nömrəli məktubdan görünür ki, X8 xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi əsasında "xxxx" MMC-də sürücü vəzifəsində işə qəbul edilmişdir, işə qəbul edilərkən əmək müqaviləsində əmək haqqı 345 manat, xx.xx.2025-ci il tarixindən isə 400 manat müəyyən edilmişdir. X8 xx.xx.2025-ci il tarixdə MMC-yə müraciət edərək, öz ərizəsi ilə işdən çıxarılmasını xahiş etmişdir. MMC tərəfindən ƏM-in 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq bir ay müddəti bitməmiş xx.xx.2025-ci il tarixdə ərizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilmişdir. C.H.Qurbanov tərəfindən ərizəsində qeyd edilən qalıq pulun, həmçinin son haqq-hesabın ödənilməməsini iddia etsə də bu dəlil tam əssasızdır. Belə ki, işçi işə çıxdığı gündən əmək müqaviləsinin 4.1.6-cı maddəsinin tələbinə uyğun Troast qrafik üzrə əmək fəaliyyətinə cəlb edilmiş və işlədiyi müddətdə işə faktiki çıxdığı günlərə ona əmək haqqı hesablanmışdır. Bununla bağlı işlədiyi dövrdə əmək haqlarının ödənilməsini təsdiq edən bank hesabından çıxarış və davamiyyət cədvəli (iş qrafiki) hazırkı məktuba əlavə edilir. Bildirilir ki, X4 "xxxx" MMC-nin işçisi olduğu müddət ərzində, yəni xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək istifadə etmədiyi 11,05 məzuniyyət gününə görə kompensasiya ödənilmişdir. Orta aylıq əmək haqqının və son haqq-hesabın hesablanması cədvəli də məktuba əlavə olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəflər tərəfindən təqdim olunmuş sübutları sistemli şəkildə araşdıraraq onları iki qrupa ayırır: 1-ci X9 Xidmətinə təqdim edilmiş ərizələr, 2-ci məhkəmə icraatında X5 tərəfindən təqdim edilmiş sonrakı ərizələr. Birinci qrupa daxil olan ərizələrdə işçilərin əmək münasibətlərinin hansı tarixdən dayandırılmasını istədikləri barədə heç bir qeyd yoxdur. Halbuki Əmək Məcəlləsinin 69.1, 69.2 və xüsusilə 69.5-ci maddələri əmək müqaviləsinin işçinin təşəbbüsü ilə xitam verilməsi üçün işçinin iradə bəyanının tarix baxımından aydın, dəqiq və birmənalı olmasını tələb edir. Məhz xitam tarixi göstərilmədikdə, xəbərdarlıq müddəti başlamır, bu müddət ərzində ərizənin geri götürülməsi hüququ qalır və işəgötürənin həmin maddə ilə əmək müqaviləsinə xitam verməsi hüquqi cəhətdən mümkün olmur. Beləliklə, müfəttişliyə təqdim edilmiş tarixsiz ərizələr işçinin iradəsini müəyyən etmədiyindən, əmək müqaviləsinin 69-cu maddə əsasında xitamına hüquqi əsas yaratmır. İkinci qrupa daxil olan və yalnız məhkəmə icraatında təqdim olunan ərizələrdə isə işçilərin konkret tarixdən işdən çıxmalarını xahiş etdikləri iddia edilir. Lakin eyni işçilərə dair iki tam fərqli məzmunlu sənədin mövcudluğu, sənədlərin inzibati orqana və məhkəməyə ardıcıl olmayan şəkildə təqdim edilməsi və ən əsası, müfəttişliyə yalnız tarixsiz ərizələrin verilməsi, X5 tərəfindən əmək münasibətlərinə xitam verildikdən sonra işçilərlə təmas yaradılaraq yeni, razılaşdırılmış məzmunlu ərizələrin alınması ehtimalını kəskin şəkildə gücləndirir. Bu ehtimal yalnız subyektiv mülahizə deyil, sənədlərin tarix ardıcıllığı, məzmun fərqlərinin kəskinliyi və işəgötürənin bu uyğunsuzluğa dair heç bir məntiqli, hüquqi və sübutlarla təsdiqlənən izahat təqdim etməməsi ilə obyektiv şəkildə dəstəklənir. Əgər işçilər doğrudan da konkret tarixdən işdən çıxmaq barədə ərizə vermiş olsaydılar, bu ərizələrin ən birinci və mütləq qaydada təqdim edilməli olduğu orqan — məhz X9 Xidməti olmalı idi. Tarixsiz ərizələrin müfəttişliyə təqdim edilməsi, tarixli ərizələrin isə yalnız məhkəmə mərhələsində meydana çıxması işəgötürənin mövqeyini hüquqi və məntiqi baxımdan tamamilə etibarsız edir. Məhkəmə belə nəticəyə gəlir ki, təqdim edilmiş sübutlar işçilərin əmək münasibətlərinə xitam verilməsini öz təşəbbüsləri və sərbəst iradələri ilə deyil, işəgötürənin təşəbbüsü ilə həyata keçirildiyini göstərir və bu halda da Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bu isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin dispozisiyasına tam uyğun olaraq, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi halını təşkil edir. Buna görə məhkəmə X9 Xidməti tərəfindən pozuntu faktının müəyyən edilməsini və inzibati tənbeh tətbiq edilməsini tam əsaslı, sübutlarla təsdiqlənmiş və qanunun tələblərinə uyğun hesab edir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 83.4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 140.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 140.2-ci maddəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə müəyyən edir ki, işçilərin son haqq-hesabının aparılmasında Əmək Məcəlləsinin 83.4-cü maddəsinin tələbi pozulmuşdur. Qanun açıq şəkildə tələb edir ki, bütün ödənişlər sonuncu iş günü verilməlidir, lakin materiallardan görünür ki, X7 xx.xx.2025-ci il tarixində işdən azad edildiyi halda son haqq-hesab yalnız xx.xx.2025-ci il tarixində həyata keçirilmişdir. Bu faktın özü hüquqi pozuntunu təsdiqləyir. Həmçinin işəgötürənin nümayəndəsi hesablamalarda “cəmi 2 manat fərq” olduğunu bildirərək bunu “texniki səhv” kimi təqdim etmişdir ki, bu da hesablama səhvinin mövcudluğunu dolayısı ilə özü tərəfindən etiraf edilməsi deməkdir. Əmək Məcəlləsinin 140-cı maddələri isə məzuniyyət və digər ödənişlərin dəqiqliklə hesablanmasını tələb edir və səhvin məbləği məsuliyyətin yaranmasına təsir etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, əmək və məzuniyyət haqlarının düzgün və tam ödənilməməsi ilə bağlı X9 tərəfindən pozuntunun müəyyən edilməsi və inzibati tənbeh tətbiqi tam əsaslı və qanunauyğundur. Son olaraq şikayət verən şikayətində qeyd etmişdir ki, inzibati xətanın törədilməsindən 3 ay keçdiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilməzdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə şikayət verənin inzibati məsuliyyət üçün müddətin keçməsi barədə iradını araşdıraraq müəyyən edir ki, bu mövqe də qanunvericiliyə uyğun deyildir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ümumi qayda olaraq inzibati tənbehin 4 ay müddətində verilməsini nəzərdə tutsa da, həmin maddənin davamında göstərilir ki, əmək qanunvericiliyinin, o cümlədən əmək hüquqlarının və əməyin mühafizəsi qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən inzibati xəta məhz əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı olduğundan, bu kateqoriya üçün xüsusi müddət — 1 il tətbiq edilir və 4 aylıq ümumi müddətin burada hüquqi qüvvəsi yoxdur. Materiallardan görünür ki, əmək qanunvericiliyinin pozulmasına dair mübahisəli əməl 2025-ci ildə baş vermiş və inzibati tənbeh də eyni təqvim ili çərçivəsində tətbiq edilmişdir. Bu isə müddətin keçməsi iddiasını tamamilə əsassız edir. Başqa sözlə, inzibati orqan qanunla nəzərdə tutulmuş bir illik müddət çərçivəsində qərar qəbul etdiyindən, inzibati məsuliyyətə cəlb etmənin vaxtı qanun pozuntusu təşkil etmir. Buna görə məhkəmə hesab edir ki, şikayət verənin müddətin keçməsi barədə iradı hüquqi əsasdan məhrumdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-8439/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8439/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver