Məhkəmə qərarları › İş №3(001)-850/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-850/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-850/2023 17.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Rəhimova Aynurə Şirzad qızının katibliyi, Bakı Şəhəri Reklam İdarəsinin Hüquq şöbəsinin baş hüquqşünası X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1 maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 428.7.1 maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan 28 ünvanda xx.xx.2023-cü il saat 15:17 tarixində “101 AVTO” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Nəticədə Şəxs barəsində İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli icilasında iştirak etmiş Bakı Şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, o Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan 28 ünvanında yerləşən xx.xx.2023-cü il saat 15:17 tarixində “101 AVTO” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmişdir. Buna görə də, barəsində protokol tərtib olunmuşdur, Şəxs müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcbur olan göstəriş verilmiş lakin Şəxs sözügedən pozuntunu aradan qaldırmamışdır. Göstərilənlərə əsasən qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair akt tərtib edildiyi zaman reklam yayıcısının (nümayəndəsinin, obyektin məsul şəxsinin) iştirak etməməsinin və iştirakının təmin edilməməsinin, həmçinin obyektdə həmin zaman olan şəxslərə hər hansı bir məlumat verilməməsinin səbəblərini izah edə bilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli icilasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında bildirmişdir ki, barəsində tərtib olunmuş protokol qanunsuz və əsassızdır. Onun barəsində hər hansı protokolun tərtib edildiyindən məhkəmə iclasına qədər xəbəri olmamış, həmçinin uzun müddət ərzində heç kim tərəfindən ona Bakı Şəhəri Reklam İdarəsinə borcu olduğu barədə hər hansı bir məlumat verilməmişdir. Yalnız məhkəmə tərəfindən onun yaşadığı Yasamal rayonundakı evə məktub gəldikdə bu barədə məlumatı olmuşdur. Bununla yanaşı sözügedən obyekti xx.xx.2021-ci il tarixdən X2 notarial qaydada təsdiq edilmiş müqavilə əsasında icarəyə vermişdir və hal-hazırda həmin obyektdə sahibkarlıq fəaliyyətini özü həyata keçirmir. Həmçinin Bakı Şəhər Reklam İdarəsi tərəfindən ona göndərilmiş göstərişin çatmasını təsdiq edən sənəd üzərində alıcı kimi qeyd olunmuş Zakir Zeynalov adlı şəxsi tanımadığını, ümumiyyətlə özünün Yasamal rayonu ərazisində yaşadığını, obyekti icarəyə verdikdən sonra həmin obyektdə olmadığnı, ordakı işlərin aparılmasına da qarışmadığını, sadəcə aylıq icarə haqqını aldığını bildirmişdir. Ona verilmiş suallara cavab olaraq əvəllər həmin obyektdə sahibkarlıq fəaliyyətinin özünün göstərdiyini, həmin vaxtı da reklam yerləşdirilməsi üçün rüsum köçürərək icazə aldığını, obyekti icarəyə verdikdən sonra isə reklam üçün icazənin alınıb alınmamasını bilmədiyini bildirmiş, icarə müqaviləsinin sürətini məhkəməyə təqdim edərək məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli icilasında şahid qismində dindirilmiş X4 izahatında ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsini xx.xx.2021-ci il tarixli notarial icarə müqaviləsi əsasında Şəxs Xanlar oğlundan icarəyə götürdüyünü, həmin tarixdən də qeyd edilən obyekti özünün işlətdiyini, Şəxs həmin tarixdən sonra obyektdə olmadığını, Bakı Reklam İdarəsi tərəfindən həmin obyektə hər hansı bildirişin və ya məktubun göndərilmədiyini, kənardan şəkil çəkərək protokol tərtib edildiyini, həmin protokoldan da məhkəmədən Şəxs ünvanına bildiriş göndərildikdən sonra Hafiz tərəfindən məlumatlandırıldığını, qeyd edilən ünvana bildiriş göndərilmiş olsaydı nöqsanları aradan qaldıracağını, onun reklam üçün rüsum ödənilməli olmasından məlumatı olmadığı üçün rüsum ödəmədiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq isə, həmin obyektdə tək özünün çalışdığını, başqa heç kimin olmadığını, özü olmayanda isə orda bir xadimənin olduğunu, obyektə göndərildiyi qeyd edilən məktubu alan şəxs kimi qeyd edilmiş Zakir Zeynalov adlı şəxsi tanımadığını bildirmişdir. Məhkəmə icilasında iştirak etmiş Bakı Şəhəri Reklam İdarəsinin Hüquq şöbəsinin baş hüquqşünası X6 izahatında həmin protokolun tərtib edilməsində özünün şəxsən iştirak etmədiyini, qeyd edilən obyektdə açıq məkanda reklam yerləşdirilməsi üçün Şəxs tərəfindən 2020-ci ilin yanvar ayından 12 aylıq müddətə rüsumlar ödənilərək icazə alındığını, müddət bitdikdən sonra isə icazə alınmadığını, həmin obyektdə faktiki olaraq kimin fəaliyyət göstərdiyini dəqiq bilmədiklərini, protokolu tərtib etmiş əməkdaşın hazırda başqa ərazidə olduğu üçün məhkəməyə gələ bilmədiyini, tərtib edilmiş protokol əsasında Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinlyərək belə nəticəyə gəlir ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Binəqədi rayonu, Cəfər Xəndan ünvanında yerləşən “101 Avto” (VÖEN:**********) adlı obyektin üzərində müvafiq icazə olmadan yayınlanmış 01 ədəd 2,44 m2 reklam aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə elektron portalından çıxarışdan görünür ki, Şəxs (VÖEN:**********) vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli notyaria qaydada təsdiq edilmiş icarə müqaviləsindən görünür ki, Şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan 28 ünvanında yerləşən 295.2 kv/m olan qeyri-yaşayış sahəsi X2 icarəyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Reklam haqqında” Azərbaycan Respublikası qanununun 26.1-ci maddəsinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin qanuna görə reklam fəaliyyəti - reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının hərəkətlərinin məcmusunu ehtiva edir. Həmçinin reklam yayıcısı – reklamı həmin qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxs kimi başa düşülür. “Reklam haqqında” Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinə əsasən reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 428.7.1 -ci maddəsi ilə olan inzibati protokol əsassız olaraq tərtib edilmiş, onun qeyd edilən əməlin törədilməsinə aidiyyəti olmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan 28 ünvanında yerləşən 295.2 kv/m olan qeyriyaşayış sahəsini notarial qaydada təsdiq edilmiş icarə müqaviləsinə əsasən X2 icarəyə vermiş, lakin protokol tərtib edən şəxs qeyd edilən halları araşdırmamış, həmin obyektə faktiki olaraq kimin fəaliyyət göstərdiyini, reklam yayıcısının kim olmasını müəyyən etməmişdir. Bundan baqşa xx.xx.2023-cü il tarixdə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair aktda Şəxs iştirak etmədiyi göstərilmiş, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda isə iştirak etməkdən imtina etməsi göstərilmiş, faktiki olaraq isə Şəxs qeyd edilən tarixlərdə obyektə olmadığı, həmin akt və protokolun tərtib olunmasında iştirak etmədiyi müəyyən edilmişdir. Məhkəmə icilasında X4 qeyd edilən obyekti faktiki olaraq özünün icarəyə götürərək işlətdiyini etiraf etmişdir. Belə olan halda da açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilməsinə görə inzibati xətanı da X4 törətmişdir. Belə ki, Şəxs tərəfindən həmin əmlak icarə əsasında X2 verildiyindən sözügedən obyektdə reklam yayıcı da Şamil Məmmədovdur. Çünki reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq əmlakdan gəlir götürmək Şamil Məmmədovun məqsədidir. Lakin protokol tərtib edən şəxs qeyd edilən halları araşdırmadan, inzibati xətanın kim tərəfindən törədilməsi müəyyən etmədən aidiyyatı olmayan şəxs barəsində protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, İXM-in 428.7.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı Şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə Şəxs aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı Şəhəri Reklam İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokolda nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar