Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-845/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin sahə rəisi, polis mayoru X3 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Vəzirli X2 RPİ-nin 4-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət edərək, "Bolt" şirkətinə məxsus avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olması, xx.xx.2025-ci il tarixdə təxminən saat 17:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində müştəri qismində iki nəfər şəxslərin onun idarə etdiyi avtomobilə mindikləri, 1.5 km yol getdikdən sonra avtomobildən düşdükləri, avtomobildən düşdükləri vaxt həmin sərnişinlərdən birinin yol haqqı olaraq ödəyəcəyi 4 manat əvəzinə 100 manatlıq əskinas verdiyi, həmin şəxsə 96 manat qalıq qaytardığı, sonradan pulu verən şəxsin dələduzluq edib üzərində "Etibarsızdır" sözləri yazılmış 100 mantlıq əskinas verməsinin məlum olması, həmin şəxsləri götürdüyü ünvana qayıtdığı, ünvanda olan bir nəfər qadının pulu verən şəxsin qardaşı olmasını dediyi, üzərində "Etibarsızdır" sözləri yazılmış 100 mantlıq əskinası verən şəxsin Şəxs olmasının məlum olması, nəticədə 100 manat maddi ziyan dəyməsi barədə məlumat verərək, bu barədə qanuni tədbir görülməsini və Şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Müraciət üzrə toplanmış material cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nin 227-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması müəyyən edildiyi üçün qərar aidiyyəti üzrə göndərilmişdir. Buna görə də, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan başqa Şəxs polis bölməsinə dəvət edildikdən sonra ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmiş və sonuncudan götürülmüş sidik nümunəsində MOP (+), MET (+), TML (+), MTD (+), THC (+) aşkar olunmuşdur. Buna görə də Şəxs barəsində həmçinin İXM-nin 206-cı maddəsi ilə də inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan maddələrin sanksiyasında inzibati həbs nəzərdə tutulduğundan toplanmış material inzibati tənbeh məsələsinin həll edilməsindən ötrü məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, istinad edilən əməllərin törədilməsində özünü təqsirli bilir. Belə ki, o narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Zərərçəkmiş şəxs "Etibarsızdır" sözləri yazılmış 100 mantlıq əskinas vermiş və qalıq olaraq 96 manat pul almışdır. Həmin hərəkəti edən zaman narkotik vasitənin təsiri altında olmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs ilə barışmamış və ona vurulmuş ziyan ödənilməmişdir. Şəxs şikayətçidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Lakin əməldə İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:11-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 xx.xx.2025-ci il tarixli, 705 nömrəli rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MOP (+), MET (+), TML (+), MTD (+), THC (+) aşkar olunmuşdur. Müayinə zamanı Şəxs narkomaniya xəstəliyi aşkar olunmuşdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206 və 227-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, Şəxs İXM-in 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətalarıı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs səmimi ifadə verərək törətdiyi əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində İXM-in 34.3-cü maddəsinə uyğun olaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə tətbiq ediləcək inzibati həbs növündə tənbeh tədbirinin müddətinə münasibətdə qeyd edir ki, İXM-nin 227-ci maddəsinin sanksiyasında üç ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara əsasən Şəxs barəsində 2 (iki) ay müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunacağı qənaətinə gəlir. Göstərilənlərə yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 12:11-də inzibati qaydada tutulmuşdur. Odur ki, tətbiq edilmiş inzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 12:11-dən hesablanmalıdır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2025-ci il tarixli, 705 nömrəli rəyini nəzərə alaraq Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-in 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; İXM-in 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-in 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs onun barəsində tətbiq edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 37, 40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 2 (iki) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 12:11-dən hesablansın. Qərarın inzibati həbs hissəsi dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-845/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-845/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver