Məhkəmə qərarları › İş №3(001)-85/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-85/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-85/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında Məhkəmə iclasında X3 şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda gedən hərbi döyüş əməliyyatlarında polis zabiti kimi iştirak etmiş, 2-ci qrup müddətsiz əlildir. 2014-cü ilin sentyabr ayından sağ gözü, 2020-ci ilin yanvar ayından isə sol gözü görmə qabiliyyətini itirmiş və əmək qabiliyyətsizdir. Birinci Qarabağ döyüşlərinin iştirakçısı və 2-ci qrup əlili olduğuna görə ölkə başçısı cənab Ali Baş komandan tərəfindən ona xx.xx.2011-ci il tarixdə “SLAVUTA” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. 2022-ci il noyabr ayının əvvəllərində Sumqayıt şəhər Baş Polis İdarəsinin İdarəsinin Yol patrul xidmətinin əməkdaşları ona verilən “SLAVUTA” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini saxlayaraq ödənilməmiş inzibati cərimələrinin olmasını əsas gətirib müvəqqəti duracağa yerləşdirmiş, inzibati cərimənin ödənildiyi təqdirdə oradan çıxarılacağını bildirmiş, lakin inzibati xətanın törədildiyi yer, vaxt və tərtib olunmuş protokol haqqında heç bir məlumat verməmişlər. xx.xx.2022-ci il tarixdə internet portalında “SMSRADAR.AZ" mobil tətbiqi vasitəsi ilə qeydiyyatdan keçərək ona məxsus olan “SLAVUTA” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə görə barəsində tərtib olunmuş elektron protokollarla tanış olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, ona məxsus olan “SLAVUTA” markalı **- KG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə görə barəsində elektron protokollar tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin X6 şöbəsinə özü müraciət edərək barəsində qəbul edilmiş EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı əldə etmişdir. Onun gözləri görmədiyi üçün o, mülkiyyətində olan “SLAVUTA” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmiş, həmin avtomobili etibarnamə əsasında qohumu X1 idarə edərək, onu lazım olan yerlərə aparmışdır. O, qeyd edilən avtomobili idarə etmədiyi üçün onun barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır. Ona görə də, məhkəmədən barəsində xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən xx.xx.2021ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2021ci il tarixdə saat 00:30-da Pirşağı-Novxanı yolunda “Neftbaza” sanatoriyasının yaxınlığında “ZAZ 110307 SLAVUTA MİNİK” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmaqla İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 manat məbləğində cərimə edilmişdir. 041395 nömrəli vəsiqədən görünür ki, X3 müddətsiz 2-ci qrup gözdən əlildir. Kəpəz Hospitaldan verilmiş xx.xx.2022-ci il tarixli ambulator müayinə kartından görünür ki, X2 2014-cü ilin sentyabr ayından sağ gözü, 2020-ci ilin yanvar ayından isə sol gözü görmür. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi X2 2020-ci ilin yanvar ayından hər iki gözündə görmə qabiliyyəti yoxdur. Bu halda X2 xx.xx.2021-ci il tarixdə avtomobil idarə edərək yol-hərəkəti qaydalarını pozması mümkün deyildir. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar