Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8491/2025 17.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Nəbiyev Samir Cəmşid oğlunun katibliyi, Şikayət vermiş vəzifəli şəxsin nümayəndəsi (vəkil) X4, Qərarından şikayət verilmiş inzibati qurumun nümayəndəsi X5 iştirakı ilə X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərarına əsasən, X6 vəzifəli şəxs olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinərək, 1500 manat cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə X8 və daha 49 şəxs arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması aşkar edilmişdir. MMC-nin direktoru olaraq X6 həmin qərardan şikayət verərək, qərarın ləğv olunmasını xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, Z.R.Məmmədov inzibati xəta hadisəsi üzrə araşdırma aparılarkən, qərar qəbul edilərkən məlumatlandırılmamış, nə şəxsən ona, nə də şirkətə hər hansı məktub daxil olmamışdır. Digər tərəfdən, adları qeyd olunan 50 nəfər işçi ilə şirkət arasında sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilələr 31 iyul 2025-ci il, 02 avqust 2025-ci il, 12 avqust 2025-ci il və 15 avqust 2025-ci il tarixli müqavilələrdir ki, inzibati orqan tərəfindən sözügedən qərar 13 avqust 2025-ci il tarixdə qəbul edilmişdir. Qərar qəbul edilərkən artıq müqavilələrin mütləq əksəriyyəti bağlandığı halda, Z.R.Məmmədov qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi X9 şikayətdə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, "xxxx" MMC böyük şirkət olduğundan, mütəmadi olaraq yeni işçilər işə qəbul edir. İşçilərlə Şirkət arasında bağlanmış əmək müqavilələri sığorta şirkətinə göndərilir və təxmini 2-3 gün ərzində sığorta müqavilələri elektron sistemə daxil edilir. Yəni, əmək müqavilələri bağlandığı tarixdə sığorta müqaviləsinin qüvvədə olmaması "xxxx" MMC-nin təqsiri ucbatından baş vermir. Şirkət ictimai iaşə sahəsində faəliyyət göstərən çoxsaylı kafe və restoranları idarə edir ki, əmək müqaviləsi bağladıqları işçilərin icbari sığorta müqavilələrinin qüvvəyə minməsini gözləmələri işlərinin təşkilində böyük çətinliklər yaradar. Eyni zamanda hazırda mübahisələndirilən qərarda icbari sığorta olunmadıqları qeyd olunan 50 işçinin böyük əksəriyyətinin qərar qəbul edildiyi tarixdə icbari sığortası qüvvədə olmuş, yalnız 12 nəfər sığortasız olmuşdur. Sonda G.A.Səfərova məhkəmədən göstərilənləri nəzərə alaraq, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş “Qala Həyat“ Sığorta Şirkətinin nümayəndəsi X3 izahatında göstərdi ki, nümayəndəsi olduğu “Qala Həyat“ Sığorta Şirkəti ilə "xxxx" MMC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortra müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə sığorta olunan işçilərin dairəsi isə həmin müqaviləyə əlavə edilmiş və tərəflərin təsdiq etdikləri qoşmalarda müəyyən edilir. Mövcud qaydalara əsasən sığortalı ("xxxx" MMC) sığorta olunanların siyahısı, yaşı, vəzifəsi, kateqoriyası, peşə riskinin dərəcəsi və bir illik əmək haqqı fondu barədə məlumatları onlara təqdim edir, onlar isə müvafiq məlumatları aldıqdan sonra müqavilənin qoşmasını hazırlayaraq, təsdiq edilməsi üçün sığortalıya təqdim edirlər. Müqavilənin qoşması təsdiq edildiyi gün saat 24:00-da qüvvəyə minir. Bütün bu proses təxminən 2-3 gün ərzində yekunlaşır. Verilmiş suallara cavab olaraq X3 müqavilə və ya onun qoşması qüvvəyə mindiyi anadək işçilərin sığorta olunmuş hesab edilmədiklərini və istehsalatda hər hans bədbəxt hadisə baş verərsə sığorta ödənişinin həyata keçirilməyəcəyini bildirdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş inzibati qurumun nümayəndəsi X10 işçinin 3 gün belə olsa, sığorta olunmadan işləməsinin yolverilməz olduğunu, habelə, İXMnin 469-1-ci maddəsi üzrə inzibati xətanın aşkar edilməsinin dövlət informasiya sistemlərinin məlumatları ilə həyata keçirildiyini bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətdə göstərilənləri nəzərdən keçirib, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, əsassız olduğundan şikayət təmin edilməməlidir. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1.1-ci maddəsinə əsasən, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar; - 4.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar; - 7.2.1-ci maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq sığortalının vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissənin tələbinə görə işəötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 81-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. - 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalardan göründüyü kimi qanunvericilik əmək müqaviləsi bağladığı hər bir işçi ilə bağlı icbari sığorta müqaviləsi bağlamağı, işçinin sığortalanması barədə müvafiq məlumatları əmək müqaviləsində göstərməyi işəgötürənin birbaşa vəzifəsi kimi və məcburi şərt olaraq müəyyən etmişdir. Lakin, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsinin məhkəmədəki çıxışlarından məlum olur ki, "xxxx" MMC mütəmadi olaraq qanunvericiliyin tələblərini pozaraq, əmək müqaviləsi bağladığı işçiləri icbari sığorta müqavilələri qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmişdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri üzrə icbari sığorta müqaviləsi işçilərin peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü zamanı onların özlərini və ailələrini maddi təminatla təmin etməklə yanaşı, işəgötürənlər üçün qanuni məsuliyyətdən azad olmaq və iş yerində təhlükəsizliyi təşviq etmək baxımından əhəmiyyətlidir, çünki bu, sığorta hadisəsi baş verdikdə maliyyə ödənişlərini təmin edir. Hazırki halda həm şikayət vermiş şəxsin nümayəndəsinin, həm də məhkəmə iclasına dəvət edilmiş “Qala Həyat“ Sığorta Şirkətinin nümayəndəsi X1 izahatlarından məlum olur ki, "xxxx" MMC tərəfindən işçilərin icbari sığorta müqavilələri qüvvəyə minmədən işə cəlb edilməsi faktiki olaraq həmin işçiləri yuxarıda qeyd olunan təminatlardan məhrum etmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanunverici sözügedən Qanunla sığorta hadisələri nəticəsində sağlamlığına zərər dəyən işçilərin müdafiəsi, sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılması, sığorta hadisələrinin nəticələrinin aradan qaldırılması kimi ictimai mənafelərin təmin edilməsi məqsədini güdür. Belə olan halda şikayət vermiş şəxsin nümayəndəsinin əmək müqaviləsi bağladıqları işçilərin icbari sığorta müqavilələrinin qüvvəyə minmədən işə cəlb edilməsini kommersiya maraqlarına cavab verməməsi və iş ahənglərinin pozulmasına səbəb olması ilə əlaqələndirməsi cəmiyyətin ümumi maraqları baxımından əsaslı hesab edilə və hazırda mübahisələndirilən inzibati təhbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Şikayətin inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakının təmin edilməməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, şikayət bu hissədə də əsaslı deyildir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin sözügedən qərarın qəbul edildiyi vaxt qüvvədə olan 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-8491/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8491/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver