Məhkəmə qərarları › İş №3(001)-8578/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-8578/2025

19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-8578/2025 19.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, X8 Novruz oğlunun katibliyi, Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu Şəxs barəsində Binəqədi rayon icra şöbəsinin icra məmuru X7 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Binəqədi rayon icra şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1183/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 388.000 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 8.085 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 686 manat tutularaq iddiaçı X3 ödənilməlidir. Borcluya xəbərdarlıq edilməsinə baxmayaraq borcundan heç ödəniş etməmişdir ki, bu da tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Bununla yanaşı borclu dəfərlərlə çağırılmasına baxmayaraq icra şöbəsinə gəlməmiş, buna görə barəsində axtarış elan edilmişdir. Həmin qərarın icrası qaydasında saxlanılaraq şöbəyə gətirilmişdir. Borclu birdəfəyə ödəməməsinin səbəbini maddi imkanının olmaması, mülkiyyətində əmlakın olmamaması ilə əsaslandırır. Odur ki, borclu icra sənədini lazımı qaydada icra etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə tələbkar X5 bildirdi ki, özü sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Hazırda 3 fərqli banka xeyli miqdarda borcu vardır, bu borclarına görə evi də bankın xeyrinə yüklü etmişdir. Onun təcili pula ehtiyacı var, əgər banka ödənişlərini ödəyə bilməsə evi də əlindən çıxacaqdır. Borclu isə bunları bildiyi halda qəsdən borcunu ödəməkdən yayınır. Borclu ən azından ilkin ödəniş kimi 10.000 manat ödəsə idi, o da müəyyən işlərini həll edərdi. Lakin, borclunun çörək sexi, torpaq sahələri olmasına baxmayaraq qərəzli olaraq borcunu ödəmir. Göstərilənlərə əsasən borclu barəsində ciddi tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, o, borclunun hər ay 1000 manat olmaqla icra sənədini hissə-hissə icra etməsinə qətiyyən razı deyil. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, borcundan yayınmır, sadəcə olaraq maddi imkanı borcunu birdəfəlik ödəməyə yetərli deyil. O, hazırki maddi vəziyyətinə uyğun olaraq hər ay 1000 manat məbləğində ödəniş edə bilər. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, tələbkarın və barəsində inzibati icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olduğundan o, inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1183/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 388.000 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 8.085 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 686 manat tutularaq iddiaçı X3 ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1183/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1183/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarılması barədə qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Elektron İcra Sistemindən çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak, əmək haqqı, pensiya və digər sosial ödəniş aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 12-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Beləliklə məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 1183/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 396.771 manat məbləğində ödəniş edilməli olmasına baxmayaraq borclu hazırki vaxta qədər heç bir ödəniş etməmişdir. Borclu hissə-hissə icranı təklif etsə də, tələbkar hissə-hissə icranı qəbul etmir və tələbkarın hissə-hissə icradan imtina etməsi qanuna zidd deyil. Nəzərə alınmalıdır ki, borclu bu günə qədər heç bir ödəniş etməmiş, icra sənədinin tələblərinə əməl etməməkdə davam etmişdir ki, bu da onun öhdəlikdən yayınmaq və prosesi süni şəkildə uzatmaq niyyətini açıq şəkildə göstərir. Bu şəraitdə borclunun ayda 1000 manat ödəmə təklifi məhkəmə qərarının səmərəli və vaxtında icrasını mümkünsüz edir və tələbin illərlə uzanmasına gətirib çıxarır, bu isə icra icraatının mahiyyətinə və tələbkarın hüquqlarının müdafiəsi məqsədinə ziddir. Ona görə də məhkəmə hesab edir ki, borclunun barəsində təsir tədbirləri görülməlidir. Çünki, icra sənədinin icra olunmaması tələbkarın qanunla qorunan mənafelərinin, pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzadır və onun inzibati məsuliyyətə cəlb edilməsini zəruri və hüquqi cəhətdən əsaslı edir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən səxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarın əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığı nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 19 noyabr 2025-ci il tarixdən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar