Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8563/2025 18.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsinin polis sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsinin polis sahə inspektoru, polis kapitanı X2 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə gələrək avtomobilini qeydiyyata salmaq istəmiş, ona avtomobilin müayinədən keçirilməli olduğu bildirildikdə Şəxs BDYPİ-nin əməkdaşları ilə mübahisə edərək səs-küy salmağa başlamış, polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Bununla bağlı Şəxs Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gətirilmiş və raport yazılmışdır. Polis bölməsində Rafail Pənahovun izahatı alınmış, xırda xuliqanlıq etməsi öz təsdiqini tapmışdır. Bundan sonra Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında oğlu ilə birlikdə sonuncuya məxsus avtomobili adına rəsmiləşdirmək üçün BDYPİ-nin İmtahanqeydiyyat şöbəsinə getmişdir. Həmin avtomobil nasaz olduğu üçün evakuator vasitəsilə aparılmış, bununla bağlı arayış alınmışdır. Lakin həmin vaxt əsassız yerə avtomobili təkrar qeydiyyata alınmadığına görə BDYPİ-nin inzibati binasına gedib qəbula girmək istəmiş, lakin ona rəhbərliyin binada olmadığı bildirilmişdir. O, binadan çıxıb uzaqlaşmaq istəyərkən adını bilmədiyi rəhbər əməkdaşlardan bir nəfəri görüb yaxınlaşmaq istəmiş, lakin polis əməkdaşları ona zor tətbiq edərək nəzarət-buraxılış məntəqəsinə aparmışlar. Polis əməkdaşları onunla kobud danışıb təhqir etdikləri üçün o, etiraz etmiş, buna görə də polis bölməsinə aparılmışdır. O, heç bir polis əməkdaşını təhqir etməmiş, ictimai qaydanı pozmamışdır. Odur ki, məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid Baş X8 İdarəsinə bilavasitə tabe olan Komendant xidmətinin polis nəfəri, polis baş serjantı X3 izahat verərək bildirmişdir ki, 15.11.205-ci il tarixdə Şəxs oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin İmtahan-qeydiyyat şöbəsinə gələrək evakuatorla gətirdiyi avtomobili qeydiyyatdan keçirmək istədiyini bildirmişdir. Şəxs avtomobili evakuatordan düşürməli olduğu bildirildikdə sonuncu bundan imtina etmiş, avtomobilin evakuatordan düşürməkdən imtina etmiş, səs-küy salaraq onlarla mübahisə etməyə başlamışdır. Onlar Şəxs sakitləşdriməyə çalışsalar da onların ünvanına nalayiq ifadələr işlətmiş, şikayət etmək üçün BDYPİ-nin inzibati binasına getmişdir. O, digər əməkdaşlarla birlikdə baş vermiş hadisə ilə bağlı raport yazmışdır. Məhkəmə iclasında şahid Baş X8 İdarəsinə bilavasitə tabe olan Komendant xidmətinin polis nəfəri, polis serjantı X4 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə gələrək zorla idarəyə daxil olmaq istədiyini görüb qarşısını almışlar. Həmin vaxt Şəxs oğlu da yanında olmuşdur. Onlar Şəxs idarədən uzaqlaşdırmaq istəyərkən sonuncu səs-küy salaraq onların ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs ictimai asayişi pozaraq xırda xuliqanlıq etdiyinə görə polis bölməsinə aparılmışdır. Polis bölməsində hadisə ilə bağlı tərəflərindən raport yazılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportlardan görünür ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin həyətində ictimai yerdə söyüş söyərək, xırda xuliqanlıq etdiyinə görə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gətirilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin həyətində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, nəticədə barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərir izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Beləliklə, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi alınmış izahatlar və məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində icraat aparılan şəxsə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də onun təqsirinin dərəcəsini nəzərə alır. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, ona İXM-in 510-cu maddəsinin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-8563/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8563/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver