Məhkəmə qərarları › İş №3(001)-853/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-853/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-853/2022 15.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ermənistan, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Goranboy rayonu, A.Ağcakənd qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, xxxxxxx FİN-ə malik olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 14.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X6 izahat verərək bildirmişdir ki, 14.03.2022-ci il tarixdə 4-cü PŞ-nin 1-ci avtopatrulu xidmətdə olarkən DSK yolunda “Yurd” marketin yaxınlığında 3 nəfər şəxsin qaranlıq küçədə dayandıqlarını görmüşlər və onlara yaxınlaşıb özlərini təqdim etməklərini bildirdikdə onlardan biri aqressiv şəkildə polisin tələblərinə tabe olmamışdır. Bundan sonra onu 4-cü Polis Şöbəsinə gətirmişlər. Bölmədə onun Şəxs olduğu müəyyən edilmişdir. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bu səbəbdən də İXM-in 535.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 14.03.2022-ci il tarixdə DSK yolunda polis əməkdaşları ona və yanında olan 2 nəfər şəxsə yaxınlaşaraq sənəd istəmişlər. Digər şəxslər təqdim etmiş, onun üzərində heç bir sənəd olmadığından ad soyadını onlara şifahi şəkildə bildirmişdir. Sonradan aralarında mübahisə yaranmış, üzərində kiçik ölçülü bıçaq olsa da onunla heç kəsə xəsarət yetirməmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından onun qollarına qandal vuraraq 4-cü PŞ-nə gətirmişdilər. Hazırda törətdiyi əməldən peşmandır və məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri X4 bildirmişdir ki, o, 14.03.2022-ci il tarixdə 4-cü PŞ-nin 1ci avtopatrulu xidmətdə olarkən DSK yolunda “Yurd” marketin yaxınlığında 3 nəfər şəxsin qaranlıq küçədə dayandıqlarını görmüşlər və onlara yaxınlaşıb özlərini təqdim edərək sənədlərini istədikdə onlardan biri aqressiv şəkildə polisin qanunlarına tabe olmamışdır. Onu 4-cü PŞ-nə dəvət etikləri zaman özünə xəsarətlər yetirməyə cəhd göstərmiş və cibindən bıçaq çıxardığını gördükdə ona fiziki qüvvə göstərib bıçağı əlindən almışlar. Qoluna qandal vuraraq 4-cü Polis Şöbəsinə gətirib təhvil vermişlər. Ona başqa xəsarətlər yetirilməmişdir, yalnız qandal vurmaq üçün fiziki qüvvə göstərilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri X1 Xəyyam Bilal oğlunun izahatına uyğun məzmunda izahat vermişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən peşman olmasının nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 14.03.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün 4-cü Polis Şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. 14.03.2022-ci il tarixli, AZA 014594 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14.03.2022-ci il tarixdə, saat 23:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 14.03.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.03.2022-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmamış, tabesizlik göstərmiş və İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin çıxışını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsüf edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs barəsində inzibati cərimə növündə tənbeh təyin edildiyindən sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə, işin həcmini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil müdafiəçi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə inzibati xəta törətmiş şəxsin hüquqlarının müdafiəsinə 5 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs göstərdiyi 5 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Şəxs göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 30 (otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar